DünyaTexnologiya

On iki aylıq möhlət

Noyabrın 22-də, bazar gecəsi Meta-nın süni intellekt üzrə baş direktoru Aleksandr Van X sosial şəbəkəsində uzun bir esse yayımladı. Essenin ilk cümləsi cəmi iki sözdən ibarət idi: “Superintellekt gəlir.” İknci cümlə hökm kimi səslənirdi: bəşriyyətin növbəti bir ildə necə davranacağı hansı dünyada yaşayacağımızı müəyyən edəcək. Silikon Vadisi illərdir bu barədə pıçıltı ilə danışırdı. İndi bunu ucadan deyən adam həmin superintellekti qurmaq üçün işə götürülmüş adamın özü idi.

Van 1997-ci ildə Los Alamosda, atom bombasının yarandığı şəhərdə doğulub. Valideynləri Çindən gəlmiş fiziklərdir və məhz o laboratoriyada çalışıblar. 19 yaşında universiteti yarımçıq qoyub Scale AI şirkətini qurdu. Şirkət maşınların öyrənməsi üçün lazım olan məlumatları hazırlayırdı: Van qızıl axtarmırdı, axtaranlara kürək satırdı. 24 yaşında dünyanın ən gənc öz-özünə milyarderi oldu. 2025-ci ildə Zukerberq onu Meta Superintellekt Laboratoriyalarının başına gətirdi. Bu tərcümeyi-halda Labatutun romanlarına layiq bir simmetriya var. Səksən il əvvəl Los Alamosda insanlar ilk dəfə öz yaratdıqları şeyin özlərindən güclü ola biləcəyindən qorxmuşdular. Həmin şəhərin oğlu isə Erik Şmidt və Den Hendriks ilə birgə yazdığı məqalədə superintellektə nüvə silahına baxdığımız kimi baxmağı təklif etmişdi.

Niyə məhz indi? Çünki iki gün əvvəl Levent Alpöge Claude ilə birgə Riman fərziyyəsinin sübutunu elan etmişdi. Van yazır ki, bu hadisə böyük dəyişikliyin başlanğıcını açıq-aydın göstərir. Bu dəyişiklik isə “anlamadığımız yad bir ağılın köməyi ilə” baş verib. Yad ağıl. Labatut “Dünyanı anlamaqdan qaldığımız zaman” kitabını məhz bu hiss üzərində qurmuşdu: insan öz yaratdığı biliyə yadlaşır. Amma bu dəfə söhbət bədii təxəyyüldən getmir. Bu sözləri yarışın ən ön cərgəsində dayanan laboratoriyalardan birinin rəhbəri deyir. Özü də xəbərdarlığını hələ heç bir insanın sona qədər oxumadığı bir sübuta söykəyir.

Vanın arqumenti sadədir, elə buna görə də qorxuludur. Ona görə, xam intellekt artıq maneə deyil. Süni intellekt az qala hər sahədə tərəqqinin əsas müəllifinə çevriləcək: biologiyada, iqtisadiyyatda, silah sənayesində. Ən təhlükəlisi isə süni intellektin öz tədqiqatıdır. Rekursiya riyaziyyatçıya tanış anlayışdır: funksiya özü-özünü çağırır. Burada isə ağıl özünü çağırır. Hər nəsil növbəti nəsli yaradır və hər addım əvvəlkindən qısa çəkir. Van insandan “min dəfə ağıllı” bir ağıldan danışır və etiraf edir: tam sərbəst rekursiv özünütəkmilləşdirmə üzərində bəşəriyyətin nəzarəti saxlaya biləcəyini təsəvvür etmək çətindir. 2026-cı ilin xronikası bunun eskizi idi. Yanvarda Erdöşün unudulmuş məsələləri həll olundu, sentyabrda Navye–Stoks problemi, noyabrda Riman fərziyyəsi. Əyri artıq şaquli xəttə doğru dikəlirdi.

Bəs növbəti on iki ayda nə olacaq? Van nə konkrt proqnoz verir, nə də konkret resept. O, yalnız bir şeydə təkid edir: sənaye “standart yoldan” fərqli addımlar atmalıdır. Superintellekti qaçılmaz saymağı “tənbəl düşüncə” adlandırır və cəmiyyəti hakimiyyəti maşına “təhvil verməkdən” imtina etməyə çağırır. Seçim sadədir və dəhşətlidir. Ya insan bu prosesin sükanını əlində saxlayacaq, ya da tarixin müəllifi olmaqdan çıxıb onun oxucusuna çevriləcək. Bu, artıq oxuya bilmədiyimiz bir kitabın oxucusu olacaq.

Etiraz gecikmədi. Esse bir neçə saat ərzində milyonlarla baxış topladı, ardınca qəzəb dalğası qalxdı. Obamanın keçmiş nitq yazarı Con Favro yazdı ki, bəşəriyyətin gələcəyini laboratoriya rəhbərləri yox, seçilmiş hökumətlər həll etməlidir. Tənqidçilər köhnə bir paradoksu da xatırlatdılar: superintellektin ən gur səsli peyğəmbərləri elə onu quranlardır. Xəbərdarlıq edən əl eyni zamanda sürət pedalını basır.

Səksən il əvvəl Los Alamosda bir neçə fizik bəşəriyyətin taleyini bir səhər, səhrada həll etmişdi. Onlardan heç kim soruşmamışdı. Bu dəfə bizə bir il verilib. Bəlkə də tarixin bizə göstərdiyi son lütf budur: seçim hələ bizimdir. Gələn noyabr gələndə bu sualın cavabını yəqin ki, artıq biz yox, o yazacaq.

 

İbrahim Nəbioğlu

www.Tacxeber.com

Bizimlə əlaqə: [email protected]

Oxşar xəbərlər

Rusiyada yanacaq bazarında gərginlik: aviakerosin ixracına qadağa uzadıldı

admin

Kadırovun oğluna başqa soyadla Serbiya pasportu verildiyi iddia olunur

admin

İrana qardaş məsləhəti: Qaşınmamışdan əvvəl tarixinizə göz gəzdirin!

redaktor