Azərbaycan Premyer Liqasının Bəyanat turunda “Turan Tovuz” qələbə qazanmaqla liderliyini qorudu. Amma budəfəki bəyanatda diqqətimi ilk cümlə xüsusilə çəkdi.
Qeyd olunur: “Son vaxtlar həm meydanda, həm də yaşıl meydandan kənarda sistemli təzyiqlərlə üzləşirik”.
Meydanı haradasa başa düşdüm, mənə görə “Araz Naxçıvan”la matçda tovuzluların qapıçısı etiraz etməsə də, sakit qalsa da, həmin epizodda penalti yox idi. Elçin Məsiyevin VAR-a baxdıqdan sonra nəyə əsaslanıb penalti təyin etdiyini isə yəqin ki, AFFA Hakimlər Komitəsinin sədri Rəhim Həsənov tur başa çatdıqdan sonra açıqlayacaq.
Bundan başqa, Rəhim Həsənovun “Zirə” – “Qarabağ” matçının 70-ci dəqiqəsində rəqibini taekvando fəndi ilə dayandıran ağdamlıların müdafiəçisi Varkoniyə qarşılaşmanın baş hakimi Rəşad Əhmədov tərəfindən nəyə görə birbaşa qırmızı yox, sarı vərəqə göstərməsi ilə bağlı şərhi də maraqlıdır.
İndi gələk “Turan Tovuz”un tələm-tələsik yaydığı bəyanatdakı “yaşıl meydandan kənarda sistemli təzyiqlərlə üzləşirik” məsələsinə…
Maraqlıdır, görəsən, söhbət nədən gedir? “Turan Tovuz”u doğrudanmı yaşıl meydandan kənarda sıxırlar, təzyiq göstərirlər? Yoxsa, dövlət orqanları komandanın əsas sponsoru olan “Hünər Group”a daha bina tikməyə icazə vermir? Bu variant ağlabatan deyil. Nəzərə alaq ki, şəhərin ən bərkgedən ərazilərində şirkətin ucaltdığı binalar var, hazırda da Xocasəndə nəhəng kompleks inşa edilir…
Yox, əgər bizim bilmədiyimiz nələrsə varsa, bunu açıqlamaq cəsarət tələb edir. Oxu atıb yayı gizlətmək isə igidliyin şanına yaraşan hərəkət deyil.
Hakim qərarına etiraz etmək normaldır və başadüşləndir. Bunu dünyanın bütün klubları fərqli-fərqli formada edirlər. Amma düşünmürəm ki, hansıssa klub bunu edərkən manipulyasiyaya yol versin.
Həmin bəyanatda manpulyasiya azarkeşlərə edilən “Belə məqamlarda ən böyük gücümüz sizin dəstəyiniz və komandamızın ətrafında birliyimizdir. Sizdən xahiş edirik ki, hər zaman olduğu kimi, bu mübarizədə də komandamızın və klubumuzun yanında olasınız” cümləsindədir.
Ok! Bir dəqiqə…
Bəs, “Turan Tovuz” hədəfi liqada qalmaq olan “Kəpəz”ə uduzanda, azarkeş Kurban Berdiyevi istefaya səsləyəndə harada idiniz? Baş məşqçiniz “İstefa şüarları məni qətiyyən narahat etmir” deyəndə niyə susmuşdunuz? Niyə çıxıb deyə bilmirsiniz ki, Kurban Berdiyevi istefaya göndərmək Ehtiram Quliyevin səlahiyyətləri və cəsarəti çərçivəsində deyil. Niyə deyə bilmirsiniz ki, Berdiyevi öz “krişası” var, onun sözündən çıxmaq həddimizə deyil?..
Mövsümün əvvəlində çempionluqdan dəm vuran, “Dreamland”da sözün həqiqi mənasında xəyal dünyasına dalan rəhbərlik görmür ki, “Turan Tovuz” bir qəpiklik futbol oynamır? Bunu təkcə mən, media nümayəndələri, ictimaiyyət demir axı. Bunu deyən həm də, dəstək gözlədiyiniz azakeşlərdir. Fanatların çağırışına məhəl qoymadıqdan sonra onları “meydandan kənarda təzyiqlərlə üzləşirik” deyərək manipulyasiya edib, öz uğursuzluğunuzu ört-basdır etməyinizi mənası nədir?
Uşaq başı aldadırsınız? Təxmin edirəm ki, bu bəyanatlar, bu fikirlər Ehtiram Quliyevin öz düşüncəsinin məhsulu deyil. Onu kənardan “не футбольный” adamlar idarə edir. “Hünər”in tikdiyi binaların beton qatından da çox kiçik olan bu adamlar Ehtiram Quliyevi uçurma aparır, təxribata çəkir və təəssüf ki, klub başqanı hələ də onlara inanır…
