Bir daha qayıdım, faciəli qəzaya.
Bu məsələyə bir daha qayıdım, vicdanla, vəkilin qızının qəzası ilə bağlı bəzi ziddiyyətli məqama toxunum. Bir qisim insan bu məsələdə o, yolda dayanan maşını, bir qisim isə qızın özünü suçlu görür bu acı faciədə. Bəli hər ikisində səbəb var, ancaq bunlar qəzada əsas yox, yan səbəblərdir.
Əsas səbəb, mənim müşahidəmə görə, arxada, sağdan gələn, qəzanı görən kimi sağa çəkən və qızın birinci zərbədən sonra fırlanıb çırpıldığı o, ağ maşındır. Qız o maşını ötüb, iki maşın arası keçib getmək istəyib, bütün motosikllər adətən belə edirlər. Həmin ağ maşın isə, bunu görərək sürəti artırıb, qızı da sıxışdırıb dayanan maşına tərəf. Adətən maşın sürücüləri sevmirlər onları motosikl ötəndə, oyuncaq kimi baxaraq sıxırlar.
Bu sıxışdırmadan da, qız görüb ki, iki maşınlar arasında keçmək üçün yer qalmayacaq, kəskin sola çəkib motosikli, çaşaraq, dayanan maşına çırpılıb. Amma, arxadan gələn o, ağ maşın qıza yol verə bilərdi, sağa çəkib, sağda da yer var idi, videoda da var, necə ki, hadisəni görüb, maşını sağa çəkib çıxıb getdi. Motosikl toqquşmadan sonra qalxıb onun maşınına dəyib, zərər vursa da, dayanmayıb yoluna davam etdi. Niyə, çünki bilirdi ki hadisədə günahı var, başı bəlaya düşər.
Düzdür, bunu, o ara qarışıqda sübut etmək çox da asan deyil. Yəni müşahidə kamerası azacıq əvvəli, qızın o maşını örtdüyü, onun da qıza yol verməyib sola, dayanan maşını tərəfə sıxması görüntüsü, epizodu varmı? Bunu gərək istintaq, və avto texniki ekspertiza özləri aydınlaşdırsın.
Düzdür bu hadisədə, qızı, sürət həddini, sürücü vəsiqəsi olmadan sürməsini, yaşını, ona tərbiyə verən atanı, həm dayanan maşının sürücüsünü, ya nasaz maşına texniki baxışı və sairə amilləri, ümumən günahlı bilmək olar. Amma ki, istintaq və hüquqi baxımdan yanaşmada isə, hadisənin ən əsas, bilavasitə səbəbi və səbəbkarını aydın etmək lazımdır. Məsələn, qətl hadisəsində ölən insana bir neçə şəxs xəsarət yetirilə bilər. Lakin hüquq, kriminalistika, prosessual qanun mütləq tələb edir ki, aydın edilməlidir, ölümü bilavasitə törədən konkret, hansı xəsarət, ya, zərbə olub?!
Burada isə, söhbət qəzanın ümumi yox konkret səbəbindən və səbəbkarından gedir. Kənardan müşahidə ilə, təbii ki, mənim də o maşını suçlu kimi bilməyim imperativ yox, təxminidir. Ancaq, istintaq buna fikir yönəldib, aydın etsə yaxşıdır.
P. S.
Ümumiyyətlə, yollarda kövrək nəqliyyat: moped, velosiped, motosikletlərə imkan qədər yol verib şərait yaradılır ki, keçib getsin. Çünki iki təkərin üstündə yerində dayanmaq çətindir, həm, qəza zamanı da tələfatlıdırlar. Sivil ölkələrdə belədir. Maşında oturub onlarla yarış, oyna ya məzələn, olmaz, onların həyatilə faciəlı oynamış olursan. Maşınlar mopedlərlə mübarizə aparmamalıdır!
