Rusiya Xarici İşlər Nazirliyi Estoniyanı “açıq müharibəyə səbəb olmaq həddində” olan düşmənçilik hərəkətlərində ittiham edib. Bəyanat Tallinin Rusiya ilə avtomobil sərhəd-keçid məntəqələrini bağlamaq qərarından sonra verilib.
Tacxeber.com “Reuters”ə istinadən xəbər verir ki, noyabrın 23-də Estoniyanın Moskvadakı müvəqqəti işlər vəkili Rusiya XİN-ə çağırılaraq ona rəsmi etiraz bildirilib.
Estoniya dekabrın 1-dən Rusiya ilə avtomobil sərhəd-keçidlərini azı altı aylıq bağlamağı planlaşdırır. Tallinn qərarını təhlükəsizliklə əsaslandırır və Rusiya xüsusi xidmətlərini Estoniya müdafiə sənayesi müəssisəsinə qarşı yandırma cəhdi təşkil etməkdə ittiham edir.
Moskva isə sərhədin bağlanmasına etiraz edərək Estoniyanın siyasətini təhlükəli və təxribatçı adlandırıb. Rusiya daha əvvəl bu qərarı yeni “Dəmir pərdə” qurmaq cəhdi kimi qiymətləndirmişdi.
NATO və Avropa İttifaqının üzvü olan Estoniya altı aydan sonra sərhəd məhdudiyyətinin uzadılıb-uzadılmayacağına qərar verəcək.
