CəmiyyətTarix

Özünə xəyanət etmiş adamlara heç nəyi əmanət etmək olmaz

Tarixi şəxsiyyətləri öz dövrünün reallıqları ilə mühakimə etmək lazımdır. Tarixşünaslıqda buna “kontekstual təhlil” deyilir.

Tarixçi Lord Akton yazırdı ki, tarixi başa düşmək üçün keçmişin insanlarını bugünkü meyarlarla deyil, onların öz dövrünün imkanları və baxışları ilə qiymətləndirmək lazımdır.

Volter “Tarix-hamının razılaşdığı uydurmalardan ibarətdir” deyirdi.

Bertran Rassel isə yazırdı ki, tarixdə nə tam mələklər, nə də tam şeytanlar var. Tarixi şəxsiyyətləri yalnız müsbət və ya mənfi rənglərlə boyamaq sadəlövhlükdür.
Lao Tszı məsələyə konkret nöqtə qoyur: “Müzakirədə məqsəd qalib gəlmək deyil, həqiqəti tapmaq olmalıdır” .

Bizim ölkədə bütün müzakirələr “mən haqlıyam” möhürü vurmaqdan ötrüdür. Ona görə də müzakirələr maarifləndirmir, yorur, eybəcər vəziyyət yaradır.

Tragikomediya isə ondadır ki, əsrlər öncə yaşamış hansısa tarixi şəxsiyyəti təftiş edənlər, onu “neprav” çıxarmaq istəyən adamlar, gözünün önündəki eybəcərliklərə, dövlətin tarixinə və taleyinə qara ləkə yaxılmasına haqq qazandırır, pislikləri alqışlayır .
Başqa bir faciə budur ki, bizim ölkədə özünü intellektual adlandıranların əksəriyyəti 100-cü dərəcəli məsələrə kleylənir, 1-ci dərəcəli problemlərə münasibət bildirməyə isə tövbə edir.

Məsələn, 6-cı əsrə qədər səyahət edib, filankəsi filan fətva verdiyininə görə asıb-kəsir, amma 21-ci əsrdə siyasi fətvayla günahsız adamların həbs edilməsinə yumşaq etiraz edə bilmir.
Biz vicdanlı, ədalətli, ağıllı, müdrük, intellektual, ziyalı olmağı keçmişə, yaxud yadlara münasibətdə diri saxlamağa meylliyik. Sanki, Hegelin triadasından danışmaq, vətəndaşın dərdindən danışmağa qadağa qoyur.

Tarixdən də danış, dini də təftiş et, qonşu ölkələrdəki vəziyyətə də münasibət bildir, amma hərdən öz dərdimizə də “ağı” de ki, səmimiyyətinə, ədalətinə, ziyalılığına inana bilək.
Qısası, özünə xəyanət etmiş adamlara heç nəyi əmanət etmək olmaz. Hətta tarixin müzakirəsini, mühakiməsini də.

 

İlham Hüseyn

Tacxeber.com

Oxşar xəbərlər

Təcridxanada həkim: “Bunu sənə verməyə ixtiyarımız yoxdur”

admin

“Sabah” Çempionlar Liqasının “pley-off”unda!

admin

Azərbaycan da Türkmənistan kimi?

redaktor