CəmiyyətDigər

Süni intellekt: qəza yoxsa qazanc nədən asılıdır?

Süni intellektdən maksimum necə səmərəli istifadə etmək olar, süni intellektin işləyiş alqoritması nə üçün ayrı-ayrı ölkələrdə fərqli nəticə və effektlər verir suallarına daha praktik cavab vermək üçün bu istiqamətdə keçirdiyim təcrübələrdən birini və gəldiyim nəticələri bölüşmək istərdim.

Deməli Azərbaycandan tanınmış bir A şirkətinin (bu şirkətin hesabatları ictimaiyyətə tam açıq deyil, sadəcə tələb olunduğu üçün formal olaraq internetdə hesabat formaları PDF şəklində də deyil, sənədin surəti şəklində yerləşdirilib) və dünyada tanınmış məşhur bir ABŞ şirkətinin balans, gəlir-xərc və nağd pulların dövriyyəsi hesabatlarını bu sahədə ən güclü 2 süni intellekt platformasına təhlil üçün verirəm. Lakin, birinci variantda hər iki hesabatda mənfiyə doğru (maliyyə vəziyyətini pisləşdirən) müəyyən düzəlişlər edirəm. İkinci variantda gəlir-xərc və nağd pulların dövriyyəsi hesabatlarında yalnız peşəkar yanaşma ilə müəyyən olunacaq incə (burada izahı uzun olacağı, çox texniki məsələ olduğu və oxucular üçün anlaşılmaz ola biləcəyi üçün təfsilatlara toxunmuram) və ikincisi isə daha kobud və yarı-peşəkar gözlə görünə biləcək (burada isə amortizasiya xərclərini süni şəkildə artırıram, lakin əsas vəsaitlərin həcminə dəymirəm. Öncəki ilə nisbətən əsas vəsaitlərin qalıq məbləğləri öncəki ilin amortizasiya hesablamalarına görə azalsa da, növbəti ilin amortizasiya xərcləri vergi ödənişlərinin azaldılması məqsədilə artırılır) 2 uyğunsuzluq yaradıram.

Birinci variantda hər iki süni intellekt hər iki şirkəti tərifləyir, müsbət maliyyə nəticələri verir. İkinci variantda hər iki halda hər iki süni intellekt (birincisi nisbətən daha dərin) kobud səhvi müəyyən edir, ABŞ şirkəti üçün bunun yolverilməz olduğunu, mənim həmin hesabatı yerləşdirərkən səhvə yol verdiyimi və ya həmin hesabatlarda texniki səhv olduğunu bildirir, əslində şirkətin müsbət xarakteristikasını verməyə davam edir. Azərbaycan şirkəti ilə bağlı isə birinci kobud səhvi müəyyən edir, ikinci səhvi tapmır. İkinci səhvi yalnız 3 yönəldici sualdan sonra tapır, lakin səhvin səbəbini (mənim texniki səhvim yoxsa şirkətin mühasibinin səhvi, yoxsa mənimsəmə, korrupsiya və sair) göstərməkdə çətinlik çəkir. Sadəcə ehtimallar irəli sürür, əsas köklü səbəbi isə göstərə bilmir. Çünki şirkəti yaxşı tanımadığı üçün əmin deyil. Bir neçə yönləndirici sualdan sonra şirkət haqqında internetdə dataların kifayət qədər olmadığını bildirən hər iki süni intellekt həmin şirkəti birinci variantda tərifləməkdə səhvə yol verdiyini bildirir. Lakin, hər iki süni intellekt ABŞ şirkəti haqqında fikirlərini dəyişmir.

Makroiqtisadi göstəricilərlə də bağlı bir neçə maraqlı eksperimentlər də oldu, lakin uzun olmaması üçün bununla kifayətlənərək nəticələrə keçmək istərdim:

1) Süni intellekt hər hansı təhlil apararkən internet resurslarındakı datalardan qidalanır və həmin dataların da resurslarda düzgün yerləşdirilməsi həmin dataların düzgün oxunması və interpretasiyası üçün həlledicidir;

2) Nə qədər peşəkar yanaşsa da, süni intellekt hesabatları hiss etmir, sadəcə mövcud əmsal/nisbətlər əsasında təhlillər verir. Onu da qeyd edim ki, süni intellektin verdiyi təhlilin səviyyəsi və dərinliyi o təhlili istəyən şəxsin peşəkarlıq səviyyəsi və o işi bilməsi səviyyəsindən asılıdır. Nəyi niyə harada axtardığını bilməyən bir insan süni intellektdən istədiyi dərinlik və peşəkarlıq səviyyəsində təhlil əldə edə bilməz;

2) Süni intellektə makro və mikro statistik datalara əsaslanan plan, proqram, tədbirlər planı hazırlanması tapşırıldıqda əmin olun ki, yanlış, ziddiyyətli, yarımçıq statistik məlumatları təmizləmədən, sorğulamadan və strukturlaşdırmadan yanlış nəticəyönümlü təhlil və hətta yanlış Yol Xəritəsi əldə edə bilərsiniz. Deməli, bu proqram, strateji plan və Yol Xəritələri yüksək səviyyədə riskləri əhatə edərək təhlükəli olacaq;

