34 il əvvəl, 1992-ci il iyunun 26-da futbol tarixinin ən yaddaqalan sensasiyalarından biri baş verdi: Avropa çempionatının final turnirində iştirak hüququnu təsadüfən qazanan Danimarka millisi turnirin qalibi oldu.
Qitə komandaları final turnirinə vəsiqə qazanmaq üçün seçmə mərhələdə 7 qrupda mübarizə aparırdılar. Hər qrupun qalibi və ev sahibi İsveç (cəmi 8 komanda) final turnirində iştirak edəcəkdi (1996-cı ildən turnirdə 16 komanda iştirak etdi).
Danimarka dördüncü qrupda mübarizə aparırdı və vəsiqə qazana bilmədi. Skandinavlar Yuqoslaviyadan sonra qrupda ikinci yeri tutdular.
1991/92-ci il mövsümünün milli çempionatları başa çatandan sonra Danimarka futbolçuları istirahətə yollandılar. Onların bir çoxu kurort şəhərlərində dincəlirdilər ki, UEFA mayın 31-də, Avropa çempionatının başlamasına cəmi 10 gün qalmış Yuqoslavianı Balkanlardakı müharibə səbəbindən diskvalifikasiya etdi və onun vəsiqəsini danimarkalılara verdi.
Futbolçular tələm-tələsik milliyə çağrıldılar. Amma bütün dövrlər üçün Danimarkanın ən yaxşı futbolçusu hesab olunan Mikael Laudrup məşqçi ilə konflikt üzündən komandaya qoşulmadı.
Danimarkalılar gözlənildiyi kimi turnirə zəif başladılar. Komanda qrupda İngiltərə (0:0) və İsveç (0:1) ilə iki oyunda qol vurmayaraq 1 xal topladı. Amma üçüncü turda nəsil dəyişikliyi keçirən Fransa üzərində gözlənilməz qələbə qazandı – 2:1. Komanda cəmi 3 xal topladı, amma bu, ikinci yeri tutaraq (birinci yeri İsveç tutdu) yarımfinala çıxmaq üçün bəs etdi.
Yarımfinalda isə rəqib son Avropa çempionatının qalibi, van Basten, Qullit, Raykard, Kuman kimi oyunçuların çıxış etdiyi Niderland idi. Demək olar, hamı Niderlandın qalib gələcəyindən əmin idi. Amma narıncılar Raykardın 86-cı dəqiqədə vurduğu qolla son anda məğlubiyyətdən qurtuldular – 2:2. Əlavə vaxtda qol olmadı. Penaltilər seriyasında isə hamı penaltini dəqiq yerinə yetirdi, təkcə futbol tarixinin ən mahir bombardirlərindən biri olan van Bastendən savayı. 5:4 hesabı ilə qalib gələn Danimarka finala çıxdı.
Finalda isə rəqib dünya çempionu Almaniya komandası idi. Amma danimarkalılar turnir boyu ən yaxşı oyunlarını keçirdilər. Onlar 19-cu və 79-cu dəqiqələrdə fərqlənərək 2:0 hesabı ilə qalib gəldilər və Avropa çempionu oldular.
