İranda müharibənin əsas hadisəsi Hörmüz boğazının bağlanması oldu ki, bu da dərhal dünya iqtisadiyyatına təsir göstərdi. Xəritədə demək olar təsadüfi görünən bu dar su zolaqları əsrlər boyu imperiyaların taleyini müəyyən edib, müharibələrə səbəb olub və qüvvələr balansını dəyişib.
Öresunddakı Danimarka rüsumları, Çanaqqala əməliyyatı, Rusiyanın Bosforu tutmaq istəyi, Süveyş böhranı — bütün bu hadisələrdə eyni mexanizm təkrarlanır: “Dar keçid”ə nəzarət edən tərəf qeyri-mütənasib dərəcədə böyük təsir gücü əldə edir və bu üstünlüyünün məhdudlaşdırılması cəhdləri ilə üzləşir. Böyük dövlətlər həyati əhəmiyyətli marşrutlara sərbəst çıxışı təmin etməyə çalışır, regional oyunçular isə coğrafiyanı təzyiq aləti kimi istifadə edirlər.
Avropanın boğazla bağlı üzləşdiyi ilk problem Şimal və Baltik dənizlərini birləşdirən Öresund (və ya Sund) boğazı problemi idi. Tarixən onun hər iki sahili Danimarkaya məxsus idi. Üstəlik, 1397-ci ildən etibarən o, İsveç və Norveçlə uniyada (Kalmar uniyası) birləşmişdi.
Uniyanın kralı Erik 1429-cu ildə Öresunddan keçən bütün gəmilərə rüsum tətbiq etdi. Adətən bu, yükün dəyərinin 1 faizi təşkil edirdi. Tacirlərin qiyməti aşağı göstərməsinin qarşısını almaq üçün isə monarx bəyan olunmuş qiymətə istənilən malı satın almaq hüququna malik idi.
XVII əsrə gəldikdə, Öresund rüsumları xəzinə gəlirlərinin 2/3-nə qədərini təşkil edirdi. Bu, Danimarka krallarını ümumavropa miqyasında son dərəcə varlı süzerenlərə çevirir, onlara kifayət qədər aqressiv xarici siyasət yürütməyə imkan verirdi. Danimarkanın bugünkü sülhpərvər obrazı son orta əsrlərin reallığından xeyli uzaqdır: kiçik alman knyazlıqları ilə müqayisədə Danimarka imperiyası böyük güc idi və özünü buna uyğun aparırdı.
Lakin 1523-cü ildə İsveç uğurlu üsyan nəticəsində Danimarka ilə uniyadan çıxdı, baxmayaraq ki, Skone üzərində nəzarət Kopenhagendə qaldı. Nəticədə Danimarka qarşıdakı üç yüz il üçün barışmaz rəqib qazandı — və çoxsaylı Danimarka–İsveç müharibələri baş verdi.
Hər iki ölkə ümumavropa münaqişələrində də fəal iştirak edirdi. Onlardan biri — Otuzillik müharibə — Danimarkaya ağır zərbə vurdu. Yutlandiya viran qaldı, xəzinə boşaldı. Vəziyyəti düzəltmək cəhdi ilə kral Öresund rüsumlarını kəskin artırdı — orta hesabla 1 faizdən 4 faizə. Barıt istehsalı üçün vacib olan strateji məhsul — selitra üçün tarif isə 19 dəfə artırıldı.
Bu, həqiqətən faciəvi nəticələrə gətirdi. Əvvəllər Baltik ticarət marşrutunun əsas operatorları olan İngiltərə və Niderland Danimarka–İsveç qarşıdurmasında neytral qalırdılar, lakin indi onlar Stokholma maliyyə və hərbi yardım göstərməyə başladılar.
1658-ci ilin qışında növbəti müharibə zamanı İsveç ordusu sərt şaxtanın boğazları buzla örtməsindən istifadə edərək Yutlandiyadan Fyun adasına, oradan da Zelandiya adasına keçdi. Danimarka qəfil yaxalandı və kapitulyasiya etdi.
Sülh müqaviləsinin şərtlərinə görə Danimarka krallığı Skone bölgəsini İsveçə verməyə məcbur oldu. Danimarka kralı artıq yalnız Öresundun bir sahilinə sahib idi və gəmilərdən rüsum almaq hüququnu saxlasa da, onu əvvəlki kimi sərbəst müəyyən edə bilmirdi.
Dəniz dövlətləri İsveçin də həddən artıq güclənməməsinə diqqətlə nəzarət edirdi. 1659-cu ildə İsveç kralı məğlub Danimarkanı tam məhv etmək istəyəndə niderlandlılar donanma göndərərək mühasirədə olan Kopenhagenə kömək etdilər və İsveç qoşunlarını Zelandiya adasından çıxardılar. Ümumi prinsip belə oldu: Zundun hər iki sahilinin bir dövlətə məxsus olmasına yol verilməməlidir.
Baltik ticarətinin həcmi artdıqca Danimarka–İsveç qarşıdurması lokal mübahisə olmaqdan çıxaraq Avropa üçün həyati əhəmiyyətli məsələyə çevrildi. Tarixçi Knud Jespersen həmin dövrdə Öresundun beynəlxalq iqtisadiyyatdakı rolunu bu gün Hörmüz boğazının dünya neft tədarükündəki rolu ilə müqayisə edirdi.
XIX əsrdə danimarkalılar iki dəfə — 1801-ci ildə Rusiyanın tələbi ilə və 1807-ci ildə Napoleonun göstərişi ilə — Öresundu gəmiçiliyə bağlamağa cəhd etdilər. Cavab olaraq ingilis eskadraları güc tətbiq edərək Baltikaya daxil olur, Danimarka donanmasını yandırırdılar, 1807-ci ildə isə Kopenhageni bombardman etdilər.
Napoleonun müttəfiqi olan danimarkalıalr donanmanı itirdikdən sonra dənizdə kiçik kanoner qayıqları ilə “partizan müharibəsi” aparmağa çalışdılar. Onlar iri ingilis hərbi gəmiləri ilə toqquşmadan qaçır, əsasən ticarət gəmilərinə hücum edirdilər.
Buna cavab olaraq britaniyalılar konvoy sistemini tətbiq etdilər. Nəticədə, Danimarkanın bütün səylərinə baxmayaraq, 1808–1814-cü illərdə Baltik dənizi Napoleonun Britaniya ticarətini boğmaq üçün qurduğu kontinental blokadanın ən böyük “dəliyi”nə çevrildi.
Qeyd edək ki, danimarkalılar üçün bu “kanoner müharibəsi” (Kanonbådskrigen) çox baha başa gəldi: 1400 kanoner qayığı itirildi, yəni orta hesabla hər iki gündə biri. 7 min danimarkalı dənizçi isə britaniyalıların əsirinə çevrildi.