Cəmiyyət

Şirin yem pulu, adamın maaşı

Hələ 2018-ci ildə Bakı Zooparkının o vaxtkı direktoru Azər Hüseynov demişdi ki, şir ayda 400 manatlıq yem yeyir. Piton ilanının aylıq yemi isə təxminən 20 manata başa gəlir.

Heyvanlar aləmində də belədir: yırtıcılar sürünənlərdən daha yaxşı yaşayırlar. Azərbaycanda da mənzərə tanışdır. Yırtıcı adamlar kef edir, o birilərinin də günü sürünməklə keçir…

Şirin də, pitonun da bugünkü yem xərcinə dair yeni açıqlama tapa bilmədim. Minimum maaşın hesabı isə dəqiqdir. 2025-ci il yanvarın 1-də 400 manat idi, bu gün də 400 manatdır. Dövlət Statistika Komitəsinin öz hesabına görə, bu ilin ilk on ayında istehlak qiymətləri ötən ilin eyni dövrü ilə müqayisədə orta hesabla 5,6 faiz artıb. Yəni həmin 400 manatla indi daha az şey almaq olur.

Səkkiz il əvvəl zoopark direktoru 400 manatı bir şirin təkcə yeməyinə hesablamışdı. Bu gün Azərbaycanda minimum maaş alan adam həmin pula həm süfrə açmalı, həm yolpulunu verməli, həm də işıq-qaz pulunu ödəməlidir.

Şirin bugünkü menyusundan xəbərim yoxdur. Amma şir həmişə şirdir, mənim qərdeşim….

Hə, ayın axırında qəssabın qabağından köks ötürüb keçib gedən adamdan soruşsan, bir ildə nə dəyişib, o sənə qəpiyinə qədər deyər…

 

Elbəyi Həsənli

Tacxeber.com

Oxşar xəbərlər

Ölkənin ana təhsil ocağı da belə rüsvay oldu…

redaktor

“Kəpəz” – “Qarabağ” oyununa cəmi 500 bilet qalıb

admin

Faciələrin qarşısını necə ala bilərik?

redaktor