Bu dəfə “sitcom” dadında keçən G7-də İran məsələsi, Tramp-Makron münasibətləri, Trampın hər dəfə arxasından atıb-tutduğu Bricitlə görüşü, Zelenskinin iştirakından sonra Moskvanın vurulması və s. kimi mövzular əsas gündəm idi. Çox maraqlı, zəngin, siyasət izləyiciləri üçün film dadında əyləncəli müddət oldu. Lakin liderlərin görüşündə mənim üçün ən maraqlı baş rol Meloni və Modi idi.
Dünyanın sevimlisi Corciya Meloninin ən yaxın olduğu, səmimiyyət qurduğu, sərbəst, divar çəkmədən danışdığı, səmimi güldüyü, yanında gülümsəməyə məcbur olmadığı, bütün məsələlərdə rahat fikir mübadiləsi apardığı lider, mənə görə, Hindistanın Baş naziri Narendra Modidir. İkilinin münasibətləri bu G7-də də xüsusi izlənilirdi. Meloni hər nə qədər mehriban davransa da, hər kəslə təbii olaraq qoruduğu bir səddi var. Hətta dəfələrlə qarşısında diz çökən Albaniyanın Baş naziri Edi Rama ilə belə. Lakin Modi ilə hər görüş və müzakirələrində vəziyyət dəyişir.
Başqa bir məsələ isə Trampın Narendra Modi ilə birgə açıqlamasıdır. ABŞ və Hindistan arasında soyuqluğun olduğu söhbətlərindən sonra ikilinin görüşü diqqət çəkib. Daha əvvəl Hindistanı “ölü iqtisadiyyat”, “cəhənnəm çuxuru” adlandıran Trampın Modi ilə bağlı sözləri isə gündəm olub. Hindistanla ticarət sazişinin imzalanma ehtimalı ilə bağlı suallara cavab verən Tramp, Modini göstərərək deyib: “O, çox xoş görünüşlü biridir, Mələk kimidir, amma həm də bi qatil qədər sərtdir. O, qatildir, yaxşı göründüyü üçün sizi təəccübləndirir”.
ABŞ lideri həmçinin Modinin rəhbərliyi dövründə Hindistana hücum olacağı təqdirdə, bu ölkəyə dəstək verəcəyini deyib. Bu mesaj birbaşa Pakistana ünvanlı dəyərləndirilib. Amma bir maraqlı məsələ var. İran və ABŞ arasında sazişin əldə olunmasında ən əsas vasitəçi, rabitəçi olan tərəf Pakistandır. Hətta müharibənin bitməsini çox istəyən Tramp, özü Pakistana və Qətərə oynadıqları rol üçün təşəkkür edib. Bir tərəfdə İslamabadın güclənən mövqeyi, artan siyasi roluna vurğu edilir, digər tərəfdən Dehliyə dəstək mesajı Pakistana xəbərdarlıq kimi dəyərləndirilir. Hazırda Pakistanda da, Hindistanda da maraqlı vəziyyət var. Amma xüsusilə Hindistanda BJP hökumətinin növbəti daxili-siyasi seçimləri maraqlıdır. Çünki bir müddət əvvəl tutulan dini-siyasi xətt nisbətən yumşalmış kimi görünür. Səbəb isə yeni nəsillə dəyişən auditoriyanın səsinin artıq fərqli çıxmasıdır.
