ŞikayətSiyasət

“Sanki Əliyevin sifarişi ilə həbs olunmağımıza baxmayaraq, ədalətli məhkəmə aparacaqdınız”

İyunun 22-də Bakı Ağır Cinayətlər Məhkəməsində “Toplum TV işi” üzrə baş tutmalı olan məhkəmə prosesi təxirə salınıb.

Buna səbəb təqsirləndirilən şəxslərin və müdafiəçilərinin ötən prosesdə dövlət ittihamçısının etdiyi çıxışın mətni ilə hələ tanış olmamasıdır.

Proses vəkillərin müdafiə nitqləri ilə davam etməli olsa da, təqsirləndirilən şəxslərdən Demokratik Təşəbbüslər İnstitutunun (IDI) rəhbəri və III Respublika Platformasının spikeri Akif Qurbanov buna etiraz edib. O bildirib ki, təqsirləndirilən şəxslərin öz müdafiələrini qura bilmələri üçün prokurorun çıxışı ilə tanış olmaq hüquqları var.

Prosesə sədrlik edən hakim Azər Tağıyev isə əvvəlcə A.Qurbanovun tələbini təmin etmək istəməyib və onun çıxışını “şou” adlandırıb.

“Məhkəmə adı ilə şou göstərən sizsiniz. Proses başlayanda özünüzü elə aparırdınız ki, sanki [prezident] İlham Əliyevin sifarişi ilə həbs olunmağımıza baxmayaraq, ədalətli məhkəmə aparacaqsınız. Bəs nə oldu? Heç bir məhkəmə istintaqı aparmadınız, vəsatətlərin heç birini təmin etmədiniz”, – A.Qurbanov cavab verib.

IDI rəhbəri dövlət ittihamçısının çıxışında məhkəmə istintaqı zamanı tədqiq edilməmiş “sübut”ları da cinayət faktı kimi təqdim etməsinə irad tutub. Hakim isə prokuroru müdafiə edib, onun çıxışında bu “sübut”ları əsaslandırdığını deyib.

A.Qurbanov məhkəmənin araşdırmaqdan boyun qaçırdığı məsələlərə nümunə kimi həbsindən öncə polisin onun 17 min manat pulunu götürməyini xatırladıb.

Onun sözlərinə görə, 2023-cü ilin dekabrında III Respublika Platformasının qurucu üzvü Araz Əliyev onun əl çantasını ofisdən götürərək çıxıb və bir qədər sonra polis tərəfindən saxlanılıb.

“Çantanın içində mənə aid “MacBook Air 13″ markalı kompüter, bank kartları və 17 min manat nəğd pul olub. Araz Əliyev 25 sutka həbs cəzası aldı və cəzasını bitirdikdə sərbəst buraxıldı. Lakin çanta və içindəkilərin aqibəti hələ də naməlumdur. Mən prosesdə sizə Daxili İşlər Nazirliyinin bu cinayətini dedim, araşdırılmasını istədim. Bunu da araşdırmadınız”, – o qeyd edib.

Hakim sonra təqsirləndirilən şəxslərin müraciətini nəzərə alaraq onların prokurorun çıxışı ilə tanış olmaları üçün prosesi iyunun 29-a təxirə salıb.

Ötən prosesdə dövlət ittihamçısı Rauf Malışov Akif Qurbanov və III Respublika Platformasının qurucu üzvü Ruslan İzzətlinin hər birinə 16 il, “Toplum TV” həmtəsisçisi, media eksperti Ələsgər Məmmədli və IDI əməkdaşı Əli Zeynala 15 il,  “Toplum TV” redaktoru Müşfiq Cabbar, IDI əməkdaşları İlkin Əmrahov və Ramil Babayevə 14 il, jurnalistlər Fərid İsmayılov və Elmir Abbasova isə 13 il həbs cəzası verilməsini təklif etmişdi.

“Toplum TV işi” üzrə ümumilikdə 10 nəfərə cinayət işi açılıb. Onlar öncə qaçaqmalçılıqda ittiham edilsələr də, sonradan ittiham ağırlaşdırılıb.
Özləri ittihamları rədd edir, siyasi sifariş əsasında həbs olunduqlarını bildirirlər. (ToplumTV)

 

Tacxeber.com

Bizimlə əlaqə: [email protected]

Oxşar xəbərlər

İranlı deputat Rusiyadan şikayətləndi – “Zəngəzur dəhlizini dəstəkləmə arxadan zərbədir”

redaktor

Naxçıvan Duz Muzeyi ləğv edilib

admin

Müsavat və AXCP prezident seçkilərində iştirakdan imtina etdi.

admin