DünyaGündəmSiyasət

Türkiyənin ittifaq arayışları

İkinci Dünya Müharibəsindən sonra formalaşmış “Yalta-Potsdam” dünya nizamı dağılıb və yeni dünya nizamı formalaşmağa başlayıb. Uzun on illiklər ərzində NATO-nun daxilində özünü kənar müdaxilələrdən sığortalanmış hesab edən Türkiyə Şimali Atlantika Alyansının dağılacağı halda və ümumiyyətlə dəyişən dünyada özünün təhlükəsizliyini təmin etmək üçün müxtəlif ittifaq ideyaları arasında axtarışdadır.

İki il öncə Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Bahçəlı İsrailə qarşı Türkiyə, Suriya, İraq və Misirin iştirakı ilə “Qüds Paktı”nı qurmağı təklif etdi. Ötən ilin sentyabrında isə MHP sədri şər koalisiyası adlandırdığı ABŞ-İsrail ortaqlığına qarşı Türkiyə-Rusiya-Çin (TRÇ) ittifaqının yaradılmasını təklifini irəli sürdü. Bir neçə həftə öncə isə Bahçəli MHP-nin sədr müavini və Samsun millət vəkili professor İlyas Topsakalı ABŞ-İsrail ittifaqına qarşı “TÇR” ittifaqını müzakirə etmək üçün Moskvaya göndərdi.

Moskvadan qayıdan İlyas Topsakal bəyan etdi ki, 2028-ci il president və parlament seçkilərində AK Partiya ilə ittifaq qurmaları üçün “gizli şərt”ləri MHP-yə nazirliklərin verilməsi deyil, Rusiya və Çinlə ittifaq yaradılması ilə bağlı təşəbbüslərinin qəbul edilməsidir. Belə görünür ki, Türkiyənin gələcəyini Rusiya və Çinlə ittifaqda görüş MHP-nin strateji seçimidir.

MHP-dən fərqli olaraq Türkiyə hökumətinin Pakistan və Səudiyyə Ərəbistanı arasındakı müdafiə ittifaqına daha çox maraq göstərdiyi hiss olunur. Nüvə silahına malik müsəlman dövləti ilə ittifaq çox cazibədar görünür. Artıq belə fikirlər səslənir ki, Türkiyə ilə yanaşı Misir də Pakistan-Səudiyyə Ərəbistanı ittifaqına qoşula bilər. Türkiyə, Misir, Pakistan və Səudiyyə Ərəbistanı xarici işlər nazirləri artıq bir neçə dəfə görüş də keçiriblər. Xarici işlər nazirlərinin üçüncü görüşü Antalya Diplomatiya Forumu çərçivəsində gerçəkləşib.
Türkiyə hökumətinin “TÇR” ittifaqına deyil, islam ittifaqı kimi təqdim olunan Türkiyə, Misir, Pakistan və Səudiyyə Ərəbistanı alyansına daha çox maraq göstərsə də, belə bir ittifaqın yaranması ilə bağlı çox böyük suallar var. Ər-Riyyad İran təhlükəsinə qarşı Pakistanla Strateji İkitərəfli Müdafiə Müqaviləsi imzalasa da, bu müqavilə onu İranın hücumundan qorumadı.

Digər tərəfdən Rusiya, Çin və Hindistanın bir neçə müsəlman dövlətinin yer alması ehtimal olunan “Müsəlman NATO-su”na qarşı olması Pakistan və Səudiyyə Ərəbistanını ehtiyyatlı davranmağa vadar edir. Eyni zamanda Pakistan, Misir və Səudiyyə Ərəbistanı bu ittifaqın anti-İsrail alyansı kimi görünməsinin ABŞ-ı qəzəbləndirəcəyindən ehtiyyat edirlər. Bu dövlətlətin hər üçü ABŞ-la münasibətləri təhlükəyə atacaq heç bir alyans yaratmaq istəmirlər.

