Mədəniyyət Nazirliyi kitabxana işçilərinin attestasiyasını keçirib. Amma ortaya çıxan mənzərə bir sual doğurur: məqsəd kitabxanaçını qiymətləndirmək idi, yoxsa onu işdən çıxarmaq üçün bəhanə axtarmaq?
İllərlə kitabxanalarda çalışan, min bir çətinlik içində oxucuya xidmət göstərən insanlara İKT və şəbəkə texnologiyaları ilə bağlı suallar verilib. “İnternet şəbəkəsinin ünvanlaşdırılması sistemi”, “domen adları sistemi” və buna bənzər mövzular…
Sualım sadədir: bu insanlara əvvəlcədən kim bunları öyrətdi?
Neçə ay əvvəl hansı kitabxanaya mütəxəssis göndərildi? Hansı təlim təşkil olundu? Hansı kurs keçirildi? Cavab çox sadədir: heç biri.
Əvvəl insanı hazırlayarsan, sonra biliyini yoxlayarsan. Hazırlamadan imtahana çəkmək qiymətləndirmə deyil, cəzalandırmaqdır.
Bu gün işdən çıxarılanların böyük hissəsi ömrünü kitabxanaya həsr etmiş insanlardır. Az maaşla işləyiblər, bəzən interneti öz hesablarına çəkdiriblər, kreditə noutbuk alıb işə aparıb-gətiriblər. İndi isə onlara “domen sistemi”ni bilmədikləri üçün qapı göstərilir.
Ən acınacaqlısı isə odur ki, onların çoxu yaşlı insanlardır. Bu yaşda iş tapmaq onsuz da çətindir. Ölkədə işsizliyin ciddi problem olduğu bir vaxtda yüzlərlə ailənin dolanışığını riskə atmaq hansı islahatın tərkib hissəsidir?
Əgər məqsəd kitabxanaları rəqəmsallaşdırmaqdırsa, buna etiraz edən yoxdur. Amma rəqəmsallaşma insanların taleyi hesabına aparılmamalıdır. Texnologiyaya keçid bir gündə olmur. Bunun yolu təlimdir, hazırlıqdır, dəstəkdir. Sonra attestasiya.
İslahat adı ilə insanların illərlə qazandığı təcrübəni bir neçə texniki sualın arxasında heçə saymaq nə ədalətdir, nə də peşəkarlıq.
Mədəniyyəti inkişaf etdirmək istəyən nazirlik əvvəlcə o mədəniyyəti illərlə yaşadan insanlara hörmət etməyi bacarmalıdır.
