“AbzasMedia işi” üzrə 9 il müddətinə azadlıqdan məhrum edilən araşdırmaçı jurnalist Hafiz Babalıya cəzaçəkmə müəssisəsində lazımi dərmanların verilmədiyi deyilir.
Yaxınlarının sözlərinə görə, o, artıq bir ay yarımdır ki, zəruri dərmanlarını ala bilmir. Ədliyyə Nazirliyinin Baş Tibb İdarəsinin 2 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan 55 yaşlı jurnalistin dərman təminatını dayandırdığı iddia olunur.
Yaxınları əlavə ediblər ki, damar xəstəliyindən əziyyət çəkən jurnalistin həm də üçüncü qrup görmə əlilliyi var. Onun hətta həkimin təyin etdiyi göz təzyiqini aşağı salan xüsusi dərmanı da əldə edə bilmədiyi söylənir.
Müəssisənin tibb-sanitar hissəsi isə dərmanların verilməməsini satınalma müsabiqəsinin hələ keçirilməməsi ilə izah edib.
Bundan əvvəl də həbsdə olan bir çox jurnalist və ictimai fəalın lazımi müayinə və müalicədən məhrum qalmaları ilə bağlı çoxsaylı şikayətlər yayılıb. Amma rəsmi qurumlar bu qəbildən olan müraciətlərin araşdırılması barədə hər hansı açıqlama verməyiblər. (AzadlıqRadiosu)