NATO-nun dağılacağı, daha doğrusu ABŞ-ın Şimali Atlantika Alyansından çıxacağı halda Avropanın özünün təhlükəsizlik sistemini və ordusunu quracağı, Türkiyəyə bu sistemdə yer olmadığını Ankarada yaxşı bilirlər. Avropa Komissiyasının prezidenti Ursula von der Leyenin Türkiyəni Çin və Rusiya ilə eyni tutan ifadəsi, Avropa İttifaqının bir neçə üzvünün Türkiyə ilə münasibətlərinin “soyuq müharibə” şəraitində olması Ankaranın “köhnə qitə” ilə birliyini istisna edir. Türkiyənin Qərb təhlükəsizlik məkanında qalmasının ən güclü tərəfdarı Böyük Britaniyadır. Rusiyanı Suriya və Cənubi Qafqazda Ankara ilə işbirliyi nəticəsində məğlub edən London Türkiyənin Avropa təhlükəsizlik sistemindən kənarda qalmamasına çalışır. Türkiyə ilə Strateji Tərəfdaşlıq Çərçivə Sazişinin imzalanması da bu məqsədə xidmət edir.

Avropada hərbi güc olaraq önə çıxmağa başlayan Ukrayna da Türkiyənin itirilməsinə istəmir. Türkiyə Qara dənizdə qüvvələr nibəstinə ciddi təsir edə bilər. Rusiyanı dənizlərdən sıxışdırıb çıxarmağı hədəfləyən London və Kiyev Ankara ilə əməkdaşlığa xüsusi önəm verirlər.
Ancaq London və Kiyevdə gözəl anlayırlar ki, böyük ittifaqları maliyyələşdirmək üçün çox böyük maliyyə resursları lazımdır. ABŞ, Avropa İttifaqı və Çin istisna olmaqla heç bir dövlət və ya dövlətlər birliyi böyük hərbi ittifaqı maliyyələşdirmək imkanında deyil.

Yeni dünya düzəninin hansı təhdidlər doğuracağını sona kimi proqnozlaşdırmaq mümkün deyil. Ancaq yeni dünya düzənin çoxsaylı təhdidlər doğuracağı ehtimalı çox yüksəkdir. Bütün dövlətlər də qarşıdan gələn təhdid və risklərə hazır olmaq üçün ittifaq arayışındadır. Türkiyə də haqlı olaraq belə bir ittifaq arayışındadır. Problem ondan ibarətdir ki, Türkiyənin maraq göstərdiyi bütün ittifaq layihələri Azərbaycanın və Mərkəzi Asiyanın həyati əhəmiyyətli maraqlarının əleyhinədir.

Bütün dövlətlər NATO kimi üzvlərinin müstəqilliyinə, ərazi bütövlüyünə və sərhədlərinin toxunulmazlığına təminat verən hərbi ittifaq arayışındadırlar. Ancaq ağlı başında olan hər kəs anlayır ki, ABŞ-ın iştirak etməyəcəyi ittifaq “ikinci NATO” ola bilməyəcək. İkinci NATO Vaşinqtonda ən cazibədar ideya kimi görünən ABŞ-dan Yaponiyaya kimi geniş coğrafiyanı əhatə edəcək “Təhlükəsizlik qövsü” layihəsi ola bilər. Türkiyənin bu layihədən kənarda qalmaq ehtimalı isə çox yüksəkdir. Çünki, Azərbaycan və Mərkəzi Asiyanın həyati əhəmiyyətli maraqlarının təminatçısı ola biləcək bu layihədə İsrailə xüsusi önəm verilir. Aydın görünür ki, İsraillə münasibətləri normallaşdırmasa Türkiyənin ABŞ-dan uzaqlaşması davam edəcək. Mərkəzi Asiyanın türk dövlətlərinin Türkiyə ilə məsafə saxlamağa çalışmaları da bununla bağlıdır.

Çin və Rusiyanı gücləndirən istənilən təşəbbüs Mərkəzi Asiyanın türk dövlətləri üçün fəlakət, Çin və Rusiyanı zəiflədən istənilən təşəbbüs isə Mərkəzi Asiyada qurtuluş kimi qəbul olunur.

Türkiyə ilə Türküstanın, eləcə də Azərbaycanın fərqli maraqları onların fərqli coğrafiyalarda yerləşməsindən qaynaqlanır. Sinqapurun əfsanəvi lideri Li Kuan Yunun məşhur sözlərini bir qədər dəyişib belə desək səhv etmərik: “Coğrafiya taledir”.

 

Xəqani Cəfəroğlu

Tacxeber.com

Oxşar xəbərlər

Ölkə başçısı niyə müstəqil jurnalistlərə müsahibə vermir?

admin

Azərbaycanlılar Zəngəzura qayıdır – Təhlükəsizliyi türk ordusu təmin edəcək

admin

“Tramp boşboğazlıq və ucuz şou ilə məşğuldur” – “Bu, siyasi riyakarlıqdır…”

redaktor