22.1 C
Bakı
07 İyun 2026 13:59
DünyaSiyasət

ABŞ-da hara baxırsan, Epşteynin tələbələrini görürsən

Tramp administrasiyasının bütün vasitələrlə unutdurmağa və adiləşdirməyə çalışdığı “Epşteyn işi”ndən sonra oxuduğum və dinlədiyim materiallar əsasında daha çox inanmağa başlayıram ki, dünyanı sanki bir ələ keçirmək istəyən (bəlkə də keçirib) banda pedofillərdən ibarətdir, ya da bu bandanın ən güclü idarəetmə vasitəsi pedofillik cinayətidir. Dünən ilk dəfə eşitdiyim və sonra araşdırdığım bir hadisə haqqında məlumatı bölüşürəm.

Con Dennis Hastert ABŞ Konqresinin Nümayəndələr palatasının spikeri olub (1999-2007). O, Respublikaçılar partiyasından bu postda ən uzun müddət çalışan şəxs kimi tarixə düşüb. Kimdir Hastert?

🔹 Hastert 1942-ci ildə İllinoys ştatının Orora (Avropa) şəhərində doğulub. Bakalavr (iqtisadiyyat) və magistr (təhsilin fəlsəfəsi) təhsilini bu ştatda alıb. Sonra doğma ştatında 16 il orta məktəbdə tarix və siyasi quruluş fənlərindən müəllim işləyib. Eyni zamanda məktəbin güləş və futbol üzrə komandalarında məşqçilik edib. Hətta 1976-cı ildə İllinoys ştatı onu “İlin məşqçisi” adı ilə təltif edib.

🔹 1980-1986-cı illərdə İllinoys ştatının Nümayəndələr palatasının üzvü olub (Respublikaçılar partiyasından), uşaqların hüquqlarının qorunması, əmlak vergisi, təhsil və iqtisadiyyat sahəsində qanunvericilik təşəbbüsləri ilə çıxış edib.

🔹 1986-cı ildə ABŞ Konqresinin Nümayəndələr palatasına seçilib. 1994-cü ildən Respublikaçıların partiya təşkilatçısının 1-ci müavini postunu tutub.

🔹 1999-cu ildə Nümayəndələr palatasının spikeri Nyut Qinqriçin gözlənilmədən istefa verməsindən sonra növbəti spiker seçilib, Bill Klintonun (demokrat) 1-ci prezidentliyi və Corc Buş-oğulun (respublikaçı) 2-ci prezidentliyi dövrlərində vəzifəsində qalıb. Palatanın spikeri ABŞ-da əhəmiyyətinə görə 3-cü dövlət vəzifəsidir. ABŞ-da prezidentin rəsmi varislik ardıcıllığı aşağıdakı kimidir:
1. vitse-prezident,
2. Nümayəndələr palatasının spikeri,
3. Senatın müvəqqəti sədri (Senatda çoxluq təşkil edən partiyanın ən stajlı senatoru),
4. dövlət katibi,
5. maliyyə naziri,
6. müdafiə naziri,
7. baş prokuror (ədliyyə naziri),
8. daxili işlər naziri,
9. kənd təsərrüfatı naziri,
10. ticarət naziri.

🔹 2006-cı il Nümayəndələr palatasına seçkilərdə demokratlar çoxluq qazandığına görə 2007-ci ilin 20 yanvarında spiker postunu itirib. Onu bu vəzifədə Demokratlar partiyasından Nənsi Pelosi əvəz edib.

🔹 2007-ci ilin noyabrında isə o mandatından imtina edərək, konqresmen vəzifəsindən istefa verib. Buna səbəb kimi dövlətin 3-cü admı vəzifəsindən adi konqresmen vəzifəsinə düşməsi ilə barışmaması səbəb göstərilsə də, məncə, əsas səbəb başqa idi. Onun spikerlik dövrünün sonlarında respublikaçı konqresmen Mark Foleyin gənc təcrübəçilərə cinsi xarakterli mesajlar göndərməsi məlum oldu. Hastertin Foleyin əməllərindən əvvəlcədən xəbərdar olduğu, lakin bunu ört-basdır etməyə çalışdığı aşkar olduqda partiya daxilində böyük qalmaqal baş qaldırdı. Hastert qalmaqalın partiya çərçivəsindən kənara çıxmasının qarşısını almaq üçün istefaya getmək qərarına gəldi.

