DünyaGündəmHadisəSiyasət

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi Trampa məlumat verib ki, Ukrayna dronları Putinin iqamətgahına hücum etməyib.

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CİA) direktoru Con Retkliff prezident Trampa məlumat verib ki, Rusiya yalan danışır, Ukrayna dronları Putinin iqamətgahına hücum etməyib.

Bu raportu aldıqdan sonra Tramp mühafizəkar “New York Post” qəzetinin məhz Rusiyanın sülhə mane olduğu vurğulanan sərt məzmunlu redaksiya məqaləsini öz sosial media hesabında paylaşıb.

Yazıda bildirilir ki, Ukrayna tərəfi bir çox kompomisə gedib və ötən bazar günü Tramp‐Zelenski görüşündən sonra sülhlə bağlı ehtiyatlı nikbinlik var idi, hətta prezident Tramp müharibənin sonunun heç vaxt olmadığı qədər yaxın olduğunu söyləmişdi: “Lakin Rusiya diktatoru Putin bunun əvəzinə yalanı, nifrəti və ölümü seçdi”.

“New York Post” xatırladır ki, Rusiya Ukraynada sivil hədəflərə hücum edir, dinc insanları öldürür, uşaqları oğurlayır, əsirlərə işgəncə verir və onları qətlə yetirir. “Bundan əlavə, Moskva dəfələrlə Zelenskini öldürməyə cəhd edib, bu səbəbdən Putinə qarşı istənilən zərbə əslində haqlı olardı”, deyə yazıda vurğulanır. Qeyd olunur ki, Alyaskada olduğu kimi, Putinə yenə sülh təklif edildi, o isə ABŞ‐ın üzünə tüpürdü, buna cavab böyük güzəştlər yox, böyük dəyənək olmalıdır: “Kiyev öz üzərinə düşənləri etdi. Məsuliyyət indi Putinin üzərindədir. O, ya müvafiq addımlar atacaq, ya da daha sərt sanksiyalarla və Ukraynaya daha ölümcül silahların verilməsi ilə üzləşəcək…”

Bu hekayədə sual doğuran məqam ondan ibarətdir ki, Rusiya ABŞ‐ın həm texniki‐texnoloji, həm də insan mənşəli məlumat toplama imkanlarının çox geniş olduğunu bildiyi halda, niyə bu yalanı uydurdu?

Əvvəlki yazımda buna qismən cavab verməyə çalışmışam. Sülh prosesi Ukrayna və Avropa diplomatiyasının ciddi səyləri, ABŞ tərəfində isə dövlət katibi Rubio və Trampın kürəkəni Kuşnerin onların (Ukrayna və Avropanın) mövqeyinə diqqət və anlayışla yanaşması nəticəsində Putinin Ukrayna ilə bağlı hədəflərini, planlarını, düşüncəsini puça çıxaracaq bir mərhələyə gəlib çatıb. Söhbət ondan getmir ki, 20 maddəlik sülh planı Ukrayna üçün idealdır, əladır. Xeyr, belə deyil. Masadakı plan tərəflərin qarşılıqlı kompomislərinə əsaslanır. Rusiya isə məlum olduğu kimi, 2014‐cü ildən bəri kapitulyativ sülh tələb edir. (Müharibənin səbəbi Ukraynanın bu tələbləri rədd etməsidir).

Rusiyanı xüsusilə narahat edən odur ki, Ukrayna öz tarixində ilk dəfə olaraq kənardan (böyük güclərdən) real təhlükəsizlik təminatları alaraq milli dövlətçiliyini qorumaq və güclü dövlət kimi Avropa coğrafiyası və dünya atlasında öz yerini almaq fürsəti əldə edir. Rus imperializmi isə elə bi sülh istəyir ki, öz zopasını hər zaman Ukraynanın başı üzərində tutaraq ehtiyac duyacağı halda yenidən ona savaş açmaq imkanlarını saxlasın, Ukrayna yarımcan dövlət (failed state) kimi qalaraq hərbi və iqtisadi baxımdan heç vaxt güclənə bilməsin.

Bu səbəblərdən Mar‐a‐Laqo görüşündən də istədiyi nəticənin çıxmadığını görən Moskva panikaya düşərək tez‐tələsik “Putinin iqamətgahına hücum” nağılını uydurdu. (Ukrayna təhlükəsizlik strukturları binaya dron çırpmaqla Putini öldürməyin mümkün olmadığın biləcək qədər peşəkardır). Ehtimal etmək olar ki, kim(lər)sə Putini inandırıb ki, Tramp Zelenskinin və Avropa liderlərinin inadkarlığından bezib, gəl ona belə bir pas ataq və o da bu pası qəbul edib ya Ukraynanın təslimçi şərtləri qəbul etməsində israr etsin, ya da ümumiyyətlə, prosesdən çəkilsin. Alınmadı…

Trampın növbəti addımlarına gəldikdə, o, yəqin ki, Rusiyaya qarşı sərt tədbir görməkdən yayınaraq yenə ziqzaq cızmağa davam edəcək.

P. S. Yeni iliniz mübarək! Sosial‐iqtisadi baxımdan 2025‐ci ildən daha çətin il olacağı şübhəsizdir, özünüzə diqqət edin.

 

Şahin Cəfərli

Tacxeber.com

Bizimlə əlaqə: [email protected]

Oxşar xəbərlər

Sumqayıt şəhərində şəhid abidəsini sökənləri kim himayə edir? – VİDEO

admin

Naxçıvan “Xan”ının sevimli “vəzir”ləri: DTX-nın döyəcəyi xeyli qapı var…

admin

İslamın Avropada yeri yoxdur.

admin