Niyə danışıqların əsas təşəbbüskarı “dayanmadan irəliləyən” və “gez-tez qələbə qazanacaq” Rusiyadır? Axı məntiq etibarı ilə döyüşlərin dayanmasını məğlub olan tərəf istəməlidir, qalib gələn tərəf yox. Nə baş verir?
Rusiya-Ukrayna müharibəsi ətrafında gedən proseslərin mahiyyətini bir yazıda izah etməyə çalışaq
Prosesin mahiyyəti, onun incəlikləri və detallarındadır
Ukrayna üçün 28 bənddən ibarət Uitkoff-Dmitriyev planının ortaya çıxmasını yadımıza salaq. İlk növbədə qeyd etməliyik ki, bu “sülh planının” ortaya çıxması gözlənilməz idi: sülh təşəbbüsün hazırlanması siyasi-diplomatik prosesdir və bu prosesi diplomatik prosedurlar müşahidə edir, “28 bəndlik planın” ortaya çıxmasından qabaq hər hansı diplomatik proses mövcud deyil idi.
Bu planın dövriyyəyə buraxılmasının əsas və yeganə təşəbbüskarı Rusiya idi. Plan barədə mətbuata məlumat 19 noyabr(!) tarixində sızdırılıb(araşdırmalar göstərir ki, ruslar məlumatı sızdırıb). Tarixə diqqət edin, 19 noyabr(bu tarixə qayıdacağıq).
Və ümumiyyətlə fikir vermisinizsə, Ukrayna danışıqlara o qədər də meyilli deyil, baxmayaraq ki, müharibədə Ukrayna da ağır itkilərə məruz qalıb, ruslar isə hərtrəfli, o cümlədən amerikadaki dostları vasitəsilə, fərqli “sülh planlarını” Ukraynaya qəbul etdirmək istəyir. Heçmi bu sual sizi maraqlandırmayıb, niyə “irəliləyən”, “gec-tez qalib gələcək” Rusiya, Ukraynaya “sülh planı” qəbul etdirmək üçün dəridən-qabığdan çıxır? Əslində maraqlı sualdır.
Qayıdaq tarixlərə
22 oktyabr 2025-ci ildə Tramp “Rosneft” və “Lukoil”a qarşı dağıdıcı sanksiyalar tətbiq etdi, amma sanksiyalar qanuni qüvvəyə imza atılan günü yox, 21 noyabr tarixində minirdi. Sanksiyalar cəmi 5 gündür ki, qüvvəyə minib, indi isə baxın Rusiyanın neft məhsullarının ixracı hansı duruma düşüb:
S&P Global xəbər verir ki, Rusyanın Asiyaya neftkimya xammalının ixracı 57-80% enib!
– Hindistana ixrac 57% enib;
– Çinə ixrac 73.3% enib;
– Tayvana 79.6% enib.
Bundan əlavə S&P Global xəbər verir ki, Hindistan və Tayvan ümumiyyətlə Rusiyadan neftkimya xammalının idxalını 0%-ə endirməyə hazırlaşırlar.
Desək ki, Rusiya iqtisadi sektorunda panika yaşanır, yanılmarıq. Milli Rifah Fondunun rəhbəri Daniil Yeqorov Putinə məruzəsində bildirib ki, yanvar-oktyabrda Rusiyanın neft-qaz gəlirləri 21% enib. Diqqət edin, və söhbət hələ noyabrdan getmir. Noyabrda fundamental çöküş müşahidə olunur.
Keçək digər məsələyə
Rusiya üçün Donestk vilayətinin tam işğalı həyati vacib siyasi-ideoloji məsələdir və bu səbəbsiz deyil. 24 fevral 2022-ci ildən bəri Rusiya hərbi-siyasi rəhbərliyinin xalqa elan etdiyi HEÇ BİR strateji hədəfə nail olunmayıb: “denasifikasiya”, demilitarizasiya, hakimiyyətin dəyişməsi, Kiyevin işğalı və s. Kütləyə müharibədə “qələbə” kimi sırımağa, Donetsk vilayətindən başqa heç nə qalmayıb, amma onu da işğal edə bilmirlər.
Baxaq rəqəmlərə
Son bir il ərzində Rusiya Donetsk vilayətinin 2.9 min km² ərazisini işğal edib.
Ukraynanın nəzarəti altında hələ də 6 min km² Donetsk ərazisi qalır, o cümlədən 4 böyük şəhər: Kostyantinivka, Drujkivka, Kramatorsk və Slovyansk. Bu ərazilər uğrunda döyüşlər daha 1-3 il davam edə bilər.
İndi isə özümüzə 2 bir birilə əlaqəli sual verək:
1) Rusiya iqtisadiyyatının üstünə qalxan sunami fonunda onlar 1, 2 ya da 3 il dözə biləcəklərmi?
2) İndi görürsünüzmü niyə məhz 19 noyabrda, sanksiyaların qüvvəyə minməsinə 2 gün qalmış ruslar tez-tələsik təşviş içində “sülh planı” ortaya çıxardırlar və əsas bənd olaraq “USQ-nin Donetsk vilayətindən çıxması”nı qeyd edirlər?