🔹 Bundan sonra o, bir lobbi təşkilatında çox yüksək maaşlı vəzifədə işləyib, çünki konqresmenləri yaxşı tanıyır və onlar arasında sözü keçirdi.

🔹 2015-ci ildə Federal Təhqiqat Bürosu (FBI) və Daxili Gəlir Xidməti (IRS) Hastertin şübhəli maliyyə fəaliyyətini aşkar etdi. O, məcburi bank nəzarətindən yayınmaq üçün hesabından tez-tez $10.000-dən az vəsait çıxarırdı. İstintaq nəticəsində məlum oldu ki, Hastert keçmiş şagirdlərindən birinə hissə-hissə “susmaq pulu” ödəyir. Razılaşdırılmış ümumi məbləğ $3,5 milyon idi. Daha sonra məlum oldu ki, Hastert orta məktəbdə məşqçi işlədiyi dövrdə (1965-1981) yetkinlik yaşına çatmayan oğlanlara qarşı sistematik şəkildə cinsi təcavüz edib. İddia müddəti bitdiyi üçün onu birbaşa pedofiliyaya görə təqsirləndirmək mümkün deyildi. Ona qarşı maliyyə fırıldaqçılığı üzrə ittiham irəli sürüldü.

🔹 2015-ci ilin oktyabrında Hastert maliyyə fırıldaqçılığında günahını etiraf etdi və məhkəməsi zamanı uşaqlarla əxlaqsız davranışını açıq etiraf etdi.

🔹 2016-cı ilin aprelində federal məhkəmə Hasterti rəsmi olaraq “seriyalı uşaq təcavüzkarı” adlandırdı və ona 15 ay həbs cəzası, $250.000 cərimə və cinsi cinayətkarlar üçün məcburi müalicə cəzası verdi.

🔹 Hastert “cəzasını” Minnesota ştatındakı ixtisaslaşmış federal tibb mərkəzində (faktiki olaraq – sanatoriyada) çəkdi. 13 ay həbsdə qaldıqdan sonra “yaxşı davranışa görə” 2017-ci ilin iyul ayında vaxtından əvvəl azadlığa buraxıldı.

🔹 2021-ci ildə Hastert qurbanlarından biri ilə məhkəmədənkənar son razılaşma əldə etdi və qurbana əvvəllər vəd edilmiş “susmaq pulunun” qalan hissəsini (~$2 milyon) ödədi.

🔹 Cinayətlərinin üzə çıxmasından sonra Hastert əvvəlki fəxri adlarından məhrum edildi: portreti Kapitoli binasındakı Spikerin foyesindən götürüldü, adı əksər fəxri siyahılardan çıxarıldı.

Məncə, Hastert adi amerikalıdan yalnız pedofilliyi ilə fərqlənirdi və məhz bu cəhətinə görə də onun siyasi karyerası, hətta cinayət işi və “cəzası” da belə uğurlu olmuşdu. Ən azı spiker seçiləndə xüsusi xidmətlər onun keçmişini yaxşı araşdırmalı idilər axı. Deməli, belə lazım imiş…

İndi ABŞ-da hara baxırsan, Epşteynin tələbələrini görürsən.

 

Asif Şəfəqqətov

Tacxeber.com

Oxşar xəbərlər

Qərb diplomatları Pezeşkiana şübhə ilə yanaşır – Mənbə

redaktor

Şuşa və Ərzurum arasında protokol imzalandı

redaktor

Bu necə minnətdarlıq hissidir?

redaktor