“Vəziyyəti ayıq beyinlə qiymətləndirmək üçün hələ gec deyil”.
Bu sözü kim deyib, bilirsinizmi? – Rusiyanın Xarici İşlər Nazirliyinin xumargözlü (“xumar” ərəbcə xümr sözündən əmələ gəlib kefli deməkdir) sözçüsü Mariya Zaxarova.
Bəs kimə deyib? Təəccüblənməyin, gündə 5 vaxt namaz qılan, Ramazan aylarında oruc tutan Türkiyə yetkililərinə.
Adətən paxmel vəziyyətdə olanda nə dediyini bilməyən Mariya xanımın gözünə Türkiyənin mövcud hökuməti niyə sərxoş kimi görünüb, bilirsinizmi?
Əvvəla, mümkündür ki, xumargözlü Mariya xanımın özü həmin vaxt paxmel vəziyyətdə olub. Gözləri axdığı üçün qarşısındakıları yelləncəkdə yellənirmiş kimi görüb.
İkincisi, ABŞ-ın hansısa saytında Türkiyənin əlindəki köhnə Amerikan silahlarını Ukraynaya göndərməyə hazırlaşdığını oxuyub. O da öz aləmində guya Türkiyədən hesab sormaq eşqinə düşüb. Doğrusu, gündə bir eşqə düşən Mariya xanımı qınamaq da olmur. Nə etsin? 50-dən çox yaşı olmasına baxmayaraq, Məşədi İbad deyil ki, özünü qoca sansın. O hələ də özünü 18 yaşlı qız uşağı kimi hiss edir və gündə bir eşqə düşmək hüququna malikdir.
Hələ də gənclik havasından çıxmadığından unudur ki, ona da “Başqasına silah vermək yaxşı şey deyilsə, siz niyə onda II Qarabağ savaşında ermənilərə silah göndərirdiniz” deyə soruşa bilərlər. Üstəlik, onu da anlamır ki, hesab soruşduğu ünvan Ermənistan kimi balaca ölkə də deyil. Ankaranı əsəbiləşdirsə, Montro Anlaşmasını əsas gətirib Qara dənizin də, Aralıq dənizinin də qapılarını çəkib bağlayar, Rusiya donanması Azov dənizinin bir küncündə ağcaqanad ovlamaqla məşğul olar. Dolayısıyla özü də Ukraynanın asan ovuna çevrilər.
Məsti-xumarlığından beyninin açarını itirən Mariya xanım Türkiyəni təhdid etməyi də yaddan çıxarmayıb. Deyib ki, Türkiyə özünü belə aparsa, “ikitərəfli münasibətlərimizə ciddi zərər dəymiş olacaq” və Ankara vasitəçilik statusunu itirə bilər. Görünür, Kələntəryan müəllim ona hələ də başa salmayıb ki, Ankaranın Ukrayna-Rusiya arasındakı vasitəçiliyi özünə yox, əsasən Moskvaya lazımdır. Bəlkə bu vasitəçilik sayəsində Türkiyə Rusiyanı Ukraynanın əlindən qurtara və onun ömrünü bir az da uzada bilər.
Son olaraq xumargözlü Mariya xanımı gənclik illərində yazdığım qəzəldən bir beyt ilə salamlayıram:
“Elə bihuş eləmiş bir dodağı püstə məni,
Kim görər, ah çəkirəm, zənn eləyər xəstə məni”.
P.S. Mariya xanım, bizim “Pəncov İsa”nın görkəmli akademiki Nizami Cəfərov (daha doğrusu, Djafarov) demişkən, “tak çto” çox qəm yemə, gənc yaşda məsti-xumar olmaq hər kişinin, pardon, həm də xanımın başına gələsi işdir. Yenə badəni başına çək, onun-bunun haqqında bəd-bəd danış. Necə olsa, bir gün nəinki bütün dediklərinizin, hətta etdiklərinizin də bədəlini ödəyəcəksiniz. Bir az kəm, bir az çox olsun, qəbahətlərinizin miqdarı alacağınız cəzanı əskildib, azaltmayacaq. Narahat olmayın.

