Siyasi tarix göstərir ki, əgər bir ölkə qeyri-demokratik formada idarə edilirsə, yəni legitim deyilsə, xalqın seçiminə yox, bir nəfərin və ya qrupun diqtəsinə əsaslanırsa, o rejimin seçim imkanları olduqca məhdudur. Bir diktator ya özündən güclülərlə dil tapmalıdır, ya da onların əlində həm özünü, həm də xalqını bədbəxt eləməlidir. Diktatorlar, xunta rejimlər yalnız güclülərlə dil tapdıqları, daha dəqiq desək, güclülərin “topları” ilə oynadıqları müddətcə təhlükəsiz qala bilirlər.
Diktator olmağı seçib, amma güclülərlə hesablaşmamaq isə fəlakətə yol açır. Bunu obrazlı formada izah eləsəm, əgər oğru olmağı seçmisənsə, daha uzun yaşamağın yalnız bir yolu var. Daha güclülərlə, ortada nizamı qurmuş olanlarla hesablaşmaq.
İran rejimi də mahiyyəti etibarilə legitimliyini itirmiş, yeri gələndə müdafiə etməyə borclu olduğu xalqına silah doğruldan, ölkə resurslarının qeyri-bərabər bölünməsi hesabına güc əldə edən şəxslərin qruplaşmasıdır. Bu mənim şəxsi fikrim deyil, ölkədə illərdir baş verənlərə nəzərə salanda İran rejiminin legitimlik məsələsi onsuz da şübhə altına düşür.
İran rejimi totalitar yol seçməsinə baxmayaraq, güclülərlə hesablaşmaqdan imtina edirdi. Deyirdi ki, “Ağanəzərəm, belə gəzərəm”. Nəticəsi də rəhmətlik Füzulinin dediyi kimi oldu, “həm özü fani oldu, həm ləşkəri, həm kişvəri”…
İranla bağlı proseslərin gedişi göstərir ki, artıq ölkədə rejim dəyişikliyi ideyası gündəmdən düşüb. ABŞ/İsrail artıq rejimi dəyişdirmək üçün yox, İranın inkişaf potensialını 10-20, bəlkə də 40-50 il geri salmaq məqsədilə hücumlar edirlər. Hədəf alınan məkanlar ağır sənaye müəssisələri, neft-emal zavodları kimi strateji məkanlardır. Yavaş-yavaş anbarlar, ehtiyatlar, bərpası illər alacaq yerlər də hədəf alınacaq. Ölkəni “Mədain xərabələrinə” çevirəcəklər.
Görünür, ABŞ/İsrail tərəfində belə bir ideya hakimdir ki, İrandakı rejim geri addım atmırsa, elə edək ki, bir daha özünə gələ bilməsin. Onsuz maliyyə sistemi çökmüş bir ölkə, bu qədər dağıntıdan sonra çətin özünə gəlsin. Bu yanaşma başda İran cəmiyyəti üçün dağıdıcı olacaq və baş verənlərin qurbanı da elə İrandakı insanlar olacaq.
Amma bir ölkədə siyasi rejim xalqın seçiminə əsaslananda, gücünü bir nəfərdən/qrupdan yox, bütöv xalqdan alanda, legitimliyi şübhə doğurmayanda kimsə o ölkəni hesablaşamağa məcbur edə bilmir. Götürün elə bu günkü Ukraynanı, bir əsr əvvəlki Türkiyəni, Fransanın I respublikasını. Siyasi tarix göstərir ki, super güclərin bombaları belə bu cür legitim sistemləri çökdürə bilmir. Bir xalqın, cəmiyyətin, mədəniyyətin sağ qalması, inkişaf etməsi, öz sözünü deməsi ancaq inşa edilən legitim siyasi sistemlə mümkündür.
Biz bu oyunu quranlar deyilik, o qatara çoxdan gecikmişik. Siyasətin reallığı budur, F-22, F-4-dən üstündür, bunu dəyişmək iqtidarımız yoxdur. Amma legitim, hüquqa, azadlığa əsaslanan sistemlər qura bilərik. Və yalnız bu cür siyasi sistemlər xalqın, cəmiyyətin və onlara xidmət etməli olan dövlətin marağını bir nəfərin/qrupun marağından ayıra bilər.
