Mayın 13-də Rusiya Dövlət Duması Silahlı Qüvvələrin xaricdə “Rusiya vətəndaşlarının hüquqlarının müdafiəsi” məqsədilə istifadəsinə imkan tanıyan qanun layihəsini ikinci və dərhal yekun üçüncü oxunuşda qəbul edib.
Sənəd Rusiya vətəndaşlarının xaricdə həbs olunduğu və ya cinayət təqibinə məruz qaldığı hallarda ordudan istifadəni nəzərdə tutur. Bu müddəa Rusiyanın yurisdiksiyasını tanımadığı beynəlxalq məhkəmə orqanlarının çıxardığı qərarlara da şamil edilir.
Silahlı Qüvvələrin ölkə hüdudlarından kənarda istifadəsi prezidentin qərarı ilə həyata keçiriləcək. Lakin sənəddə həbs olunan şəxslərin müdafiəsinin konkret mexanizmi izah edilmir.
“Azğın rusofobiya kampaniyası”
Dövlət Dumasının sədri Vyaçeslav Volodin qanunu şərh edərək deyib ki, “Qərbin ədalət sistemi faktiki olaraq arzuolunmaz şəxslərə qarşı repressiya alətinə çevrilib” və “bu şəraitdə vətəndaşların qorunması üçün bütün imkanlardan istifadə edilməlidir”.
Dumanın Müdafiə komitəsinin sədri Andrey Kartapolov da qanun layihəsini dəstəkləyərək onun “azğın rusofobiya kampaniyası”na qarşı yönəldiyini vurğulayıb.
Qanunun qüvvəyə minməsi üçün onu Federasiya Şurası təsdiq etməli və prezident Vladimir Putin imzalamalıdır.
Hazırkı qanunvericiliyə görə, Silahlı Qüvvələrin xaricdə istifadəsi üçün prezident Federasiya Şurasından icazə almalıdır. Putin 2022-ci ildə Ukraynaya genişmiqyaslı müdaxilədən əvvəl belə bir icazə almışdı.
Rusiya vətəndaşlarının xaricdə saxlanılması ilə bağlı bir sıra yüksək səs-küylü hallar olub. Məsələn, ABŞ-nin sorğusu əsasında silah alverçisi Viktor But həbs edilib, Vadim Krasikov isə Berlində Zelimxan Xanqoşvilini qətlə yetirdikdən sonra Almaniya məhkəməsi tərəfindən məhkum olunub. Son dövrlər isə Polşada Ukraynanın hüquqi tələbi ilə rusiyalı arxeoloq Aleksandr Butyaqin saxlanılıb. O, sonradan Rusiya, Belarus və Qərb dövlətlərinin iştirakı ilə reallaşan “5-in 5-ə” formatlı məhbus mübadiləsi çərçivəsində dəyişdirilib.
AzadlıqRadiosunun rus xidmətinin yazdığına görə, bir sıra şərhçilər yeni qanunun Rusiya hərbçilərinin xaricdə istifadəsi imkanlarını xeyli genişləndirdiyini bildirirlər. Onların fikrincə, bu, Rusiya ilə Qərb arasında silahlı qarşıdurma riskini artıra bilər. (AzadlıqRadiosu)
