
Yuxu fiziki və zehni sağlamlığımız üçün həyati əhəmiyyət daşıyır. Lakin mütəxəssislər bildirirlər ki, vacib olan yalnız yuxunun müddəti deyil, həm də onun keyfiyyətidir.
Tacxeber.com“euronews.com” telekanalına istinadla xəbər verir ki, mövzu ilə bağlı Stanford Universitetindən yuxu mütəxəssisi Rafael Pelayo araşdırma aparıb.
Mütəxəssis qeyd edib ki, əksər insanlar üçün 7-9 saat yuxu ideal hesab olunur:
“6 saatdan az və ya 9 saatdan çox yuxu sağlamlıq risklərini artıra bilər. Əgər uzun müddət yatdıqdan sonra yenə də yorğun hiss edirsinizsə, yuxu keyfiyyətiniz aşağı ola bilər. Yaşa görə yuxu tələbatına əsasən, körpələr 14-17 saat, gənc yetkinlər (16-25 yaş) 8-10 saat, böyüklər (26-64 yaş) 7-9 saat, yaşlılar (65 yaş və yuxarı) 7-8 saat yatmalıdırlar”.
R.Pelayo bildirib ki, insanlar hər 90 dəqiqədən bir yuxu mərhələlərindən keçirlər:
“Gecənin ilk hissəsində dərin yuxu baş verir – bədən bərpa olunur, böyümə hormonu ifraz edilir. Gecənin sonuna yaxın REM yuxusu artır – yaddaş möhkəmlənir və öyrənmə prosesi güclənir”.