ABŞ-ın “United Airlines” aviaşirkətinin baş direktoru Skott Kirbi Ağ Evin yüksəkvəzifəli rəsmiləri ilə aparılan danışıqlar zamanı “American Airlines” ilə mümkün birləşmə məsələsini müzakirə edib.
Bu barədə “Bloomberg” ABŞ hökumətindəki mənbələrə istinadən məlumat yayıb.
Agentliyin yaydığı xəbərin ardından hər iki şirkətin səhmləri müvafiq olaraq 11% və 1,3% artıb. Bununla belə, müzakirələrin hansı mərhələdə olduğu və Skott Kirbinin konkret təklif irəli sürüb-sürmədiyi hələlik dəqiq deyil.
Birləşmə prosesinin ABŞ-ın Nəqliyyat və Ədliyyə nazirlikləri tərəfindən təsdiqlənməsi tələb olunur. Nəqliyyat naziri Şon Daffi böyük nəqliyyat şirkətlərinin birləşməsinə baxılarkən aviabiletlərin qiymətlərində mümkün dəyişikliklərə və həm ABŞ, həm də xarici şirkətlərlə rəqabətə xüsusi diqqət yetiriləcəyini bildirib.
“Aviasiya sektorunda birləşmələr üçün yer varmı? Bəli, məncə var”, deyə Şon Daffi keçən həftə CNBC-yə müsahibəsində qeyd edib.
Nazir eyni zamanda bildirib ki, belə birləşmə zamanı şirkətlər bəzi aktivlərindən imtina etməli olacaqlar. Onun sözlərinə görə, bu addım bazarda böyük paya sahib olan yeni daşıyıcının yaranması fonunda istehlak qiymətlərinin artmasının qarşısını almaq üçün lazımdır.
“United Airlines” və “American Airlines” ABŞ-ın dörd ən böyük aviadaşıyıcısı sırasına daxildir və ölkə bazarının üçdə birindən çoxuna nəzarət edirlər. “United Airlines”ın bazar dəyəri 31 milyard dollar, “American Airlines”ın isə 7,4 milyard dollar təşkil edir. “Bloomberg”in yazdığına görə, birləşmə baş verərsə, şirkətlər ümumi gəliri 100 milyard dollardan çox və 2,8 min təyyarədən ibarət donanmaya malik dünyanın ən böyük aviaşirkətini yarada bilər. (Valyuta.az)
