Pyer Rişar sabah (16 avqust) 92 yaşını qeyd edəcək. həyat onun üçün həmişə dramdan çox komediya olub. Artıq üç onilliyə yaxındır ki, özündən 30 yaş kiçik model həyat yoldaşı ilə xoşbəxt yaşayır. Paris küçələrində isə təxminən 40 il əvvəl aldığı motosikletlə gəzir. Bəs onun tükənməz enerjisinin sirri nədədir?
Yumor və əzmkarlıqla uğura gedən yol
Pyer Rişar tekstil sənayeçisi ailəsində dünyaya gəlib. Uşaqlığı o qədər də asan keçməyib. Valideynləri boşanıb və Pyer anası və iki babası tərəfindən böyüdülüb. Ola bilsin ki, məhz bu çətinliklər ona həyata yumorla baxmağı öyrədib.
Ailəsi Pyerin ciddi peşə seçəcəyini, mühəndis və ya biznesmen olacağını düşünürdü. Lakin o, tamam başqa yol seçdi. 18 yaşında evdən ayrıldı, aktyorluq kurslarına daxil oldu və karyera qurmağa başladı.

İlk illər asan keçmirdi. Ona çox kiçik rollar verilirdi və demək olar ki, heç kim onu fərq etmirdi. Lakin əzmkarlığı, xarizması və mükəmməl yumor hissi sayəsində böyük uğur qazandı.
Pyer Rişar kinoda ilk dəfə 1958-ci ildə “Monparnas, 19” filmində çox kiçik rolla görünüb. Ekranda cəmi bir neçə saniyə görünməsi onun üçün yalnız ilk addım idi. Qarşıda isə aktyoru əsl fürsəti gözlədiyi uzun doqquz il vardı. Çoxları bu mərhələdə təslim olardı, amma Pyer yox.
O, əliboş oturmadı: kafelərdə işləyir, musiqili teatr səhnələrində çıxış edir, öz səhnəciklərini hazırlayır və arzusunun ardınca getməkdə davam edirdi.
Əsl uğur Pyer Rişara 1970-ci ildə “Dağınıq” (“Le Distrait”) filmini çəkdikdən sonra gəldi. Bu, sadəcə komediya deyildi. Film müəyyən mənada aktyorun öz xarakterinin də əksi idi – gülməli vəziyyətlərlə dolu dünyada insan zəiflikləri yumor vasitəsilə göstərilirdi.
Film tamaşaçıların böyük marağına səbəb oldu və bundan sonra onun karyerası sürətlə yüksəlməyə başladı. Bu gün Rişarın filmoqrafiyasında 120-dən çox ekran işi var və o, hələ də Fransanın ən sevilən aktyorlarından biri olaraq qalır.

Pyer Rişarın hobbiləri
1986-cı ildə Pyer Rişar aktyorluqdan tamamilə fərqli bir sahədə özünü sınamaq qərarına gəldi. Fransanın cənubunda, Aralıq dənizi sahilində yerləşən mənzərəli Langedok-Russilyon bölgəsində 20 hektar üzüm bağı aldı.
O vaxtdan etibarən onun şərab təsərrüfatında hər il on minlərlə şüşə şərab istehsal olunur. Bu şərablar Fransa və Belçikadakı restoranlara göndərilir, həmçinin dünyanın 11 ölkəsində satılır. Beləliklə, Rişarın hobbisi zamanla uğurlu biznesə çevrilib.
Aktyor üzüm bağlarından danışarkən deyir:
“Burada hər şeyi sevirəm: mühiti, istiliyi, təbiətə yaxınlığı, kiçik kəndləri və demək olar ki, toxunulmaz qalmış qalaları. Bunu başqa heç yerdə tapa bilmirəm.”
Rişar üçün üzüm bağları sadəcə biznes deyil. O, onları insanlara bənzədir və bildirir ki, onlara qarşı xüsusi bağlılıq hiss edir:
“Onlar eyni zamanda həm kövrək, həm də güclüdürlər. Onları sevirəm, onlara qulluq etməkdən zövq alıram və hava yaxşı olmayanda onlar üçün narahat oluram.”
Şərabçılıqla yanaşı, Pyer Rişar həmişə yaxşı yeməyə də böyük dəyər verib. Uzun illərdir ki, onun fransız mətbəxinin, o cümlədən Mişlen ulduzlu mətbəx nümunələrinin təqdim olunduğu restoranı var.
2017-ci ildə isə kulinariya maraqlarını daha da genişləndirərək “Pyer Rişarla dəbdəbəli şam yeməyi. Ən yaxşı aşpazlardan eksklüziv reseptlər” kitabının həmmüəllifi olub. Məşhur yazıçı Yelena Joli ilə birlikdə hazırlanan bu kitab qurmanlar üçün əsl kulinariya bələdçisinə çevrilib.

