CəmiyyətSiyasət

Xeyriyyədən siyasətə: qısa portret

Cavanşir Feyziyev biznesmen olub, məmur işləməyib.
Sovet hökuməti dağılmışdı, sənayesi çökmüşdü, siqaret istehsal edə bilmirdi.

Philip Morris International kimi Qərbin böyük tütün şirkətləri 90-cı illərin əvvəllərində Azərbaycan bazarına girdilər.
Siqaret çəkən az deyildi, müharibə, qıtlıq, depressiya var, bazarda təlabat boldur.

Xarici dil mütəxəssisi olması Cavanşir Feyziyevin onlarla təmaslarına zəmin yaratdı və O, biznes bacarıqlarını da işə saldı, böyük bir şirkət qurdu. Bir müddət ölkə bazarında transmilli şirkətin monopolist qurumuna rəhbərlik etdi.

Vergidən yayınma, antimonopol qanundan yayınma və s. kimi bütün özəl sektorda olan qanunsuzluqları yəqin ki, var. Amma Cavanşir Feyziyev birbaşa büdcə oğrusu və yüzlərlə adı çəkilməyən oliqarx korrupsionerlərdən deyil.

Üstəlik, Cavanşir Feyziyev bir zamanlar ciddi xeyriyyəçilik işləri görüb. Uzun illər ərzində tələbə təqaüdləri, təhsil haqları ödəyib. Çoxlu sayda ağır xəstələrin bahalı müalicələrini təmin edib. Xüsusiylə Şəki rayonu ərazisindəki kəndlərdə sosial və infrastruktur layihələrinə ciddi məbləğdə vəsaitlər xərcləyib.

2005-ci il Parlament seçkilərində Feyziyev doğulduğu Böyük Dəhnə kəndinin daxil olduğu, o zamankı 114 saylı seçki dairəsindən deputatlığa bitərəf namizəd oldu.
YAP-ın rəsmi namizədi o zaman faktiki deputat olan, AMEA tarix institutunun direktoru Yaqub Mahmudov idi.

Seçki kampaniyası başlayan kimi Cavanşir Feyziyev əhalidən ciddi dəstək gördü.
Bu dönəmdə onun şirkətində minlərlə insan çalışırdı, kəndlərinin əhalisi də 7 minə yaxındır.
Kampaniyanın ortasında hakimiyyət Cavanşir Feyziyevi məcbur etdi ki, namizədliyini geri götürsün.

Mən o zaman 115 saylı seçki dairəsindən Azadlıq blokunun namizədi idim. Çox gənc idim amma çoxlarının gözləmədiyi halda ciddi kampaniya keçirdik və faktiki qalib gəlmişdim.

YAP-ın namizədi Aynur Sofiyeva idi. Qələbəmiz o qədər açıq-aşkar idi ki, hakimiyyət məcbur qalıb, namizəd olan və qismən dəstəyi olan başqa bir yerli fermeri deputat elan etdi.
Aynur Sofiyevanın deputat karyerası bununla da bitdi.

Mən seçkiyə bir gün qalmış şübhəli avtomobil qəzasına düşdüm. Seçki günü mən reanimasiya şöbəsindən seçkini idarə edirdim və qalib gəldim.
Bu seçkilərdə ATƏT müşahidə missiyası mənim seçki dairəmə xüsusi müşahidə qrupu və exit-poll  təyin etmişdi.
Üstəlik, AŞPA-nın Azərbaycan üzrə Monitorinq Qrupunun həmsədri, Azərbaycan hakimiyyətinin sərt tənqidçisi Anreas Qross da bizim seçki dairəsinə gəlmişdi və müşahidədə iştirak edirdi.

Qəzaya niyə müəmmalı deyirəm, orasını da yeri gəlmişkən yazım.
Seçkiyə bir gün qalmış səhər saat 9 da AXCP rəhbərliyindən bir nəfər zəng edib dedi ki, saat 12-yə özünü Bakıya çatdır.
Təbii ki, vacib hesab edib, Bakıya yola düşdüm.
Maşında sürət də vardı amma 6 ay yataqda qaldıqdan sonra adamlara iki sual verdim: məni niyə çağırmışdız və seçkini niyə məhkəmədə mübahisələndirməyə kömək etmədiz?

