Rauf Arifoğlu ilə heç bir münasibətim olmayıb. Bircə dəfə mətbuat klubunda üz-üzə gəlmişik və bizi hazırda PA-da işləyən həmyerlim, indi salaməmı belə almayan iqtisadçı Vüsal Qasımlı tanış edib.
Rauf Arifoğlunu vətəndaş mövqeyindən çıxış edərək, tənqid etdiyim də olub, müdafiə etdiyim də.
Fəaliyyətini ümumən obyektiv qiymətləndirməyə çalışmışam. Bir vaxtlar hamı tökülüb “Yeni Müsavat” qəzeti oxuyanda, Arifoğlunun hər gün yazdığı müəllif yazılarını gözünə təpəndə mən ona tənqidi yanaşırdım. Hesab edirdim ki, pafosdan və populizmdən çox istifadə edir.
Onun türkçülüyünü və mömin müsəlman olaraq həccə getməsini də tənqid etmişəm. Şəxsən özünə yazmışam ki, axı İsa Qənbərin və sənin orada nə işiniz vardı? Cavab verməyib.
Prezident Aparatında Heydər Əliyevlə cəsarətli dialoqunu bəyənmiş və alqışlamışam.
İlham Əliyevdən hansısa medalı alanda hamı töküldü üstünə və elə indiki kimi linç elədilər. O zaman bu mənə toxundu və yazdım ki, sizə Raufun da Elmar kimi öldürülməsi lazım idi ki, sevinəsiniz və goruna and içəsiniz.
Amma Rauf kimi adamlar sağ qalsa yaxşıdır. Qoy bir az geri çəkilsinlər, radikal olmasınlar, amma olsunlar. Çünki belələri bütün situasiyalarda öz sözlərini eyhamlarla da olsa deməyi bacarırlar.
Fikrimdə yanılmamışam.
Dünən və bu gün onun fikirlərini oxuduqdan sonra uzun müddətdir yazdıqlarımın həqiqət olduğuna bir daha əmin oldum.
Rauf bəy yazır ki, Əli Kərimlinin həbsxanadakı durumu yaxşı deyil, arıqlayıb, zəifləyib və qocalıb, amma bununla belə bugünkü həbs onun xeyrinədir. Çünki onu elə bir vaxtda həbs etdilər ki, bu baş verməsəydi, siyasi karyerasının sonu gələcəkdi.
Durumunun yaxşı olmadığını qeyd etməklə Rauf Arifoğlu Əli Kərimlinin rahat, komfortlu həyata alışdığına eyham vurur. Haqlıdır. Çünki Əli Kərimli tələbə auditoriyasından yüksək vəzifəyə tullanmış, 25 yaşında dövlət katibi olmuş şəxsdir. Buna qədər çox qısa müddət “Azadlıq” qəzetində işləyib.
Vəzifədən düşdükdən sonra da əvəəlcə deputat, sonra AXCP sədri olub, həmişə xidməti maşında gəzib, sürücü saxlayıb, şəhərin mərkəzində yaşayıb və bizim kimi dolanışıq problemi də olmayıb.
Pulu da daim haralardansa gəlib… İşi-gücü ancaq orda-burda danışmaq olub və bunun müqabilində onu mükafatlandırıblar.
Hansısa dairələrə arxalanaraq cəbhəni dağıdıb, insanları pərən-pərən edib, ancaq özü həmişə zirvədə qalıb. AXCP cırtdan və oyuncaq bir partiyaya çevrilsə də, o, “ana müxalifət lideri” olub. İndi də əlaltıları onu “milli lider” adlandırırlar.
Həbsin Əli Kərimlinin xeyrinə olduğunu xüsusi vurğulayan Rauf Arifoğlu demək istəyir ki, bu həbs təsadüfi deyil. Yəni Əlini həbs edənlər onun siyasi sonunun gəlməsinin qarşısını alıblar. Bunu təsadüfənmi ediblər? Əsla yox! Belə tasadüf olmur.
Rauf Arifoğlu demək istəyir ki, məni satqınlıqda, hakimiyyətə satılmaqda, ona işləməkdə ittiham edənlər, hakimiyyətə işləyən mən yox, sizin Əli Kərimlinizdir. Gedin düşünün və araşdırın.
Mən mümkün güzəştli, konsensus variant olaraq hamının gözü qarşısında açıq əməkdaşlıq edirəm. Bundan çəkinmir, utanmır, yeri gələndə bir çox məsələləri etiraf edirəm. Düşünürəm ki, güclə hesablaşmaq, reallığı nəzərə almaq lazımdır.
Amma sizin Əli Kərimliniz üzdə özünü barışmaz müxalifət kimi göstərib, arxada tənqid etdiyi şəxslərlə əməkdaşlıq edir, maliyyə alır və s.
Ramiz Mehdiyev kimdir, kim olub? O elə bu hakimiyyətin özüdür də. Nə olsun indi nələrdəsə ittiham olunur. Bu iqtidarın siyasətini uzun illər o müəyyən edib də. Ramizlə əməkdaşlıq edən başqaları ilə niyə etməsin? Əlbəttə edib və indi də edir. Arifoğlu bunları demək istəyir.
Rauf Arifoğlunun Fuad Qəhrəmanlı haqqında yazdıqları da ağlabatandır. Deyir ki, liderini satmaq müqabilində Fransada siyasi sığınacaq aldı və indi oradan “qəhrəmancasına” Kərimliçilik edir.
Bəli, bunlar çox incə və dərin oyunlardır. Fikir vermisinizsə, mühacirətdəki blogerlərin çoxu bir-birini hakimiyyətlə əməkdaşlıqda ittiham edir. Bu məsələlər boş yerdən çıxmır. Zatən od olmayan yerdən tüstü çıxmaz və Arifoğlunun dediyi də həqiqətdir.
Sual oluna bilər ki, harasa işləyən birini elə həmin yerə işləyən başqası necə sata bilər? Məntiqlidir. Amma onlar bir-birindən xəbərsiz işləyirlər. Yəni guya xəbərsiz. Əslində hər şeyi bilirlər, sadəcə etiraf etmirlər. Edə də bilməzlər.
Rauf Arifoğlu illərin jurnalisti, baş redaktor, ölkənin ən nüfuzlu media qurumlarından birinin rəhbəridir. Kifayət qədər təcrübəli və informasiyalı şəxsdur. Nə dediyini də yaxşı bilir.
Amma bu camaat çox şeyi bilmir və dərk etmir. Daha doğrusu, sosial şəbəkələrdəki çoxminli trol ordusu buna imkan vermir. Sual olunur: bəs bu trollar haradan qidalanır? Bunların hesabını kim ödəyir? İş yox, güc yox, bunlar pulu haradan tapır, internetin haqqını nəylə ödəyirlər?
Fikir verdim, Rauf Arifoğlunun təhqir olunmasına yönəlik paylaşımlar, rəylər onu müdafiə edənlərdən min dəfələrlə çoxdur.
Amma məntiqlə əksi olmalıdır. Çünki hakimiyyətin tərəfindədir, onun resurslarından istifadə edir və buna görə müdafiəsi daha yaxşı təşkil olunmalıdır.
Lakin onun rəsmən linç edildiyi müşahidə olunur. Bunu xalqmı, sıradan kütləmi edir? Xeyr! Onlar hamısı öyrədilmiş və muzdlu adamlardır.
Kimin muzdurlarıdır, orasını özünüz fikirləşin…
