Dostlar, bir neçə gün əvvəl elə bir hadisə baş verib ki, gəl görəsən! Qətərin ilk qaz tankeri Hörmüz boğazından keçib. Amma necə? Elə-belə yox ha! İranın ‘xeyir-duası’ və rəsmi Tehranın yeni ‘keçid sxemi’ ilə. Yəni, bunun sadə tərcüməsi odur ki, ‘hörmətini’ edib keçib, sadəcə bunu hələ ki, rəsmi elan eləmirlər.
Görünən odur ki, Hörmüzdə artıq yeni status-kvo, yəni yeni ağalıq qaydaları işləyir. Region ölkələri də Tehranın bu təzyiqi qarşısında, ABŞ-ın da ‘əlindən bir iş gəlmədiyini’ görüb, yavaş-yavaş taleyi ilə barışmağa başlayırlar.
Amma İran bununla qane olmur, iştahı getdikcə açılır! İndi də keçiblər boğazın dibinə. Tehran bəyan edib ki, boğazın dibinin statusuna yenidən baxacağıq. Niyə? Çünki oradan keçən yüksək sürətli internet kabellərindən də ‘haqq’ almaq istəyirlər. ))) Allah qüvvət versin. Sükanı belə saxla.
Zarafat deyil ha, Asiya ilə Avropa arasındakı internet trafikinin düz üçdə biri bu kabellərdən keçir. Amazon, Google, Microsoft kimi dünya nəhəngləri indi Tehranın ağzına baxmalı olacaqlar. Çünki burada gəmi müşayiət eləmək-filan lazım deyil, bircə dənə kabeli ‘çart’ elə kəsdilər, vəssalam – ‘oyun bitdi’!
Yüz milyardlarla dollar sərmayə qoy, axırda da gəl bir kabelin ümidinə qal… Trampın bu ‘möhtəşəm’ avantürasının nəticələrini hələ çox şeyxlər, əmirlər və transmilli biznesmenlər ‘xoş’ sözlərlə xatırlayacaqlar.
Hərbi güclə yox, strateji gedişlərlə özündən qat-qat güclü rəqibi necə küncə sıxışdırmaq olar – bax, iranlılar bunu dünyaya əyani göstərirlər. İstəsək də, istəməsək də, bu ‘strateji gedişlərdən’ öyrəniləsi çox şey var.
“Baxaq görək, bu ‘kabel davası’ hara gedib çıxacaq. Görünən odur ki, hələ çox ‘sürprizlər’ bizi gözləyir!”
