24.2 C
Bakı
28 İyun 2026 21:04
DünyaSiyasət

Rusiya-Ukrayna münaqişəsində nə baş verir

Rusiya bu ilin sonunadək, fikrimcə, Slavyansk və Kramatorsk şəhərlərini ələ keçirəcəyini planlaşdırmışdı. Bu şəhərlər Donetsk vilayətinin son istehkam-şəhərləridir. Ukrayna üçün onların itirilməsi ağır nəticələr verə bilər, çünki onlardan sonra Ukraynanın belə illərlə möhkəmləndirilmiş məntəqələri yoxdur. Onların itirilməsi həm də müharibənin psixoloji sınma anı ola bilər. Bundan sonra Rusiya üçün müxtəlif istiqamətlərdə hücum əməliyyatları üçün əlverişli imkanlar açılır.

Qərb Ukraynaya nə qədər kömək etsə də Rusiyanı döyüş meydanında məğlub edə bilməyəcəyini artıq başa düşüb. Lakin Rusiyanın irəliləməsi də onların planlarını alt-üst edir. Əlbəttə, müharibənin lap on il də davam etməsi Qərbin xeyrinədir – onsuz da hər iki tərəfdən ölənlər slavyanlardır. Nə qədər çox ölsələr, Qərb buna yalnız sevinər – o qədər vuruşsunlar ki, hər ikisi əldən düşüb, Qərbin vassalına çevrilsin (Ukrayna artıq vassaldır). Onlar bu müharibəni İran-İraq müharibəsinə döndərmək istəyirlər. Amma müharibəni davam etdirməyə mane olan problem var: Ukraynada müharibədə qırmağa adam tapılmır. Qərb Ukraynada insanların, hətta xəstələrin də ən vəhşi üsullarla müharibə üçün oğurlanmasına göz yumur – təki müharibə davam etsin. Amma resurs bitir, cəbhədən yüz minlərlə qaçan var, ukraynalılar TSK-ya qarşı aqressiv davranmağa başlayıblar – əvvəllər yalnız müqavimət göstərirdilərsə, indi artıq TSK işçilərini öldürməyə də başlayıblar: təbii ki, adam öldürməyə görə həbsxanada hətta 10 il də oturmaq cəbhəyə real ölümə getməkdən yaxşıdır.

Buna görə də onların məqsədi müharibəni indiki təmas xətti üzrə dayandırmaq, bundan sonra isə Ukraynanı NATO-ya inteqrasiya etməkdir. Rusiya isə bu şərtlərlə müharibəni dayandırmaq istəmir, çünki bu halda Qərbin Ukraynanı yenidən daha güclü silahlandırıb, 3-5 ildən sonra Rusiyaya qarşı istifadə edəcəyi aydındır – bunu heç gizlətmirlər də. Rusiya yalnız Ukraynanın neytral olacağına təminat alacağı təqdirdə müharibəni dayandırmaq məsələsi üzrə danışıqlara başlaya bilər. Bu da Qərbə sərf etmir. Deməli, Rusiyanı məcbur etmək lazımdır. Bəs Qərb Rusiyanı müharibə yolu ilə dayanmağa məcbur edə bilmirsə, bunu necə etməyi planlaşdırır?

Sentyabrın 20-də Rusiyada parlament seçkiləri olacaq. Qərb seçkilərədək Rusiyada əhalinin hakimiyyətdən narazılığını gücləndirməyə çalışır. Etiraz elektoratı o qədər qızışdırılmalıdır ki, seçkilərdə “Yedinaya Rossiya” (Putinin partiyası) üstünlük qazanmasın və ya üstünlük qazanmayacağına inam yaransın (bu daha vacibdir). “Yedinaya Rossiya”nın və ya onu təmsil edən hökumətin gözdən salınması üçün Qərb mətbuatı və müxtəlif daxili şəbəkələri mümkün olan hər şeyi edir və edəcəklər. Seçkilərdən sonra isə klassik ssenarini işə salmalıdırlar. Məncə, “Yedinaya Rossiya” onsuz da qalib gələcək, ona alternativ güclü partiya yoxdur – sadəcə, əvvəlki seçkilərə nisbətən səs payı azala bilər. Seçki nəticələri həqiqi də olsa, saxtalaşdırılsa da, ictimai rəy eyni olmalıdır – bütün Qərb mətbuatı və yerli qərbpərəstlər vahid təlimat üzrə əhaliyə onun saxtalaşdırıldığını bildirəcək və Maydan təşkil etməyə çalışacaqlar. Əsas əhalini meydanlara toplamaq və xaos yaratmaqdır – sonrası dəfələrlə təcrübədən keçirilmiş texnologiyalar üzrə getməlidir…

Maydanın baş tutması üçün indidən total təbliğat və psixoloji hazırlıq işləri görülür. Rusiyanın dərinliklərində zavodlar zərbələrə məruz qalır və bunu Qərb mətbuatı böyük pompa ilə təqdim edir. Hər yerdən Rusiyanın müharibədə dalana dirəndiyi (bunu 4 ildir deyirlər), Ukraynanın müharibədə üstünlük qazandığı barədə xəbərlər, “analitik məqalələr”, “ekpert rəyləri” dərc olunur, Rusiya əhalisinə psixoloji təzyiq göstərilir ki, müharibəni dayandırmasa, Rusiyanın vəziyyəti daha da pis olacaq. Ölkədə dini, milli ədavəti qızışdırmaq üçün tg-kanallar vasitəsilə müxtəlif təxribatlar aparılır və s. Bu psixoloji təzyiq sentyabradək daha da intensivləşəcək. Rusiyada diversiya və terror hadisələri arta bilər…

