Demişdilər ki, “28 May” metrosu bağlananda xəttə buraxılan avtobuslar sərnişinləri ödənişsiz şəkildə mənzil başına çatdıracaq. Amma bu gün açıqlama verildi ki, avtobuslar pullu olacaq. Bu isə insanların həm daha çox zaman itirməsi, həm də artıq pul xərcləməsi deməkdir.
Polşada metronun hər hansı xətti qapadıldıqda dərhal xüsusi “Z” (Zastępcza – Əvəzləyici) xətt avtobusları və ya tramvayları işə düşür. Sərnişinləri heç bir ödəniş etmədən istədikləri ünvana çatdırırlar. Çexiyada isə “X-A” əvəzedici avtobuslar xəttə buraxılır. Ödənişsiz şəkildə insanlar daşınır.
Bu avtobus nəyə görə pulsuz xidmət edir?
Çünki sərnişin sürətli metrodan məhrum olur. Avtobus tıxacda qalır. Yol müddəti və mənzil başına çatma vaxtı uzanır. Sərnişinin rahatlığı pozulur. O, əlavə piyada yürümək məcburiyyətində qalır. Bu narahatlıqların qarşılığında şəhər rəhbərlikləri kompensasiya olaraq həmin marşrutu sərnişinlərə təmənnasız təqdim edirlər.
Bizdə isə təmirin pulunu insanların cibindən kompensasiya edirlər.
