Son vaxtlar Ermənistanda Azərbaycan və Türkiyə bayraqlarının yandırılması prosesi intensiv hal alıb. İndiki şəraitdə sülh prosesini sabotaj etməyə yönələn bayraq yandırma şousu hər nə qədər mikro səviyyəli sabotaj olsa da, bu məsələ “dövlətlər barışır, bəs xalqlar necə?” – sualını da ortaya çıxarır.
Maraqlıdır ki, bayraq yandıranlar yaşlı nəslin nümayəndələri yox, məhz 18-20 yaşlı gənclərdir. Heç şübhəsiz ki, Paşinyanın erməni gənclərin bu addımlarına sərt reaksiya verməsi təqdir olunandır. Lakin nəzərə almaq lazımdır ki, Ermənistanda uzun illər formalaşmış düşmən obrazı, təhsil sahəsində daşlaşmış nifrət mətnləri, məğlubiyyətin travması və revanşist meyllər cəmiyyətlər arası yumşalmanı tormozlaya bilər. Sözün həqiqi mənasında Ermənistan “Qarabağ yükü”ndən azad olub, bundan sonra isə revanşist “Qarabağ klanı”ından azad olmalıdır.
Bütün bunlarla yanaşı, bu məsələdə ən yüksək həssasiyyət, strateji yanaşma Azərbaycanın üzərinə düşür. O mənada ki, Ermənistanla sülh, barışıq prosesi bütün risklər və hətta 50, 100 il sonrakı strateji hədəflər nəzərə alınaraq aparılmalıdır.