3) Süni intellekt bir ABŞ şirkəti və Azərbaycandakı şirkəti tamamilə fərqli interpretasiya edəcək. ABŞ şirkəti üçün bu təhlil daha dərin və əhatəli olacaq. Çünki, dataların əhatəliliyi, dərinliyi və dəqiqliyi fərqlidir;

4) Süni intellektin işləmə səmərəliliyi və əldə olunan nəticələr ölkələr arasında ciddi şəkildə fərqlənir. Bu fərq həmin ölkələrdə statistik məlumatların doğruluğu və strukturundan asılıdır. (şəkərbura bişirmək üçün un + su + şəkər tozu + çəkilmiş qoz-fındıq ləpəsi əvəzinə qoz-fındıq + su + un + duz ardıcıllığını və şəkər əvəzinə duzu təsəvvür edin. Siz ikinci halda şəkərbura əldə edə bilməzsiniz, həmin ləvazimatları da boşuna xərcləmiş olarsınız, alınan məhsulu yeyən adamın da halı yəqin pisləşər. Baxmayaraq ki, cəmi bir məhsul (şəkər tozu əvəzinə duz) dəyişib və digər eyni məhsullarda sadəcə ardıcıllıq (struktur) pozulub);

5) 4-cü bənddə qeyd olunan səbəbdən qaş qayırmaq istədiyi yerdə göz çıxartmamaq üçün süni intellektin istifadəsində hər bir ölkənin özünün strateji yanaşması olmalıdır;

6) Bu səbəbdən süni intellektdən səmərəli istifadənin özü də düzgün ardıcıl mərhələlərin icrasını tələb edir;

7) Dövlət və özəl qurumlarda süni intellektdən istifadə üçün də strateji plan və siyasət olmalıdır. Bünövrə doğru qurulmalıdır;

8 ŞƏXSI TƏCRÜBƏMDƏN DƏ ÇIXIŞ EDƏRƏK KONKRET DEYİRƏM KI, HƏR HANSI BİR QURUM SÜNİ İNTELLEKTİN TƏTBİQİ VƏ HEÇ OLMASA MÜKƏMMƏL ANALİTİK TƏHLİLƏ NAİL OLMAQ İSTƏYİRSƏ, RƏHBƏR HEYƏTDƏ HEÇ OLMASA DATANIN NƏ OLDUĞUNU BİLƏN, STRATEJI DÜŞÜNCƏ VƏ VİZYONA SAHIB OLAN BİR NƏFƏR SƏLAHİYYƏTLİ ŞƏXS OLMALIDIR. BUNSUZ MÜMKÜN DEYİL. CƏNAB PREZİDENTİN BU TƏLƏBİ ƏHATƏ EDƏN FƏRMANINDA MƏHZ BU TƏLƏB TƏSADÜFƏN QOYULMAYIB. TƏƏSSÜF Kİ, BU STRATEJİ FƏRMAN VƏ TƏLƏB HƏLƏ DƏ İCRASIZ QALMAQDADIR. ZAMAN İSƏ GEDIR VƏ BİZ SADƏCƏ SÜNİ İNTELLEKTİN (O CÜMLƏDƏN İQTİSADIYYATLARIN MÜVAFİQ SAHƏLƏRİNİN) İNKİŞAF SƏVİYYƏLƏRİNİ MÜŞAHİDƏ ETMƏKLƏ KİFAYƏTLƏNİRİK!

9) Yaranmış mürəkkəb vəziyyəti çox sadə dillə bir daha əks etdirməyə çalışacam. Eyni xəstəliyi olan 2 şəxsi təsəvvür edin. Birisi həkimin təyin etdiyi dərmanı reseptə uyğun olaraq gündə 1 dəfə yeməkdən sonra qəbul edir, digəri isə daha tez sağalması ümidi və ya digər məqsədlə yeməkdən öncə gündə 3 dəfə. Həm ardıcıllığı, həm dozanı pozmağın nəticəsində dərmanın əlavə təsirləri və zərərlərini yəqin ki, təsəvvür edə bildiniz!

10) Nəhayət, yanlış datalardan istifadə etməklə süni intellektdən istifadə sürətölçən (spidometr) paneli düzgün işləməyən maşını idarə etməyə bənzəyir. Ya tez-tez radara düşəcəksiniz, ya qəza keçirəcəksiniz, ya benzin qurtaracaq, ya mühərrik qaynadacaq və ən əsası, bunları vaxtında deyil, yalnız iş-işdən keçdikdən sonra biləcəksiniz!

 

Elman Sadıqov

Tacxeber.com

Oxşar xəbərlər

İdeoloji müstəqillik ən çətin yoldur

redaktor

Bakı Qızlar Universiteti rəsmən bağlandı

redaktor

Cəlilabad marketlərində müəmmalı yumurta

redaktor