DünyaSiyasət

İsrail hökuməti “erməni soyqırımı”nı nə üçün tanıdı?

İsrail hökuməti xarici işlər naziri Gideon Saarın təklifi ilə Osmanlı İmperiyasının son illərində baş verən hadisələri erməni xalqına qarşı törədilmiş soyqırımı kimi tanınmasına yekddilliklə səs verdi. Hökumətin bu qərarından sonra Gideon Saarın təklifi parlamentdə səsverməyə çıxaraılacaq. Əgər, Knesset hökumətin mövqeyini dəstəkləsə, İsrail dövləti qondarma “erməni soyqırımı”nı rəsmən tanımış olacaq. Hələlik, hökumətin qərarı İsrail dövlətinin qondarma “erməni soyqırımı”nı tanıması anlamına gəlmir.

İsrail hökumətinin bu qərarı siyasi islamçılara, eləcə də bilərək və ya bilməyərək siyasi islamın maraqlarına xidmət edənlərə İsrailə qarşı çıxışlar üçün “əlavə arqument” verib. Digər tərəfdən bəziləri tamamilə əsassız olaraq bu hadisənin Azərbaycana qarşı bir təzyiq olduğu haqqında rəy yaratmağa çalışırlar. Siyasi islamçıların, bilərək və ya bilməyərək siyasi islamın maraqlarına xidmət edənlərin yanlış rəy yaratmaq cəhdinin Azərbaycan xalqının həyati əhəmiyyətli maraqlarına zidd olduğu üçün İsrail hökumətinin bu addımı atmasının səbəblərinə aydınlıq gətirməyə çalışacağam.

İsrail dövləti yarandıqdan sonra onu ilk tanıyan müsəlman ölkəsi Türkiyə olub. Uzun illər Türkiyə ilə İsrail arasında strateji münsibətlər olub. ASALA və PKK-nın Livan və Fələstindəki təlim düşərgələrinin məhv edilməsi, Türkiyənin 30 min insanın ölümünə səbəb olmaqda ittiham etdiyi PKK-a lideri Abdullah Öcalanın Yunanıstan kəşfiyyatından qaçırılaraq Türkiyə xüsusi xidmət orqanlarına təslim edilməsi iki dövlət arasında strateji münasibətlərin nəticəsi olub. Abdullah Öcalanın Yunanıstan kəşfiyyatından qaçırılaraq Türkiyə xüsusi xidmət orqanlarına təslim edilməsi o zaman baş nazir olan Benyamin Netanyahunun əmri əsasında MOSAD tərəfindən həyata keçirilib. İsrail Türkiyə dövlətinin PKK-a terroruna qarşı mübarizəsini siyasi, diplomatik və hərbi-texniki addımlarla uzun müddət dəstəkləyib. PKK-a liderlərinə görə İsrailin dəstəyi olmasaydı Türkiyəni illər öncə masa arxasında oturmağa vadar edə bilərdilər.

İki dövlət arasında strateji əməkdaşlıq Rəcəb Tayyip Ərdoğanın 2009-cu ilin yanvarında Davos İqtisadi Formundakı “One Minute” isterikası ilə ağır zərbə aldı. “Erməni soyqırımı”nın tanınması məsələsi də İsraildə məhz bu çıxışdan sonra, 2011-ci ildə gündəmə gəldi. İfrat sağçı Milli Birlik partiyasının deputatı Arye Eldad 2011-ci ilin iyununda 24 apreli “erməni soyqırımı”nın rəsmi anım günü elan edən qanun layihəsi təqdim etsə də, layihə səsverməyə çıxarılmadı. Bir neçə il sonra, 2018-ci ildə Knessetdə növbəti təşəbbüs səsvermə hakim koalisiyanın dəstəyinin olmaması səbəbindən nəticə vermədi.

