29.5 C
Bakı
20 İyun 2026 12:49
DünyaHadisə

Ukrayna KİV: “Azərbaycanın dövlət müəssisəsi Rusiya raketlərinin istehsal zəncirində yer alıb”

Ukraynanın dövlət platforması “United24” bildirir ki, əldə etdiyi daxili sənədlərə əsasən, Azərbaycanın dövlət nəzarətində olan istehsal müəssisəsi Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı müharibəsində istifadə edilən idarəolunan raketlərin istehsal zəncirində iştirak edib.

“United24”ün araşdırmasına görə, Rusiyanın X-29TE tipli “hava-yer” idarəolunan raketlərinin istehsal zəncirində Rusiyanın Perm Barıt Zavodu, Azərbaycanın Müdafiə Nazirliyinin tabeliyində olan “İqlim” Elmi-İstehsalat Müəssisəsi və Rusiyanın “Vımpel” raket istehsalçısı yer alır.

Proses Permdəki zavodda başlayır. “United2”4 bu zavodu Rusiyanın hərbi-sənaye zəncirinin “əsas həlqələrindən biri” kimi təsvir edir və bildirir ki, müəssisə hərbi məqsədlər üçün genişmiqyaslı partlayıcı maddələr və barıt istehsal edir. Platformanın məlumatına görə, zavod dövlətə məxsusdur və bu səbəbdən müəssisə ilə bütün ticarət əməliyyatlarına Rusiya hökuməti nəzarət edir. Zavod Avropa İttifaqı, ABŞ, Böyük Britaniya, Kanada, Avstraliya, İsveçrə, Yaponiya və Ukraynanın sanksiyaları altındadır.

Araşdırmada bildirilir ki, Permdən yalnız 9R-1036 kimi tanınan naməlum məhsul “İqlim”ə göndərilir. Burada həmin məhsul 63M kimi qeyd olunan komponentə quraşdırılır, sonra isə yenidən Permə qaytarılır. Daha sonra bu detal Rusiyanın digər sanksiyalı şirkəti olan “Vımpel”ə göndərilir.

“United24” yazır ki, “Vımpel” “hava-hava” və “hava-yer” idarəolunan raketləri, zenit sistemləri üçün idarəolunan raketlər, buraxılış qurğuları və katapultlar, bomba və torpedo tutucuları, eləcə də təyyarə və helikopterlərin qorunması üçün passiv maneə qurğuları istehsal edir.

“İqlim istehsal prosesində mühüm vasitəçi həlqədir”, – “United24” prosesin izahında qeyd edir.

“United24”ün məlumatına görə, Bakıda yerləşən “İqlim” 1961-ci ildə kondisioner zavodu kimi yaradılıb, daha sonra aviasiya müəssisəsinə çevrilib. 2006-cı ildə isə Elmi-İstehsalat Müəssisəsi kimi dövlət nəzarətinə keçib. Müəssisənin rəsmi dövlət səhifəsi hazırda açılmır.

 “İqlim” hazırda “Azərsilah” Müdafiə Sənayesi Holdinqi QSC-yə məxsusdur. Holdinq özünü “Azərbaycanın müasir müdafiə imkanlarının formalaşdırılmasında strateji rol oynayan” qurum kimi təqdim edir.

“Etibarlı, innovativ və yüksək dəqiqlikli müdafiə texnologiyalarının inkişafı vasitəsilə biz bugünkü əməliyyat tələblərinə cavab verən sistemləri məsuliyyət, dəqiqlik və ardıcıllıqla təqdim edərək milli və qlobal təhlükəsizliyə töhfə veririk”, – holdinqin missiya bəyanatında deyilir.

“United24” əldə etdiyi daxili sənədlərə istinadən bildirir ki, bu istehsal zənciri Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı işğalından əvvəl başlayıb, lakin 2023-cü ildə tədarük həcminin artdığı görünür.

Platforma qeyd edir ki, araşdırmanın nəticələri sanksiyalara baxmayaraq, Azərbaycanın müdafiə sənayesinin “Rusiyanın hərbi istehsal zəncirləri ilə bağlı qaldığını” göstərir.

“Azərbaycan Rusiyanın müharibəsinə dəstəyini açıq şəkildə bəyan etməsə də, davam edən əməkdaşlıq mövcud məhdudiyyətlərə nəzarət və onların icrası ilə bağlı suallar doğurur”, – “United24” yazıb.

Bu məlumatlar Azərbaycan və Rusiya arasında son dövrlərdə münasibətlərin gərginləşməsi fonunda diqqət çəkir. Münasibətlər xüsusilə 2024-cü ilin dekabrında Rusiyanın hava hücumundan müdafiə sisteminin vurduğu bildirilən “Azərbaycan Hava Yolları”na məxsus təyyarənin qəzaya uğramasından sonra daha da pisləşib. Azərbaycan həmçinin Rusiyanın hücumları nəticəsində Kiyevdəki səfirliyinə ziyan dəydiyini dəfələrlə bəyan edib.

“United24” bildirir ki, şərh almaq üçün həm “İqlim”ə, həm də “Azərsilah”a müraciət edib, lakin yazı dərc olunanadək cavab almayıb. (AbzasMedia)

 

Tacxeber.com

Bizimlə əlaqə: [email protected]

Oxşar xəbərlər

Netanyahunun oğlu bu ölkəyə köçdü: İsraillə bağlı şok faktları açdı

redaktor

Ərdoğan Azərbaycana yola düşdü

redaktor

Ukraynada İranın 3 dronu vuruldu

redaktor