CəmiyyətMüsahibə

Cəmil Həsənli: “Ramiz Mehdiyevin məhkəməsi bitsə də, ölkədən çıxışıma qadağa qalır”

Milli Şuranın sədri, tarixçi Cəmil Həsənli bildirib ki, Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatsa da, onun ölkədən çıxışına qoyulan qadağa götürülməyib.

O, bu barədə noyabrın 5-də “Facebook” hesabında yazıb.

Həsənlinin sözlərinə görə, 2025-ci il noyabrın 30-da Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Ramiz Mehdiyevin cinayət işi çərçivəsində onun ölkədən çıxışına qadağa qoyub və şahid qismində ifadəsini alıb.

“Ramiz Mehdiyevin 31 günlük məhkəmə prosesi oldu və bizi şahid kimi ora dəvət etmədilər. Çünki bizim fikrimiz ondan ibarət olub ki, nə Ramiz Mehdiyevin, nə də bir başqasının rəhbərliyi və iştirakı ilə ölkədə dövlət çevrilişi deyilən bir şey olmayıb”.

Tarixçi bildirib ki, məhkəmədə ifadə verməsinə ehtiyac görülməsə də, ölkədən çıxışına məhdudiyyət qüvvədə saxlanılıb:

“Artıq məhkəmə başa çatıb. Bizim də məhkəmədə şahid kimi ifadə verməyimizi lazım bilməyiblər. Lakin stop stopluğunda qalır”.

Həsənli qeyd edib ki, 2027-ci il yanvarın 7-10-da ABŞ-nin Yeni Orlean şəhərində Amerika Tarix Cəmiyyətinin 140-cı illik toplantısı keçiriləcək. Cəmiyyətin üzvü kimi tədbirə dəvət alsa da, ölkədən çıxışına qadağa səbəbindən orada iştirak edə bilməyəcək.

“Bu, dövlətin resurslarından qeyri-qanuni istifadə edərək peşə fəaliyyətinə mane olmaq aktıdır”, – Həsənli bildirib.

DTX-dən qadağanın hansı əsasla qüvvədə saxlanıldığına dair münasibət almaq hələlik mümkün olmayıb.

Ramiz Mehdiyev 1995–2019-cu illərdə Prezident Administrasiyasının rəhbəri, 2019–2022-ci illərdə isə Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti olub.

2025-ci ilin oktyabrında barəsində cinayət işi başlanılan Mehdiyev dövlətə xəyanət, hakimiyyəti zorla ələ keçirməyə yönəlmiş hərəkətlər və digər cinayətlərdə ittiham olunub.

2026-cı il oktyabrın 22-də Bakı Ağır Cinayətlər Məhkəməsi ona 14 il azadlıqdan məhrumetmə cəzası verib. Lakin yaşı və səhhəti nəzərə alınaraq cəza şərti tətbiq edilib. (AbzasMedia)

 

www.Tacxeber.com

Bizimlə əlaqə: [email protected]

Oxşar xəbərlər

Hafiz Babalı həbsxanada dərmansız qalıb

admin

Zərərlə işləyən “Təmiz Şəhər”ə büdcədən daha 17,5 milyon manat ayrılması planlaşdırılır

admin

26 yaşın mövzusu: Hesabat

redaktor