Gürcüstanın Batum şəhərində keçirilən “Beşiktaş”–“Hapoel Beer-Şeva” qarşılaşması tribunadakı hadisələr və polis müdaxiləsi səbəbindən təxminən yarım saat dayandırılıb.
Tacxeber.com xəbər verir ki, noyabrın 26-da UEFA Avropa Liqasının beşinci turu çərçivəsində oynanan matç təhlükəsizlik səbəbindən neytral meydanda təşkil olunub.
Türkiyə mediasının məlumatına görə, Fələstin bayrağı açan “Beşiktaş” azarkeşlərinə Gürcüstan polisi müdaxilə edib. Tribunada bibər qazından istifadə olunub.
Qarşılaşmanın 26-cı dəqiqəsində hakim oyunu saxlayıb. Hakimlər və futbolçular meydanı tərk ediblər. “Beşiktaş” oyunçuları azarkeşləri sakitləşdirməyə çalışıb. Təxminən 30 dəqiqəlik fasilədən sonra matç davam etdirilib.
“Beşiktaş” klubu təhlükəsizlik qüvvələrini qeyri-mütənasib güc tətbiq etməkdə ittiham edərək hadisəni pisləyib. Klub UEFA və Türkiyənin Batumdakı Baş Konsulluğu qarşısında məsələ qaldırıldığını, azarkeşlər təhlükəsiz şəkildə ölkəyə qayıdanadək prosesi izləyəcəyini açıqlayıb.
Türkiyə Xarici İşlər Nazirliyi isə nazirin gürcü həmkarı Maka Boçorişvili ilə telefon danışığı apardığını və diplomatik nümayəndələrin stadionda olduğunu bildirib.
