DünyaSiyasət

Vətənpərvərliyi inhisara almaq düzgün deyil

Plenumda Azərbaycan SSR Xalq Təsərrüfatı Şurasının sədri Sabit Orucov da Mirzə İbrahimova qarşı təxminən bu məzmunda çıxış etdi. O, dedi: “Siz məni, yoldaş Mirzə, öz fikrim olmadığına görə qınaya bilməzsiniz. Sizin çıxışınızla bağlı məndə belə bir fikir yaranıb ki, dedikləriniz əsassızdır və hətta deyərdim ki, ədəbiyyatçılar demiş, sizin çıxışınız dəyəri bir qəpik olan hiylənin nəticəsidir. Nəyə görə sizin – görkəmli ədəbiyyatçılardan birinin çıxışı fəhlə sinfinə ilhamverici nümunə olmasın? Məgər sizin çıxışınızın məsələn, mənə partiyanın tapşırıqlarını yerinə yetirməkdə köməyi dəyir? Hər hansı fəhləyə yeddiillik planı yerinə yetirmək üçün öz enerjisini əsirgəməməyə köməyi dəyir? Sizin çıxışınız belə şeylərə kömək etmir. Mən sizin kitabınızın necə yazılması məsələsinə toxunmayacağam, mən bilmirəm siz nə yazmısınız, çünki uzun müddət respublikada olmadığımdan Azərbaycan dilində çox çətin oxuyuram.

Lakin sizin çıxışınız əsassızdır, arqumentsizdir, ən başlıcası sizin dedikləriniz Xruşşov yoldaşın sovet yazıçıları qurultayındakı nitqindən irəli gəlmir. Nəyə görə siz bizim respublikanın məsələlərinin həllinə arxa qapıdan girirsiniz? Əsas qapıdan girin və görün bizim sənayedə nələr yaradılıb. Xruşşov yoldaşın nitqini mən də oxumuşam, özü də onun nitqini iki dəfə oxuyuram ki, dərindən başa düşüm. Mən də onun çıxışından estetik həzz almışam. Mən də Xruşşov yoldaşın qəlbinin dahi Lenin incəliyinə heyran qalmışam. Bəs sizin qəlbiniz necədir? Siz plenuma nə söylədiniz ki, plenum da sizin söylədiyinizdən bir nəticə çıxara bilsin?”

Sabit Orucovdan sonra söz alan Mirbəşir (Tərtər) Rayon Partiya Komitəsinin katibi Nadir Rüstəmov Mirzə İbrahimovla yanaşı, Rəsul Rzanın da üzərinə hücuma keçdi: “Yoldaşlar, mən məktəb islahatı müzakirə edilən ötən sessiyada iştirak etmişəm. Deməliyəm ki, dil haqqında söhbətlər adı altında bəzi yazıçılarda bəzən xırda burjua, millətçilik meylləri özünü büruzə verir. Ses¬siyada artıq məktəb haqqında qanun qəbul edildikdən sonra yazıçı Rəsul Rza ayağa qalxıb təklif etdi ki, qanunda belə yazılsın: “Azərbaycanlılar yalnız Azərbaycan dilində oxuya bilərlər”. Mənə belə gəlir ki, bundan xırda burjua, millətçilik meyllərinin üfunətli qoxusu gəlir”.

Daha sonra söz Azərbaycan SSR Nazirlər Sovetinin sədri Vəli Axundova verildi. Dil haqqında qanundan danışarkən Axundov qeyd etdi ki, Azərbaycanda belə bir qanunun qəbul edilməsinə heç bir zərurət yox idi. İndiyədək biz buna siyasi qiymət verməmişik. Buna vaxtında siyasi qiymət vermədiyimiz üçün indi həmin fərmana siyasi qiymət vermək istərdim. Buna siyasi qiymət vermədiyimizin ucbatından həmin əhvali-ruhiyyənin qalıqları indi də davam edir. Onun fikrincə, bu qanunun qəbul edilməsi siyasi cəhətdən səbatsız olan bir sıra adamların, bir sıra dairələrin millətçilik əhvali-ruhiyyəsinin yüksəlməsinə gətirib çıxartdı.