HƏMAS-ın 7 oktyabr 2023-cü il qanlı terrorundan sonra Türkiyənin HƏMAS-a birmənalı dəstəyi iki ölkə arasında müansibətləri qırılma nöqtəsinə gətirdi. Türkiyə rəsmilərinin İsrailli Qəzzada soyqırımı həyata keçirməkdə ittiham etməsi, ən əsası ABŞ, Avropa İttifaqı, Böyük Britaniya, Kanada, Yaponiya, Avstraliya, Yeni Zelandiya, Argentina və İsrail tərəfindən terror təşkilatı kimi tanınan HƏMAS-ın Türkiyə üzərindən bir çox fəaliyyəti həyata keçirməsinə imkan yaratması münasibətləri gərginlədirərək İsrail hökumətinin “erməni soyqırımı”nı tanıması mərhələsinə gətirib çıxardı.

İsrail hökumətinin bu addımı bu günə kimi atmaması ABŞ və Azərbaycanın diplomatik təşəbbüslərinin nəticə verəcəyinə bağlanan kövrək ümidlər, eləcədə Azərbaycan və Mərkəzi Asiyanın türk dövlətlərinin maraqlarını nəzərə alması idi. Buna görə İsrail hökumətinin qondarma “erməni soyqırımı”nı tanımasının Azərbaycana təzyiq olması haqqında iddiların heç bir əsası yoxdur. Bu iddialar tamamilə cəfəngiyatdır.

İsraildən öncə dünyanın 34 ölkəsi qondarma “erməni soyqırımı”nı tanıdığı üçün bu nə ilk, nə də son olmayacaq. Ancaq İsrailin qərarının təsiri 34 ölkənin mövqeyindən daha təsirli olacaq. Çünki, İsrail dövlətinin qərarı dünyada ən güclü lobbi olan yəhudi lobbisinin mövqeyinə və dünyanın aparıcı şirkətlərindəki rəhbər yəhudilərin mövqelərinə ciddi təsir edəcək. ABŞ-dakı yunan və erməni lobbisi yəhudi lobbisinin simasında güclü müttəfiq qazanacaq ki, bu da Türkiyənin bütün istiqamətlərdə sıxışdırılması ilə müşaiyət olunacaq.

Qənaətimcə, “Müsəlman qardaşları”nın qlobal miqyasda terror təşkilatı kimi tanınması və Türkiyənin bu şəbəkədəki yeri ilə bağlı məsələlər bundan sonra daha geniş şəkildə önə çıxmağa başlayacaq. Bu məsələnin Trampın prezidentliyi başa çatdıqdan, Böyük Britaniya, Almaniya və Fransadakı növbəti seçkilərdən sonra çox ciddi hal alacağı qanaətindəyəm. Rusiya və İran məsələsindən sonra Qərbin əsas hədəfinin “Müsəlman qardaşları” olacağı aydın görünür. “Müsəlman qardaşları”nın qlobal miqyasda terror təşkilatı kimi tanınması Türkiyə üçün fəlakətin qapısını açacaq.

Türkiyəninin bu aqibətdən yayınmaq üçün nəzəri şansı olsa da, gerçəklikdə belə bir imkanı yoxdur. Siyasi islamçılar öz dünyagörüşlərini cəmiyyətin böyük bir hissəsinin möqeyinə çevirə bildikləri üçün Türkiyənin taleyi artıq hakimiyyət dəyişikliyindən də asılı deyil. Üstəlik, islamçıların dəstəyi olmadan Türkiyədə heç bir siyasi təşkilat, heç bir siyasi lider dayanaqlı hakimiyyət formalaşdıra bilməz. Ona görə də Türkiyənin onu gözləyən aqibətdən yayınmaq şansı demək olar ki, yoxdur.

Azərbaycan mövqeyi necə olmalıdır? Bu suala növbəti yazıda aydınlıq gətirməyə çalışacağam.

 

Xəqani Cəfərli

Tacxeber.com

Oxşar xəbərlər

Putin bu günahlardan necə qurtulacaq sonda?

redaktor

Bu qərarın kiməsə xeyrini görmürəm…

redaktor

İsrail nəinki tarixdə ən israilpərəst ABŞ prezidentini, ümumiyyətlə, ABŞ-ı itirir

redaktor