Şəxsi həyatı
Pyer Rişarın ilk sevgisi Parisdəki “Qrand Opera”da çalışan zərif balerina Danielle Minazzoli olub. Onların evliliyi 20 ildən çox davam edib, lakin sonradan cütlük ayrılıb.
Boşanmadan sonra Pyerin bir neçə diqqətçəkən münasibəti olub. Onların arasında fransız aktrisa Müriel Dyubrül və mərakeşli Aişə ilə münasibətləri də vardı.
Lakin ikinci dəfə ailə qurduğu qadın braziliyalı model Seyla Laserdudur.
Həmin vaxt Pyerin 60 yaşı bir qədər keçmişdi, Seylanın isə yaşı 30-a belə çatmamışdı. Aralarındakı böyük yaş fərqinə baxmayaraq, cütlük bu günə qədər xoşbəxt və mehriban həyat sürür.
Maraqlıdır ki, aktyor uzun müddət Fransada kifayət qədər məşhur olan üzən evdə – barjada yaşayıb. Hələ 1980-ci illərdə Pyer burada özünəməxsus rahat yuva yaradıb və sonradan yeni həyat yoldaşını da məhz bu evə gətirib.
Lakin boyu 180 santimetr olan Seyla üzən evdə özünü rahat hiss etmirdi. Nəticədə cütlük bu qeyri-adi yaşayış yerindən imtina edərək rahat şəxsi evə köçüb və evin damında özləri üçün əsl cənnət guşəsi yaradıblar.
90 yaşlı aktyor həyat yoldaşı haqqında belə deyib:
“Mənim braziliyalım ilk sevgim olmayıb, amma şübhəsiz ki, ən unudulmaz sevgimdir.”
Pyer Rişar və xoşbəxt qocalıq
Pyer Rişar hətta 90 yaşında da fəal işləməyə davam edir. Son bir il ərzində beş kino layihəsində iştirak etməsi onun yaşında bir insan üçün həqiqətən heyrətamiz göstəricidir.
O, hələ də sevimli motosikleti ilə Paris küçələrində gəzir. Bu motosikleti təxminən 40 il əvvəl alıb.

2024-cü ilin avqustunda, 90 illik yubileyində isə Pyer Rişar öz restoranında mahnı oxuyub, rəqs edib, hətta tanımadığı qonaqları öz hesabına istridyə və şərabla qonaq edib.
Aktyor böyük ailəsi və altı nəvəsi ilə fəxr edir və özünü tamamilə xoşbəxt hiss etdiyini deyir.
Bəs onun gənc qalmasının sirri nədir?
Rişarın fikrincə, ilk növbədə bu, genetikadır. Onun sözlərinə görə, anası 90 yaşında nəinki idman avtomobili sürə bilir, hətta şpaqat da aça bilirdi.
İkinci sirr isə dünyaya uşaq gözü ilə baxmaqdır. Pyer deyir ki, həyata səkkiz yaşlı oğlan uşağının gözü ilə baxır. O, təəccüblənməkdən, kiçik şeylərə sevinməkdən və hər anın dadını çıxarmaqdan yorulmur.
Bundan başqa, Rişar sadə və sağlam qidalanmağa çalışır, spirtli içkilərdən ölçülü istifadə edir və çox vaxtını açıq havada keçirir.
Onun həyatında lazımsız narahatlıqlara çox yer yoxdur. Əvəzində sevinc, maraq, hərəkət və gördüyü işdən zövq almaq var.
Bəlkə də Pyer Rişarın uzunömürlülüyünün əsas sirri elə budur: həyatı çox ciddi qəbul etməmək, hər yaşda yeniliklərə maraq göstərmək və yaşın insanın ruhunu müəyyənləşdirməsinə imkan verməmək…
