DünyaŞou

Alla Puqaçova: şöhrətdən daha qiymətli bir şey var — ləyaqət

Alla Puqaçovanın artıq heç kimə sübut edəcəyi bir şeyi yox idi.

Sovet və Rusiya musiqisinin əfsanəsi idi. On milyonlarla insan onu tanıyırdı. Dövlətin yüksək mükafatlarını almışdı. Nə pula ehtiyacı vardı, nə şöhrətə.

Belə adam üçün ən rahat yol susmaq idi.

Amma Rusiya Ukraynaya qarşı müharibəyə başlayanda Puqaçova susmadı.

Rus əsgərlərinin “xəyali məqsədlər” uğrunda öldüyünü, müharibənin Rusiyanı dünyanın gözündə təcrid olunmuş və qəbul edilməyən ölkəyə çevirdiyini söylədi.

Əri Maksim Qalkin müharibəni tənqid etdiyinə görə “xarici agent” elan ediləndə isə 73 yaşlı Puqaçova hakimiyyətə belə cavab verdi:

“Məni də xarici agentlər sırasına daxil edin.”

Bu, sadəcə bir ər-arvad həmrəyliyi deyildi.

Bu, avtoritar hakimiyyətlərin ən köhnə silahlarından birinə verilən cavab idi:

Səninlə razılaşmıramsa, deməli, sən düşmənsən.

Rusiyada bunun adı “xarici agent”dir.

Başqa avtoritar sistemlərdə “xarici qüvvələrin adamı”, “casus”, “dövlətə xəyanət edən”, “vətən xaini” ola bilər.

Adlar dəyişir.

Məntiq dəyişmir.

Bu dil Azərbaycanda da çox işləkdir. Hakimiyyəti sərt tənqid edən insanın fikrinə cavab vermək əvəzinə onu “xaricə işləməkdə”, “dövlətə xəyanətdə”, “vətən xainliyində” ittiham etmək bizim siyasi həyatımızın tərkib hissəsidir.

Məhz buna görə bu düşüncə təhlükəlidir.

Çünki bir gün “vətən” anlayışı ilə “hakimiyyət” anlayışı eyniləşdirilir.

Hakimiyyətə etiraz — dövlətə etiraz kimi təqdim olunur.

Dövlətə etiraz — Vətənə xəyanətə çevrilir.

Və beləcə çox təhlükəli bir düstur yaranır:

Hakimiyyəti sevmirsənsə, Vətəni sevmirsən.

Halbuki hakimiyyət Vətən deyil.

Hakimiyyət dəyişir.

Vətən qalır.

Puqaçova üçün ən rahat seçim susmaq idi. Moskvadakı həyatını, statusunu və rahatlığını qoruyardı. Amma o, başqa yolu seçdi.

Rusiyada onun kimi susmayan başqa böyük sənət adamları da oldu — Yuri Şevçuk, Andrey Makareviç, Boris Qrebenşikov…

Hakimiyyət güclü olanda onun yanında dayanmaq cəsarət tələb etmir.

Cəsarət hakimiyyətin qarşısında dayanmağın sənə baha başa gələcəyini bildiyin halda vicdanının yanında dayanmaqdır.

Alla Puqaçovanın böyüklüyü yalnız milyonların əzbər bildiyi mahnılarda deyil.

Bəlkə onun ən böyük qazancı budur:

Şöhrətini qorumaq üçün vicdanını qurban vermədi…

 

Elbəyi Həsənli

Tacxeber.com

Oxşar xəbərlər

Azərbaycan da Türkmənistan kimi?

redaktor

Bəşər Əsəd edam cəzasına məhkum edildi

redaktor

Çinin Şiə (İRAN) və Sünni (MİSİR) balansı….

redaktor