CəmiyyətGündəm

Kamal Abdulla nəyi etiraf edə bilmir?

Dəyərli alim və yazıçı Kamal Abdullanı 30 ildən çoxdur ki, tanıyıram. 1994-95-cı illərdə mənə oxuduğum Uludağ umiversitetində qısa müddətli dərs deyib. Həmin illərdə Türkiyədə dərc etdirdiyi “Gizli və Aşkar Dədə Qorqud” adlı kitabını da vərəqləmişəm (ona görə “oxumuşam” demirəm ki, təvazökarlıq həddini keçəcəyimdən qorxuram. Zira oxumaq alimlərə xas fəaliyyətdir, bizim kimi yarımçıq mürəkkəb yalayanlar isə kitabı ən yaxşı halda vərəqləyər və ya gözdən keçirər).

Açığını deyim ki, onun adını da Azərbaycan qadınını aşağılayanlar sırasında görəndə xeyli təəccüblənmişdim. Sonra “Qafqazinfo”ya verdiyi müsahibəsini əvvəl dinlədim, sonra mətnini gözdən keçirdim. Gəldiyim qənaət bu oldu ki, Kamal müəllimin fikirləri kontekstdən çıxarılıb. Daha sonra onun yenə eyni saytda təkzibi dərc olundu. Ərinmədim, onu da oxudum. Təkzib mətninin ilk cümləsindən gördüm ki, Kamal Abdulla da mənim kimi düşünür. O da hesab edir ki, fikirləri kontekstdən çıxarılıb. “Mənim son müsahibəmdə qadınlarla bağlı dediyim fikirləri təəssüf ki, yarımçıq şəkildə “Qafqazinfo” saytının manşetinə çıxarıblar. Bu fikrə kontekstdə yanaşmaq lazımdır”, – Kamal Abdulla həmin açıqlamasında belə deyirdi.

Bəs, Kamal müəllim öz fikirlərini hansı kontekstdə ifadə edib? Alimin özü bu suala belə aydınlıq gətirir: “Kontekst isə ondan ibarətdir ki, elə qadınlarımız var, öz potensialından istifadə edərək cəmiyyətimizin müxtəlif istiqamətlərində öz işlərini və bacarıqlarını göstərirlər. Bu, bizim müasir həyatımızda öz əksini normal şəkildə tapıb. Mən müsahibədə heç bir qəribə fikir səsləndirməmişəm. Ona görə də, müsahibəni oxumayanlar, ancaq manşetdəki fikirdən çıxış etdikləri üçün, özlərinin anladıqları şəkildə qoyduqları fikrə tam layiqdirlər. Mənim Azərbaycan qadınına, Azərbaycan qadınının cəmiyyətdə tutduğu yerə münasibətim bütün yaradıcılığım üzrə özünü göstərib. Mən həmişə belə məsələlərə son dərəcə tolerant, son dərəcə normal münasibət bəsləmişəm. Azərbaycan qadınına olan humanist, mənəvi və yüksək münasibətimi həmişə göstərmişəm. Ana, qadın sevilməyə və hər cür itaətə layiq olan simvoldur”.

Kamal müəllimə xüsusi hörmətim olsa da, etiraf edim ki, onun səsləndirdiyi bu sözlər müsahibədə dilə gətirdiyi fikirlərə tam bəraət də qazandırmır. Hörmətli alimimiz sanki nəyisə gizlədir. Açıq şəkildə deyə bilmir ki, öz tələbəmə güvənib sözümün ölçüsünü bir qədər qaçırmışam. Hesab etmişəm ki, tələbəm kiçik sensasiya xətrinə mənim boş buraxdığım məqamları olduğu kimi dərc etməyəcək, açıq qalan yerlərin ya üstünü örtüb gizlədəcək, ya da həmin hissəni ümumiyyətlə çıxacaq. Tələbəm isə müəllimində səhv tutmağın həyəcanı içində dediyimi olduğu kimi yayımlayıb.