Hərçənd cəbhədə vəziyyət ümumən Rusiyanın xeyrinədir. Rusiya Konstantinovka şəhərinin, təxminən, 3/4 hissəsini, müdafiəsi əlverişli olan ərazilərini ələ keçirib. İstehkam-şəhəri Qərbin gözləmədiyi halda Rusiya sürətlə ələ keçirtdi və bunun üçün kiçik (~1000 nəfərlik) qüvvə istifadə edir. Az qala 1 ildir müdafiə olunan Liman şəhərinin taleyi artıq məlumdur – şəhərdə döyüşlər başlayıb və onun itirilməsi 3-4 həftənin işidir. Ruslar çox əlverişli yüksəklikdə yerləşən və Slavyansk şəhərini dron zərbələri və top atəşi altında saxlamağa imkan verən Ray-Aleksandrovka qəsəbəsini də bu günlər ələ keçiriblər. Nəticədə döyüşlər Kramatorsk və Slavyanska yaxınlaşmağa başlayıb, artıq fpv-dronlarla şəhərlərə zərbələr endirilir. Kupyansk şəhərində də təşəbbüs ruslardadır, itirdikləri əraziləri geri qaytarırlar. Sumı və Xarkov vilayətlərində asta da olsa irəliləyirlər (dronların hakim olduğu müharibədə sürətli irəliləmə mümkün də deyil). Ukrayna qüvvələri Orexovdan yuxarıda və Zaparojyedə rusları geri çəkiblər. Hazırda Zaporojyedə vəziyyət yenidən əksinə dəyişməyə başlayıb.

Rusiyanı irəliləməsinin gecikməsinə əvvəllər olmayan 2 amil mane oldu: Rusiya üçün “Starlink”in söndürülməsi və Ukraynanın ABŞ-ın yeni “Hornet” dronlarından istifadə etməsi. Bu dronları REM söndürə bilmir, çünki onlar süni intellektlə avtonom qaydada işləyirlər (“Starlink”ə çıxmaqla). Onlar Rusiya ordusunun logistikasına ciddi maneə yaradırlar. Lakin bu müharibə dünyanın ən texnoloji müharibəsidir. Hər dəfə tərəflərdən biri texnoloji yenilik sayəsində müəyyən üstünlük qazanandan 2-3 ay sonra digər tərəf ona cavab texnologiyası tapır və üstünlüyü geri alır. Bu proses 2022-ci ildən fasiləsiz şəkildə davam edir. “Hornet”in qazandırdığı üstünlük də 2 aydan çox çəkməyəcək. “Starlink”lə bağlı problem qısa müddətə həll edilə bilməz. Rusiya alternativ rabitəni qurub, lakin o keyfiyyətcə “Starlink”dən qat-qat geridir. Bu ilin martında Rusiya “Büro 1440” layihəsi üzrə kosmosa “Starlink”ə analoq olan 16 peyk buraxdı (sınaq peyklərini 2023-cü ildə buraxmışdı). Hələlik peyklər yalnız Ukraynanı əhatə edəcəklər. 2030-cu ilədək bu tip peyklərin sayının 300+ olacağı nəzərdə tutulub.

Rusiyanın bu müharibədə ən zəif yeri informasiya cəbhəsidir. Bunu bəlkə də başa düşmək olar – Qərbin bütün informasiya resursları və təcrübəsi Ukraynaya işləyir. Məsələn, Rusiya Ukraynada bütün zavodları partlatsa da Ukraynanın Rusiyada bir zavodu partlatması informasiya məkanında daha çox əks-səda verir. Hazırda Ukraynada bir NEZ də işləmir, bütün yanacaq xaricdən gətirilir, amma bu haqda yazan yoxdur. Ukraynanın Rusiyanın logistikasını çətinləşdirməsi haqda hamı yazır, amma eyni işi Rusiya da Ukraynaya qarşı edir – onun cəbhə bölgəsindəki yanacaqdoldurma məntəqələrini, yanacaqdaşıma avtomobillərini, lokomotivlərini vurur, elə rayonlar var ki, orada 1 salamat YDM də qalmayıb… Məsələn, dünən Rusiya Ukraynanın 3 MiQ-29-nu vurub – 2-sini Nikolayev vilayətinin Voznesensk hava limanında “Qeran-4” dronları ilə, 3-cüsünü Poltava vilayətinin Şişakov qəsəbəsi üzərində R-37M raketi ilə. Hər üçü ucuz sursatlardır. Ukrayna Rusiyanın 1 təyyarəsini vursaydı, indi bütün Qərb və bizim mətbuat bundan yazardı, amma Rusiya 1 gündə üçünü vurub – çoxu bilmir.

Əlqərəz, hər şey Rusiyada rəngli inqilab yaratmağa hesablanıb. Əgər bu da baş tutmasa, müharibəni davam etdirmək üçün Qərb Avropada sığınacaq almış ukraynalı kişiləri müxtəlif bəhanələrlə zorla ölkəsinə göndərəcək. Artıq bu istiqamətdə normativ aktlar hazırlanır, mətbuat kütləni buna hazırlayır. Proses onsuz da başlayıb, sadəcə, hələlik o kütləvi xarakter almayıb. Məsələn, Polşada qanun pozuntusu edən (bəzən hətta yol hərəkət qaydalarını pozan) şəxs tutulduqda deportasiya edilir – elə-belə yox a, polislər onu Ukrayna sərhədinə gətirərək, orada TSK-ya təhvil verirlər və 1 həftə sonra həmin şəxs səngərdə olur.

Hələlik bu qədər.

 

Tacxeber.com

Oxşar xəbərlər

Mark Zukerberqdən transgenderlərlə bağlı QADAĞA

redaktor

Fələstin liderinin maşın karvanına hücum edilib

redaktor

Tramp Rusiya sərhədlərinə iki nüvə sualtı qayıqları göndərib

redaktor