

Azərbaycanda futbol mövsümü finiş xəttinə yaxınlaşmaqdadır. Mayın 26-da Premyer Liqaya yekun vurulur. İyunun 2-də isə Azərbaycan kubokunun final matçı keçiriləcək.
Ümumi mövsümün bitməsinə 2 ay qalsa da, klublar indidən transfer çalışmaları ilə məşğuldur. Hazırda onların arasında ən çox diqqət mərkəzində olan isə “Qarabağ”dır. Bu da səbəbsiz deyil. Ağdam təmsilçisi son 11 ilin 10-da Azərbaycan çempionu olub, Avropa kuboklarında uğurlu çıxış edib. Komandanın bu mövsüm Avropa Liqasında 1/8 finala qədər irəliləməsi, bu mərhələdə Almaniya nəhəngi “Bayer”lə inamlı oyunu ona nəinki Azərbaycanda, Avropada da marağı artırıb. O cümlədən “Qarabağ”ın bəzi futbolçuları xarici klubların “radarına düşüb”…