Bununla belə, Kamal Abdullanın həqiqətən də o fikirləri dilə gətirərkən, məqsədini bir qədər aşdığına inanıram. Əminəm ki, o, Azərbaycan qadınını mətbəxə həbs olunmuş paltar və ya qabyuyan maşın, tozsoran aparatı kimi görmür. Sadəcə kafelərdə ağzının danışığını bilməyən, bəzən əxlaqsız sözləri ağzından qaçıran “kişi”lərin qabağına yemək daşıyan, qablarını yuyan, bəzən şit atmacaları ilə qarşılaşan varlıq kimi görmək istəmir. Yeri gəlmişkən, Kamal Abdulla mövzu ilə bağlı Kulis.az-a verdiyi açıqlamada da bunu etiraf edərək deyir: “İndi siz özünüz deyin – evin kişisi evin xanımını evə, övladlarına və mətbəxə istiqamətləndirsə, digər bütün maddi qayğıları özü çəksə yaxşıdır, yoxsa ana hansısa restoranda qab yumağa məcbur qalsa?”.

Müəllimim olmuş Kamal Abdullanın yeganə qüsuru odur ki, ictimaiyyət qarşısına çıxıb həqiqəti tam etiraf edə bilmir. Deyə bilmir ki, mən tələbələrimin etibarına güvənib bir qədər yanlışlığa yol vermişəm. Onların qarşısında danışarkən sözümün arxasını və önünü ölçüb biçməmişəm. Tam rahat şəkildə danışmışam. Tələbələrim isə bu etibarımdan istifadə edib ən çox tənqiqə məruz qala biləcək fikirlərimi seçib manşetə çıxarıblar.

Kamal Abdullanın bunu niyə etiraf edə bilmədiyini anlayıram. Onun problemi təkcə tələbələrini çətin vəziyyətə qoyub onları və özünü növbəti dəfə ictimai müzakirəyə çıxarmamaq da deyil. O həm də yazarlıq qabiliyyətinə kölgə düşər deyə bunu etmir. Kamal Abdullanın bu həssasiyyəti “Qafqazinfo”ya verdiyi müsahibədə də açıq-aşkar görünür. Müsahibənin bir yerində Kamal Abdulla deyir: “Məsələn, bəzən mənə cümlə yazmağı öyrətmək təşəbbüsləri də olur. Onlara da normal baxıram, amma bu, doğru deyil”. Qısası, Kamal bəy kimlərsə onun yazıçılıq qabiliyyətinə irad tutar deyə bu etirafı dilə gətirmək istəmir. Əslində isə o, hətta müsahibəni verəndə belə, ağzından ehtiyatsız bir fikir qaçırdığını, hətta bu fikrin manşetə çıxarıla biləcəyini də hiss etmişdi. Məhz bu səbəbdən də tələbəsi olan jurnalistə demişdi: “Bu hissəni manşetə çıxararsınız, daha çox oxunar”.

Bilmirəm, nə deyim? Şəxsən, mənim fikrimcə, jurnalistikanın vəzifəsi tərəf-müqabilinin ağzından pərvazlanan quşları tutmaq yox, onun hətta tam ifadə edə bilmədiyi fikirləri belə incə şəkildə işləyib ictimaiyyətə çatdırmaq olmalıdır.

Amma öz aramızdır, Kamal müəllim, əfvinizə sığınıb bu fikirlərimi də dilə gətirmək istərdim: Tələbələrinizdən çox inciməyin. Yaxşı tələbələr yetişdirə bilmədiyiniz üçün ilk növbədə özünüzü qınayın.

 

Heydər Oğuz

Tacxeber.com

Oxşar xəbərlər

“Burada çıxış etməyim möcüzədir” – AZAL-ın təyyarə qəzasında sağ qalan bələdçi

redaktor

SOCAR 12 il əvvəlkindən az vergi ödəyəcək, şirkət üçün postneft erası artıq başlayıb?

admin

Avropa Məhkəməsi Azərbaycan hökumətini “Obyektiv TV işi”nə görə cərimələyib.

admin