Ermənistanda seçkilər oldu. Bir çox adam Paşinyanın qalib gəlməsinə “hədsiz” sevinir.
Əgər Ermənistan seçkilərinin nəticəsi Azərbaycanın taleyini dəyişəcəkdisə, onda bir şeyi xatırlayaq. 2018-ci ildən hakimiyyətdə olan da Paşinyan idi, Şuşada yallı gedən də, “Qarabağ Ermənistandır” deyən də…
Bir həqiqət var. Bir var sülh istəmək, bir də var sülh istəməyə məcbur olmaq. Bunlar eyni şey deyil.Bizim fikrimizcə, Paşinyanın vəziyyəti ikincisidir.
Paşinyan bu gün öz dövlətinin maraqları üçün işləyir. O, erməni dövlətçisidir. Ermənistanı sevir və onun güclənməsini istəyir. Biz niyə buna sevinməliyik?
44 günlük müharibədən əvvəl də Ermənistanın başında Paşinyan idi. Bu gün onun qələbəsini öz qələbəsi kimi qeyd edənləri başa düşmək mənim üçün çətindir. Ancaq biraz sevinənləri anlamaq da mümkünsüz deyil.
Çünki bizim məmləkətdə seviniləsi hadisələr qalmayanda insanlar dönüb Qafqazın uğurlarına sevinməyə başlayırlar. Haradasa anlaşılandır.
Bizim üçün əsas məsələ isə Ermənistan deyil.
Azərbaycana bu gün dövlətçilik lazımdır. Təkcə Ermənistanla müqayisədə üstün görünmək üçün yox, öz insanımızın xoşbəxtliyi üçün. Azərbaycanda ciddi ideoloji və millilik boşluğu var. Bunu da Azərbaycanı 33 ildir idarə edən siyasi elita yaradıb.
Ermənilər öz sevinclərini yaşasınlar.
Biz öz ölkəmizdə sevinə, xoşbəxt ola bilmiriksə, çöldə qalanları nə vaxt şərləyəcəklər fikri 24 saat beynimizdə fırlanırsa, onların sevincinin bizə nə aidiyyəti var?
Bizim üçün düstur sadədir:
Vətəndaşın xoşbəxtliyi = dövlətçilik.
Dövlətçilik = məhkəmə + seçki + büdcə.
Bunun alternativi yoxdur! Sülh istəyiriksə birinci vətəndaşın özü ilə, ikinci vətəndaşın dövlət ilə, üçüncü Azərbaycanın başqa dövlətlər ilə sülh və əmin-amanlıq içində yaşamasından danışmalıyıq…
