
“Meydanda böyük savaş getdi. Hər iki komanda istəkli idi. İlk yarıda fərqi artıra bilərdik. İkinci hissədə rəqib təzyiqi artırdı, növbəti dəqiqələrdə isə oyunu bərabərləşdirdi. Hər iki komanda qələbə qazana bilərdi. Bərabərlik də ədalətli nəticə olardı. Futbolçularımı təbrik edirəm. Səfərdə xarakter göstərdilər. Çox vacib olan 3 xal qazandıq”.
Bu sözləri “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov Premyer Liqanın 33-cü turunun “Turan Tovuz”la (1:2) görüşündən sonra keçirilmiş mətbuat konfransında deyib.
O, jurnalistlərin suallarını cavablandırıb.
– Əvəzetmələriniz özünü doğrultdu. Bu, əvvəlcədən planlaşdırılmış dəyişiklik idi?
– Mənim yerimdə kim olsaydı, Sezar Meza Kollini meydana buraxardı. Heyətdə sağlam rəqabət var. Lazım olan dəqiqədə dəyişiklik etdik. Meydana sonradan daxil olanların hamısı yaxşı performans göstərdi. Tovuzda oynamaq çətindir. Xüsusilə də, texnikalı futbol oynamaq çətindir.
– Qarşıda cəmi üç tur qalıb. Keyfiyyət, yoxsa psixologiya önəmli olacaq?
– Hamısı önəmli olacaq. Artıq taktikadan çox da asılı olmnayan dönəmə giririk. Ümid edirəm ki, bu mərhələdən uğurlu keçərik.
– Rüstəm Əhmədzadənin durumu necədir?
– Rüstəmin yoxluğu bizim üçün böyük itkidir. İki gün əvvəl məşqdə zədəsi pisləşdi. Dəqiq durumunu hələ bilmirik.
