Din təəssübkeşlərindən və ultra demokratlardan fərqli olaraq hesab edirəm ki, İrana qarşı müharibə ölkəmizin də yerləşdiyi bölgənin daha təhlükəsiz olmasına xidmət etdiyi üçün Azərabycanın maraqlarına uyğundur.
İranın Hörmüz körfəsini bağlaması göstərdi ki, nüvə silahına sahib teokartik rejim nə qədər təhlükəli ola bilər. Nüvə silahına sahib İran Zəngəzur dəhlizinin açılmasına qarşı çıxaraq Azərbaycana qarşı güc tətbiq etsə nüvə dövlətinə qarşı bizi kim və necə müdafiə edəcək? Hətta hansısa nüvə dövləti belə bir addıma cəsarət etsə bəşəriyyəti nüvə fəlakətindən qorumaq üçün beynənxalq ictimaiyyət iki nüvə dövlətinin müharibəsinə imkan verəcəkmi? Bəşəriyyəti nüvə müharibəsindən qorumaq üçün ən asan çıxış yolu Azərbaycanı İranın tələblərini təmin etməyə vadar etməyəəcklərmi?
İranın Azərbaycana qarşı iddiaları isə Zəngəzur dəhlizi yekunlaşmır. Azərbaycanın İsraillə əməkdaşlıqdan tutmuş şəriətlə idarə olunmamasına, Azərbaycanın İranın tarixi torpaqlarının bir hissəsi olmasına qədər Tehranın iddiası var. Nüvə silahına malik İran bu iddialarını həyata keçirmək üçün hərəkətə keçərsə, onun qarşısını hansı dövlət alacaq?
Nüvə silahı olmayan İranla gərginlik yaratmaması üçün vaxtaşırı Azərbaycana “tövsiyyə”lər verənlər nüvə dövlətinin iddiaları qarşısında Azərbaycana hansı “tövsiyyə”ni verəcəklər?
Onlarla belə sual var və heç birinin cavabı yoxdur. Nüvə silahına sahib Şimali Koreya rejimi qonşuları üçün nə qədər təhlükəlidirsə, çox geniş bir coğarfiyaya nəzarət etməyə çalışan teokratik rejim şər qütbüündə müttəfiqi olan Şimali Koreyadan dəfələrlə təhlükəlidir. Şimali Koreya rejimi hələlik öz siyasi sistemini ixrac etmək niyyətinə düşməyib. İran isə İslam İnqilabından bəri öz rejimini ixrac etməyə çalışır. Doğrudanmı soydaşlarımız nüvə silahına malik teokratik rejim qonşuluğunda dünyəvi dövlətlər üçün ölümcül təhlükə demək olduğunu bilmirlər? Şəriət tərəfdarlarının belə bir prezpektivi arzu etmələri mümkündür. Mənim sualım dünyəvi dövlət tərəfdarı olduqlarını bəyan edən ultra-demokratlara yönəlib.
Doğrudanmı heç kəs anlamır ki, əlində ataom bombası olan molla rejimi bütün dünya üçün təhlükəli olsa da, Azərbaycan üçün ölümcül təhlükə deməkdir. Cənubi Qafqazda sərhədlərin və status-kvonun dəyişməsinə yol verməmək üçün güc tətbiq edəcəyi ilə Azərbaycana yönəlmiş təhdidlərin yazıldığı mətinlərin mürəkkəbi hələ qurumayıb. Bu mənada İranın hərbi gücünün dağıdılması Azərbaycanın həyati əhəmiyyətli maraqlarına cavab verir. İranın hərbi gücünün dağıdılması rejimin çöküşünün və İrandakı xalqların öz müqəddəratını təyin etməsinin yolunu aça bilər ki, bu da ən çox Azərbaycanın maraqlarına uyğundur.
İranın hərbi gücünün dağıdılması Çin, Rusiya, İran və Şimali Koreyadan ibarət CRINK şər qütbünün zəiflədilməsi deməkdir. CRINK qütbündə nüvə dövləti olmayan yeganə ölkə İrandır. İranın nüvə silahına malik dövlətə çevrilməsi bu şər qütbünü nüvə alyansına çevirərdi ki, bu da demokratik dünya üçün təhlükənin daha da artmasına gətirib çıxaracaqdı.
Rusiyanın və Şimali Koreyanın nüvə müharibəsi təhdidi qarşısında nə edəcəyini bilməyən Avropa dövlətlərinin İranın nüvə proqramının məhvinə yönəlmiş hərbi əməliyyatları dəstəkləməməsi anlaşmazdır.
Teokratik rejimin nüvə silahı yaratmaqda israrlı olduğunu uzun illər davam edən diplomatik danışıqların nəticə verməməsi də təsdiq edir. İranın nüvə proqramının qarşısınının alınmasının hərbi güc tətbiqindən başqqa heç bir alternativ yolu yoxdur. Bütün alternativ yolları nüvə silahına rejimin davamlığının zəmanəti kimi baxan molla rejimi çoxdan bağlayıb. Beynəlxalq birlik tərəfindən tətbiq olunan sanksiyalar da, təcridlər heç bir nəticə vermədi. İran hətta dondurulmuş valyuta ehtiyyatının sərbəst buraxılması təklifi qarşısnda da nüvə proqramından imtina etmədi.
Bütün bunlardan sonra İrana qarşı hərbi əməliyyatlara qarşı olan Avropa dövlətlərinin mövqeyini anlamaq mümkün deyil. “Bu NATO-nun müharibəsi deyil” fikirinin heç bir məntiqi əsası yoxdur. Bu sadəcə müharibədən və məsuliyyətdən yayınmaq cəhdidir. Bu Rusiyanın qarşısının alınmasını Ukraynanın, İran probleminin həllini də ABŞ və İsrailin üzərinə atmaqla məsuliyyətdən yayınan Avropanın ucuz bəhanəsidir.
Trampın ritorikası, taktikası təniqdə layiq olsa da, İranın hərbi gücünün dağıdılmasına yönəlik strategiyası tam doğrudur. Bu gün ən əsas vəzifə nüvə silahına sahib olmağa çalışan İranın nüvə imkanlarının və hərbi gücünün dağıdılmasıdır. Bunu edən Trampın ritorikası, taktikası ikinci dərəcəli məsələ də deyil.
