Özgür Özəl 90 millət vəkili ilə birlikdə CHP-dən istefa verərək yeni siyasi partiya – Yeni Partiyanın qurulduğunu elan etdi.
Yeni Partiya Türkiyə Böyük Millət Məclisində dərhal ana müxalifət statusu qazandı. CHP 5-ci sıraya geriləyərək həm ana müxalifət statusunu, həm də TBMM sədr müavinliyi postunu itirdi. Atatürkün siyasi mirası, Anadolu və Rumeli Müdafaa-i Hukuk Cəmiyyətinin varisi, Cümhuriyyətin qurucusu olan CHP-nin marginallaşması, içinin boşalması Ərdoğanın qısamüddətli uğuru kimi qiymətləndirilə bilər.
CHP-nin 31 mart 2024-cü il yerli hakimiyyət seçkilərində qələbəsindən sonra Ərdoğanın əmri ilə başlanmış repressiyaların yönəldiyi ünvan indi Yeni Partiya olacaq.
CHP-nin mərkəzi hakimiyyətə yürüşünü kəsmək üçün rejim əvvəlcə onun prezidentliyə namizədi Əkrəm İmamoğlu başda olmaqla, ayrı-ayrı fərdləri və bələdiyyə başqanlarını hədəf seçmişdi. Məqsəd klassik CHP-li profilindən uzaq, yalnız sekulyarlardan deyil, bütün əhali təbəqələrindən səs alan “təhlükəli” rəqibi ortadan qaldırmaq, toplumda xof və ümidsizlik yaradaraq müxalif kütlələri mübarizədən çəkindirmək, gerçək liderindən məhrum olmuş CHP-nin dezorqanizasiyasına nail olmaq idi. Özgür Özəli ciddi qəbul etmirdilər.
Lakin gözləmədikləri, ssenaridə olmayan 2 məqam ortaya çıxdı. Əvvəla, Ö.Özəl liderlik sərgiləməyə və böhranı idarə etməyə başladı. İkincisi, Özəlin konformist və opportunist olmadığını, Türkiyə siyasətində alışılmış, normallaşmış siyasət tərzinə zidd olaraq elitlərarası separat anlaşmalara getmək, yaxud özünü “dərin dövlətçi” kimi təqdim “abi”lərdən məsləhət almaq istəmədiyini gördülər.
Belə olduqda Ərdoğan etiraz potensialını ətrafında cəmləşdirən, bu potensialı yönləndirən oturuşmuş institutu – birbaşa CHP-nin özünü zərərsizləşdirməyə qərar verdi. Ölkə siyasətində daha öncə görünməmiş bir yola əl atılaraq mədəni hüquqa aid (məsələn, evlilik) “butlan” anlayışı siyasətə proyeksiya olunub, Özgür Özəlin gənəl başkanlığı absurd məhkəmə qərarı ilə yox sayıldı və CHP yenidən Kılıçdaroğluna təhvil verildi. Burada saray tərəfindən 2 hesab aparılmışdı:
Birincisi, CHP daxilində Kılıçdaroğlu tərəfdarları ilə Özəl-İmamoğlu tərəfdarları arasında amansız taxt savaşı başlayacaq, daxili didişmələrlə partiya taqətdən düşəcək və iqtidar alternativi ola bilməyəcək, nəticədə bu mənzərəni görən protest elektoratı “lənət olsun” deyərək ümidsizləşib, apolitikləşəcək. İkinci düşüncə bu idi ki, Özəl-İmamoğlu qanadı ayrılmağa qərar versə belə, parçalanma CHP-nin ortadan ikiyə bölünməsi şəklində gerçəkləşəcək və heç bir tərəf güclü siyasi alternativ kimi meydana çıxa bilməyəcək, daha çox bir-birinə qarşı mübarizə aparacaq.
Hər iki variant da olmadı. Özgür Özəl partiyanın ana gövdəsini götürərək çox sürətlə yeni siyasi layihəsini yaratdı. 135 millət vəkilindən azı 90-ı, 81 vilayət təşkilatından isə 74-ü Özəl-İmamoğlu ilə birlikdə hərəkət edir. Hələ rəsmən elan edilməmiş Yeni Partiyanın artıq 81 yerli təşkilatı hazırdır. Bu gün etibarilə CHP-də qalan 44 millət vəkilindən təxminən yarısı Kılıçdaroğlunu dəstəkləmir. Bu şəxslər yaxın gələcəkdə partiyanı Kılıçdaroğlunun əlindən almaq üçün orada qalmağa davam edir.
Türkiyə siyasətində yeni mərhələ başlayır.
Atatürkçü platformada yeni, güclü siyasi partiyanın təsis edilməsi Cümhuriyyətin qurucu dəyərlərinin mühafizəsi və Türkiyənin dünyəvi, demokratik, sosial hüquq dövləti olaraq qorunub saxlanılması baxımından zəruri, lazımlı addım idi. Ciddi səhvlərə yol verməsələr və artacaq təzyiqlər qarşısında duruş gətirə bilsələr, Yeni Partiyanın daha əvvəl CHP-yə səs verməyə əli getməyən əhali təbəqələrindən də səs alaraq hakimiyyətə gəlmə şansı var.