Vəli Axundov dedi: “Onlar respublikada millətçilik dalğasının yüksəlməsinə rəvac verdilər və Mirzə İbrahimov isə bu işin təşəbbüskarı olduğundan, istər-istəməz onu özlərinin milli qəhrəmanına çevirdilər. Əhalinin müəyyən hissəsi, xüsusilə, gənclər və tələblər bu təsirin atına düşdülər. Hər dəfə Mirzə İbrahimov çıxış edəndə sürəkli və arasıkəsilməz alqışlar məhz bununla bağlı idi. Yalnız bu gün siz çıxış edəndə sizi alqışlamadılar. Təcrübəli, çox yaxşı yazıçı, qeyd etmək lazımdır ki, həm də siyasi işçi və dövlət xadimi olan Mirzə İbrahimovun adı çəkilən ünsürlərin toruna düşməsi heç yaxşı iş deyildir və tora düşəndən sonra da o, axınla gedir…

Mən Mirzə İbrahimova həmişə böyük hörmət bəsləmişəm və bəsləyirəm, lakin o, bu xitabət kürsüsündən bizim hamımızı çaşbaş salan nəhəng siyasi səhvindən danışmalı idi. Cürbəcür dedi-qodulara səbəb olan bu təşəbbüs onundur. Ümumiyyətlə, yoldaş İbrahimov, siz belə fikirləşməyin ki, xalq haqqında, respublika zəhmətkeşləri haqqında yalnız siz düşünürsünüz. Vətənpərvərliyi inhisara almaq düzgün deyil axı… İnanın biz hamımız öz xalqımızı, öz respublikamızı özümüzdən çox istəyirik, lazım gələrsə respublika, partiya, xalq yolunda canımızı da verərik. Lakin bu heç də o demək deyildir ki, respublikaya, xalqa sizin təqdim etdiyiniz şeyləri təqdim edəsən, əslində bu ayı xidmətidir”.

Lakin Vəli Axundov uzun müddət rəhbərlik etdiyi səhiyyə nazirliyi sistemində dövlət dili haqqında qanunun tətbiqi ilə bağlı məsələyə toxunmadı. Halbuki, respublikadan Moskvaya göndərilən ərizə və şikayətlərin böyük bir hissəsi məhz səhiyyə nazirliyi sistemində kargüzarlıq işlərinin Azərbaycan dilinə keçirilməsi və xüsusən xəstəlik tarixlərinin yeni qəbul olunmuş dövlət dilində doldurulması ilə bağlı idi. Eyni zamanda 3 ay əvvəl məktəb islahatı və rus məktəblərində Azərbaycan dilinin icbari keçilməsi haqqında qanunu respublika Ali Sovetin sessiyasında Nazirlər Sovetinin sədri kimi Vəli Axundov təqdim etmişdi.

Puşkin (Biləsuvar) Rayon Partiya Komitəsinin katibi Kamil Quliyev öz çıxışında daha dərinə getdi. O, qeyd etdi ki, bizdə Mirzə İbrahimov kimi yazıçılar çoxdur, qoy onları kəndə göndərsinlər, qoy onlar kənddə yaşayaraq müəyyən vəzifə tutsunlar və bundan sonra yazsınlar. Kamil Quliyev dedi: “Bəla burasındadır ki, bu cür yazıçılar əsl həyatı tanımırlar. Ona görə də iclaslarda belə çıxışlar edirlər ki, öz şəxsiyyətlərini qaldırsınlar. Burada Mirzə İbrahimov ana dili, yaxud Azərbaycan dili sahəsində özünün fəaliyyətindən danışdı. Mən onun Azərbaycan dili haqqında yazdığı kitabı oxumuşam. O, böyük tirajla buraxılmışdır və hər yanda satılırdı. Bu kitabla o, demək istəyirdi ki, guya respublikada Azərbaycan dili uğrunda mübarizdir. Bu kitabda o, əlbəttə, çoxlu səhvləri olan, millətçilik qoxusu gələn bir neçə məqaləsini çap etdirib.”

