DinTarix

15 May — Həzrət Əbülfəzl Abbasın doğumu: Kərbəlanın su daşıyan qəhrəmanı

15 may 647-ci il, Kərbəla qəhrəmanlarından biri Abbas ibn Əlinin (bizdə daha çox Əbəlfəzl Abbas və ya Həzrət Abbas kimi tanınır) təxmini doğum günüdür.

O, şiələrin birinci imamı və dördüncü İslam xəlifəsi Əli ibn Əbu Talibin və Ümmül Bənin kimi tanınan Fatimə bint Hizamın oğludur. Şiələrin ikinci və üçüncü imamları Həsən və Hüseynin atabir qardaşıdır.

Bəzi mənbələrdə onun Siffeyn döyüşündə atasının döyüş libasında iştirak etdiyi söylənilir. Amma həmin döyüşün 657-ci ildə, Abbasın 10 yaşı olan zaman baş tutduğunu nəzərə alsaq, bu məlumat inandırıcı görünmür.

Abbas ibn Əli özünün fiziki gücü və döyüş bacarığı ilə fərqlənirdi. Müasirləri onun öz atasının gücünü irsən mənimsədiyini qeyd edirlər.

Lübabə bint Übeydulla adlı qadınla evlənən Abbasın Fəzl, Qasım və Übeydulla adlı üç oğlu vardı. Böyük oğlunun adı ilə Əbül Fəzl künyəsinə malik olur ki, bizdə səsləndirilən Əbəlfəz(l) adı da buradan yaranır.

O, öz oğullarına, eləcə də qardaşı oğullarına qılınc oynatmaq, ox atmaq dərsləri keçir. Hüseyn ibn Əlinin oğlu, Kərbəlada xüsusi şücaətlə həlak olan Əli Əkbər də Abbasın yetirməsi idi.

Kərbəlada Hüseynin qoşununun mühasirəyə alamış xəlifə qoşununun sərkərdələrindən Şimr ibn Zilcövşən Abbasın anası ilə eyni qəbilədən (Banu Kilab) idi. O, Kufə valisi Übeydullah ibn Ziyaddan Abbas və doğma qardaşları üçün “amannamə” alır.

Hüseynin düşərgəsinə yaxınlaşan Şimr Ümmül Bəninin Əlidən olan dörd  oğluna “bacıoğlu” (əslində qan qohumluğunun olması məlum deyil) xitab edərək öz tərəflərinə çəkməyə çalışır. Abbasın buna cavab olaraq “Peyğəmbərin nəvəsi təhlükədə olduğu halda bizə verilən amana lənət olsun” dediyi söylənilir. Onun Abdullah, Cəfər və Osman adlı doğma qardaşları da eyni davranırlar.

Şiə mənbələrinə görə, Abbas ibn Əli Kərbəlada susuz qalmış insanlar üçün Fəratdan su gətirməyə gedərkən həlak oldu. O, Hüseynin 3-4 yaşlı qızı Rüqəyyanın susuzluqdan ağlamasına dözməyərək su dalınca yollanır. Fərat çayına yetişib tuluğuna su doldurur, lakin geri qayıdanda xəlifə əsgərləri qarşısını kəsirlər və iki qolu qılınclanır. Tuluğu dişinə tutub irəliləməyə çalışan Abbas ibn Əli oxa tutularaq öldürülür.

Abbasın doğma qardaşları ilə yanaşı iki yeniyetmə oğlu Fəzl və Qasım da Kərbəlada həlak oldu.

Onu da əlavə edim ki, Kərbəlada Əlinin Leyla bint Məsud adlı qadından olan Əbubəkr və Məhəmməd adlı iki oğlu da həlak olur. Bundan əlavə, Səhbə bint Rəbiədən olan Ömər adlı oğlunun Kərbəlada həlak olub-olmaması barədə fərqli fikirlər var. Beləliklə, bir çoxları Kərbəlada Əlinin Hüseyn və Abbas olmaqla iki oğlunun həlak olduğunu düşündükləri halda, onların sayı 7, ya 8 olub.

Şiə dünyagörüşündə imamlar qədər ehtiram bəslənilən Abbas ibn Əlinin məzarı üzərində Səfəvi şahı I Abbas 1622-ci ildə məscid inşa etdirir. Əbu Fəzl Abbas məscidi İmam Hüseyn türbəsinin yaxınlığında yerləşir və hazırda Kərbəlaya gedən zəvvarların ziyarət yerlərindən biridir.

 

“Tarixçi” whatsapp kanalı
https://whatsapp.com/channel/0029Vb6KJAEL2ATpevBzD90l

“Tarixçi” teleqram kanalı
https://t.me/yadigarsadigli

Tacxeber.com

Oxşar xəbərlər

FEBRUARY, ŞUBAT, FEVRAL

admin

İslam dini bürclərə necə yanaşır? – Bütpərəstlikdən qalma etiqad

admin

İranın Ekspertlər Məclisi Xameneinin oğlu Müctəba Xameneini yeni dini lider seçib.

redaktor