30.1 C
Bakı
24 İyul 2026 23:25
DünyaSiyasət

CHP nümunəsi və seçkinin sərhədləri

CHP ətrafında son aylarda baş verənlərdən özüm üçün çıxardığım bəzi nəticələr var. Bunlardan ilki “seçki” məsələsidir. Daha doğrusu Türkiyə nümunəsi üzərindən Azərbaycanda da son 10-15 ildə gündəmdə olan əsas strategiya. Yəni ki, xalqı seçkiyə getməyə təşviq etməliyik, sonra bu xalq səsini verib, sandıqları qorumalıdır. Əgər saxtakarlıq olsa, meydana çıxmalı, öz iradəsini ortaya qoymalıdır.

Strategiya kağız üzərində qüsursuzdur. Ancaq Türkiyə nümunəsi bizə göstərdi ki, fəaliyyəti sırf seçkiyə fokuslamaq xalqı böyük ölçüdə rahatladır. Zaman içərisində seçkiyə gedib, qapalı kabində kiməsə səs vermək insanlar üçün olduqca təhlükəsiz akta çevrilir. Burası çox gözəl. Lakin bu seçki saxtalaşdırıldığı zaman həmin kabindəki adam çıxıb etiraz səsini ucaltmırsa, buna risk eləmirsə, seçki də mənasızlaşır.

Yenə də demokratiyanın gələcəyini müəyyən edən şey, xalqın iradəsi yox, rejimin həyasızlıq dərəcəsi olur. Əgər rejim xalqın seçiminə hörmət edirsə, MSK-nı, məhkəmələri ələ keçirmirsə, saxtalaşdırmaya getmirsə və ya sadəcə bunu edə bilmirsə, nəticə müsbət olur. Yox, rejim həyasızlığına salıb, “Ağanəzərəm, belə gəzərəm” deyirsə, hər şey bitir. Rejimlərin həyasızlığını isə adətən ya xarici, ya da daxili təsirlər sərhədləyə bilir.

CHP ətrafında baş verənlər, İmamoğlunun həbsi, bələdiyyələrə qarşı əməliyyatlar, ən son bu “butlan” komediyası bir daha o ballandıra-ballandıra haqqında danışılan “CHP seçməninin” kabindən kənarda mövcud olmadığını göstərdi.

Deməli “seçki” tək yol olsa da, bu seçkini müdafiə edəcək “küçə gücü” də önəmlidir. Bu gün və bu gündən sonrakı illərdə də “küçə gücü” olmayan hər hansı partiya və təşkilat təkcə seçki ilə nəyisə dəyişmək iqtidarında olmayacaq. Elitist fırlanmaq dövrləri qurtarıb. Telefon fənəri ilə “Yiğidim, aslanım burda yatıyor” oxumaqla nəsə dəyişməyəcək.

“Yiğidim, aslanım” oxuyan CHP seçmənlərin yarısından çoxu elə Özgür Özəlin “Yeni parti”-nin üzvü olacaq. Sabah, Allah eləməsin, Özəli də həbs eləsələr, reaksiyaları eyni olacaq, telefon fənərləri yanacaq, sadəcə “Yiğidim, Aslanım”-ın səsini artıracaqlar…

 

Araz Əliyev

Tacxeber.com

Oxşar xəbərlər

Yaxın Şərqdə yeni müharibənin xəritəsi

redaktor

Səudiyyə Ərəbistanının nüvə planı və Trampın İsrail şərti

redaktor

Siyasətdə “qavratma idarəetməsi, üçölçülü oyun

redaktor