Əliyevin Almaniya səfəri Moskvada niyə narahatlıq yaradıb?
Azərbaycanın öz strateji, suveren, milli maraqlarına uyğun atdığı istənilən müstəqil addıma Rusiya hakimiyyət dairələrinin mütləq şəkildə hansısa mənfi reaksiya verməsi, qıcıqlanması adi hal alıb. Xüsusilə də son zamanlar bu tendensiya daha qabarıq şəkildə müşahidə olunur və bu da təbii ki, təsadüfi deyil…
“Bakı İrəvanın yolunu tutmaq qərarına gəlib. Qeyd etmək istərdim ki, Rusiyadan uzaqlaşmaq və Avropaya yaxınlaşmaq heç vaxt heç kimə uğur gətirməyib. Əksinə, təcrübənin göstərdiyi kimi, belə bir qərar iqtisadi və siyasi problemlərə gətirib çıxarır”.
Azərbaycana qarşı bu təhdid mahiyyətli çıxış Rusiya Dövlət Dumasının hakim Vahid Rusiya Partiyasından olan 33 yaşlı deputatı, patiyanın Ali Şurasının üzvü Aleksandr Tolmaçova məxsusdur. Üstəlik o, həmin açıqlamasında Ukraynanın və Ermənistanın “aqibətini” bizə “nümunə” kimi göstərib.
Onun bu “fikirləri” Rusiya mediası tərəfindən geniş şəkildə yayılıb və həmin materiallarda Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya səfərindən fotolarla müşayiət olunub.
Əvvəlcədən qeyd edək ki, ixtisasca Bədən Tərbiyəsi müəllimi olan və heç bir diplomatiya, xarici siyasət təcrübəsi, savadı olmayan, ümumilikdə siyasi bilikləri yumşaq desək, mübahisəli olan bu deputatın Azərbyacanın xarici siyasətinə dair qiymətləndirmələr verib, Bakıya “dərs keçməsi” onun nə səviyyəsi, nə statusu, nə də başı üçün deyil. Məlum məsələdir ki, bu cür açıqlamalar da belələrinin şəxsi mülahizələri deyil, Kremldən göndərilən tezislər əsasında hazırlanır. Bir çox mənbələr onu da qeyd edirlər ki, “Kreml qüllələri”ndən biri Azərbaycana “xüsusi diqqət göstərir” və Azərbaycanla bağlı aqressiv media siyasəti də onun “təşəbbüsüdür”. Həmin “qüllə”nin başında isə Rusiya Prezident Administrasiyası başçısının müavini Sergey Kiriyenkonun durduğu bildirilir…
Lakin Azərbyacanın Avropa ilə müstəqil şəkildə siyasi və iqtisadi əlaqələr qurmasının, bu əlaqələri möhkəmləndirməsinin və yeni səviyyələrə çıxarmasının ölkəmizin guya Ermənistanın, yaxud başqa bir ölkənin “yolu ilə getməsi” kimi təqdim olunması, kimin “beyninin məhsulu” olmasından asılı olmayaraq, olduqca dayaz, primitiv və arxasında heç bir ciddi siyasi mahiyyət olmayan boş iddiadır.
Azərbaycanın öz yolu var və onun heç kimin, xüsusilə də şimaldakı “siyasi dahilər”in məsləhətlərinə, ölkəmizə “necə yaşamağı” öyrətmələrinə ehtiyacı yoxdur. Ölkə başçısının Almaniyaya səfəri də Azərbaycanın uzun illərdir davam edən müstəqil xarici siyasətinin tərkib hissəsidir və bu cür səfərlərin, əlaqələrin həyata keçirildiyi vaxt Bakı kimsənin “xeyir-duasını”, yaxud razılığını almaq fikrində deyil. Moskvanı da narahat edən məhz budur…
Əslində, siyasi məntiqə görə, ölkə başçısının IV Şuşa Qlobal Media forumunda ölkələrimiz arasında gərginliyin arxada qaldığı barədə açıqlaması, ardınca Azərbaycan XİN başçısı Ceyhun Bayramovun Moskvaya son səfəri Azərbaycan-Rusiya münasibətlərinin nisbətən stabil, qarşılıqlı hörmət və tərəfdaşlıq prinsiplərinə uyğun hala gəlməsini, Kremlin nəzarətindəki mediadan, parlament sıralarından və s. ölkəmizin ünvanına təhdid və böhtanların yığışdırılmasını gözləməyə əsas verirdi.
Lakin göründüyü kimi, ciddi dəyişiklik nəzərə çarpmır və artıq qeyd etdiyimiz kimi, ən azı “Kremlin qüllələri”ndən biri Bakıya qarşı qeyri-dost mövqeyini saxlayır, hətta inkişaf etdirir. Bu isə bir daha göstərir ki, Rusiya rəhbərliyi qonşu, hətta “strateji tərəfdaş” adlandırdığı ölkələrə qarşı imperiyaçı baxışlarını, münasibətini dəyişmək fikrində deyil və belə görünür ki, Rusiya özü daxildən dəyişməyincə bu münasibət də dəyişməyəcək…
Elxan Qüdrətoğlu
Tacxeber.com