Birinciyə cavabları bu oldu ki, exit-poll keçirənlər guya bunlara deyib ki, hər 5 nəfərdən birindən soruşulacaq. Biz də bunu telefonda deyə bilməzdik və saat 12 – dən sonra da görüşlərdə olasıyıq, çağırdıq ki, özünə deyək.
Məhkəməni də düz deyirsən, başımız öz işimizə qarışdı, sən yataqdakı  komanda yoldaşımız yadımızdan çıxdın.
Bir sual da verdim ki, bu məlumatdan mən necə istifadə edəcəkdim?  Dedilər ki, sənə səs verənləri elə düzərsən ki, xarici exit-poll çıların yanından 5-ci keçsin))

Növbəti 2010-cu il Parlament seçkilərində hakimiyyət qeyri adi plan işlədi.
YAP-ın 115 saylı dairədən rəsmi namizədi doğulduğum kəndin məktəb direktoru oldu.
Cavanşir Feyziyev öz doğulduğu kəndin dairəsindən yox, bizim dairədən deputatlığa namizəd oldu.
AXCP-Müsvat bloku da mənim dairəmdə razılaşa bilmir ona görə Adil Qeybulla israrla bu dairədən namizəd olmaq istəyirdi(?).
Baxdım ki, bunların bu sacayağı oyunu mənim bu dairədən namizədliyimi əngəlləməyə hesablayıblar.
Anidən qərar verdim ki, o zaman mən 113 saylı Şəki şəhər dairəsindən vahid namizəd oluram.
Düşünürdülər ki, kəndin dəstəyindən məhrum olsam şəhərdə nəticə yüksək olmayacaq, problemdə olmayacaq.
Şahidlər o zaman bilir necə bir kampaniya apardıq.
Həyta dözməyib, seçki qərargahımı dağıtdılar. Bunu və İTV – dəki debatı rəy bölümünə qoyacam.

2010 cu il Parlament seçkilərində Cavanşir Feyziyev ilk dəfə deputat oldu.
YAP-ın rəsmi namizədni, məktəbimiz direktorunu Şəki Təhsil şöbəsinə müdir qoydular, milyonlar qazandı. Ürəyindəsə də təşəkkür etmək əvəzinə, hər cür düşmənçiliyə bu gün də davam edir.

Nə isə, qayıdaq Cavanşir Feyziyevə.
Seçkidən qabaq və sonra xeyriyyə və digər işləri davam etdirirdi. Amma bu işlər 5 il qabaq bu günkü London məsələsi üzə çıxana kimi davam etdi.
Feyziyevin ciddi iddiaları vardı. Korrupsioner keçmişi yox idi deyə, gələcək üçün böyük siyasi iddialar daşıması sistemə məlum idi.
Sistem belədir, şişirdər, istifadə edər.
Londondakı məhkəmələrdə şübhəli maliyyə vəsaitləri və mülklərlə bağlı gedən işlərin mediaya sızdırılması təsadüf işlər deyil.
5 il qabaq da bu günkü kimi linçetmə kampaniyası başladı. Feyziyevin o zaman siyasi iddiaları bitən kimi, əsrimizin Hacı Zeynalabdin Tağıyevliyi də ( təbliğatçıları onu belə təqdim edirdilər ) böyük ölçüdə bitdi.

Bu günlərdə sistem Feyziyevi istismara təkrar başladı. Ölkədə ondan qat-qat ağır söyülməyə layiq yüzlərlə keçmiş və indiki məmur var. Amma onu verirlər “ət maşınına”.
Bu da təsadüf deyil, cənab Feyziyev.
Görünən odur ki, ciddi səhvlərin də olub ki, xeyirxahlığın onu silməyə yetərli olmur.
Böyük pullar, böyük iddialar, böyük “dost”lar adamı çaşdıranda, elə, günə, obaya, kəndə, xalqa dövlətə və sistemə yuxarıdan aşağı baxırsan və nəhayətində, cəzalanırsan.
Bu da sistemdən çox Allahın iradəsidir.
Amma Allah xatirinə demək lazımdır ki, Feyziyevi söyənlərin də, söydürənlərin də mütləq çoxluğu ondan yaramaz adamlardır.

 

Sahib Kərimli

Tacxeber.com

Oxşar xəbərlər

Aİ Rusiyaya 19-cu sanksiya paketini təsdiqləyir.

admin

Qadın azadlıqda gözəldir.

redaktor

“Dostluq elan edib, dövlət çevrilişi hazırlayır” – Kaladzedən sərt sözlər

redaktor