Noyabrın 8-də, Zəfər Gününün altıncı ildönümündə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan xanımı Əminə Ərdoğanla Qarabağa gəldi. Onları Füzuli Beynəlxalq Hava Limanında İlham Əliyev və Mehriban Əliyeva qarşıladılar. Ardınca Şuşada rəsmi mərasim keçirildi və prezidentlərin təkbətək görüşü başladı. İlk təəssürat müsbətdir.
Son həftələrin sərt sözlərindən sonra iki liderin Şuşada bir araya gəlməsi gərginliyi azaltmaq üçün açıq siyasi siqnaldır. Görüşün konkret nəticələri isə birgə açıqlamalardan sonra aydınlaşacaq…
Zəfər Gününün tarixində bugünkü münasibətlər üçün də ibrətamiz bir məqam var. 2020-ci il dekabrın 2-də Zəfər Günü əvvəlcə noyabrın 10-na təyin edilmişdi. Həmin tarix müharibədə atəşin dayandırıldığı gün idi. Ertəsi gün, dekabrın 3-də, ilk sərəncam ləğv olundu və Şuşanın azad edildiyi 8 noyabr Zəfər Günü elan edildi. Səbəb açıq bildirildi. Noyabrın 10-u Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün vəfatının ildönümü və Türkiyədə anım günüdür. Bakı elə bir tarix seçdi ki, Azərbaycanın bayramı Türkiyənin anım günü ilə üst-üstə düşməsin. Atatürkün xatirəsinə ehtiram elə belə konkret qərarlarda görünür.
Son həftələrdə isə bu həssaslıq hər iki tərəfdə çatışmadı. Azərbaycanda bəzi şərhçilər Türkiyəyə və Ərdoğana qarşı sərt ifadələr işlətdilər. Türkiyədə də Azərbaycanın məktəb forması və hicabla bağlı qərarına yönələn tənqidlər münasibətləri gərginləşdirdi. Hicab mübahisəsi gərginliyin görünən tərəfi idi. Məncə, daha dərin sual budur: Bakı ilə Ankara fikir ayrılığı yarananda bir-birinin qərarlarına necə yanaşır və mübahisəni hansı dildə aparır?
Mənim müşahidəmə görə, bu gərginliyin bir müsbət nəticəsi oldu. Həm Azərbaycanda, həm Türkiyədə münasibətlərin korlanmasından narahat olan xalq bunu açıq dedi. Ortaya iradə qoydu. Məncə, hər iki hakimiyyət gördü ki, qarşılıqlı ittihamları böyütməyin cəmiyyətdə dayağı zəifdir. Bu narahatlığın Şuşadakı görüşə nə qədər təsir etdiyini demək çətindir. Amma hər iki paytaxtın yenidən birbaşa danışığa üstünlük verməsi doğru qərardlr.
Arzumuz budur ki, Şuşa görüşü bu gərginliyə birdəfəlik son qoysun. Umu-küsü bizə heç yaraşmaz da…