Qasım İsmayılov (Goranboy) Rayon Partiya Komitəsinin katibi Məmməd Əliyev isə bildirdi ki, Mirzə İbrahimov dil məsələsini ortaya atandan sonra gənclərimizin bir hissəsi rus dilini öyrənməkdən imtina edir: “Belə bir dövrdə, Oktyabr dilinin, Lenin dilinin bizə hava və su kimi lazım olduğu bir dövrdə dil haqqında məsələ qaldırmaq, millətçi məsələ qaldırmaq işimizə ziyan vurmaq deməkdir. Mən gözləyirdim ki, İbrahimov məruzədəki tənqiddən ibrət götürər və səhvini boynuna alar. Ancaq əksinə, o, hücuma keçdi. MK bürosuna qarşı yönələn bu hücum böhtandır.

Mirzə İbrahimovun çıxışı MK üzvləri tərəfindən ciddi şəkildə tənqid olunsa da və İmam Mustafayevin mövqeyi bütün çıxışçılar tərəfindən müdafiə olunsa da, plenumun işini idarə edən MK-nın birinci katibi əsas məruzəçi Abdulla Bayramova tövsiyə etdi ki, Mirzə İbrahimovun qaldırdığı məsələlərə cavab vermək lazımdır. Bu tövsiyəyə uyğun olaraq iyunun 17-də plenumda yekun sözü söyləmək Azərbaycan KP MK katibi Abdulla Bayramova həvalə edildi. O, bir sıra çıxışlarda səsləndirilən – Mirzə İbrahimovun dediklərinə görə plenum qarşısında cavab verməsi məsələsinin qaldırılmasının əleyhinə oldu və qeyd etdi ki, Mirzə İbrahimov MK üzvü kimi çıxış edib öz fikrini əsaslandırdı, digər MK üzvləri isə öz fikirlərini dedilər və hamını inandırdılar ki, Mirzə İbrahimov haqlı deyildir. Abdulla Bayramov yekun sözündə bildirdi ki, o öz məruzəsində Mirzə İbrahimovun səhvlərinin bir tərəfini, onun intizamsızlığını göstərib. Onun dövlət dili haqqında məqaləsi, Azərbaycan dili ilə bağlı digər təklifləri və siyasi fəaliyyətinin ayrı-ayrı istiqamətləri ilə əlaqəli məsələlərə toxunmayıb.

Eyni zamanda Abdulla Bayramov Vəli Axundovun çıxışının dil haqqında qanun qəbul edildikdən sonra ona siyasi qiymət verilmədiyi barədə hissəsi ilə razı olmadığın bildirdi. O, dedi ki, bir sıra büro üzvlərinin təkidi və təklifi ilə 1957-ci il martın 16-da, yəni qanun qəbul edildikdən altı ay sonra bu məsələ ilə bağlı büro üzvlərinin əksəriyyəti, bir daha qeyd edirəm, heç də hamısı yox, əksəriyyəti tərəfindən belə fikir söyləndi ki, İbrahimovun gətirdiyi faktlara… laqeyd qalmaq olmazdı, lakin bundan ötrü 1956-cı ildə, özü də başqa respublikaları misal gətirərək qanun qəbul etməyə zərurət yox idi.

Öz aramızda deməliyəm ki, bu maddə yalnız iki respublikada (Gürcüstan və Ermənistanda) mövcuddur, özü də o respublikalarda ki, həmin bənd onların konstitusiyalarına lap əvvəldən yazılmışdı. Ayrıca maddə kimi əlavə edilməmişdi. Büro üzvləri bildirdilər ki, başqa respublikaları nümunə gətirməyin əhəmiyyəti yoxdur. Bu qanunun qəbul edilməsi bütövlükdə bir sıra arzuedilməz faktlar ortaya çıxarmışdı ki, bunlar da büro üzvlərinin bəzilərində narazılıq doğurmuşdu…

Ardı var…

 

Cəmil Həsənli

Tacxeber.com

Oxşar xəbərlər

Fyodorovu niyə vəzifədən uzaqlaşdırmağa çalışırlar?

redaktor

Ukraynada şok siyasi zəlzələ: Zelenskinin “Rəqib” təmizliyi

redaktor

Etnik kartı kimlər açır? – Təsadüf, yoxsa planlı ritorika…

redaktor