Ermənistanda seçkilər başa çatdı. Paşinyan zəifləyərək də olsa, qələbə qazandı və 4 partiyalı parlament formalaşdı.
Səslərin hamısı, nəhayət, sayılandan sonra nəticələr belədir:
Nikol Paşinyanın “Vətəndaş İttifaqı Partiyası” – 49.85%
Samvel Karapetyanın “Güclü Ermənistan Partiyası” – 23.31%
Robert Koçaryanın “Ermənistan İttifaqı” – 9.95%
Qagik Tsarukyanın “Çiçəklənən Ermənistan Partiyası” – 4.00%
Beləliklə, Paşinyan 105 kreslolu parlamentdə 61 deputata, Karapetyan 28 deputata, Koçaryan və Tsarukyan isə müvafiq olaraq 11 və 5 mandata sahib oldular.
Əslində səhərə qədər Tsarukyanın partiyası parlamentə girmək üçün lazım olan 4% sərhədini gah keçirdi, gah keçmirdi və nəticədə ilk 3 partiyanın hərəsi 1-2 deputat daha çox qazana bilərdi, amma lap sonuncu yeniləmədə “Çiçəklənən Ermənistan”ın səsi 3.98%-dən 4.00%-ə yüksəldi və 5 mandat qazandılar.
Paşinyanın zəiflədiyini dedim, çünki həm səs itirib, həm mandat itirib, həm də daha güclü müxalifətlə qarşı-qarşıyadır.
2021-ci ildə Paşinyan 53.95% səslə 71 mandat qazanmışdı, özündən sonrakı ən güclü müxalifət 21.11% səslə Koçaryan və parlamentin ən kiçik partiyası da 5.22% səslə sabiq prezident Serj Sarqsyanın partiyası idi.
Bu dəfə Paşinyan 4.1 xal səs itirib, 10 kreslo daha az yerə sahibdir və qarşısında həm 3 müxalifət partiyası, həm də Koçaryan qədər keçmişdən yük daşımayan Samvel Karapetyan kimi ana müxalifət lideri var.
Azərbaycan ictimaiyyəti üçün ən maraqlı məsələlərdən biri də o oldu ki, Paşinyanın partiyası konstitusional çoxluq olan 71 kreslonu qazana bilmədi. Yəni, növbəti 5 ildə Paşinyanın konstitusiyanın fundamental maddələrini dəyişmək üçün tək başına referendum qərarı vermək ixtiyarı olmayacaq.
Geri qalan 3 partiyanın da kifayət qədər rusiyayönümlü və müxtəlif dərəcələrdə millətçiliyini nəzərə alsaq, Azərbaycanın sülh müqaviləsinin şərti kimi qoyduğu konstitusiya dəyişikliyinin reallaşması kifayət qədər çətindir.
Üstəlik, nəzərə alsaq ki, Paşinyan ilk dəfə 50%-dən aşağı səslə qalib gəldi, deyə bilərik ki, hətta referendum olsa da, oradan müsbət nəticə çıxmaya bilər.
Nikol Paşinyan Ermənistanı daha 5 il tək başına idarə etmək üçün mandat aldı, amma bu dəfə daha gərgin, daha bölünmüş bir cəmiyyət var. Görək, nələr olacaq.
