Nə qədər ki Nadir Yalçın sağdır, ya Aqil Abbasın, ya da Rəşad Məcidin kürəyi yerə dəyməz. Ədəbi mühitdə bir neçə adam var ki, onlar haqqında nəsə yazsan, “teleaxranitellər”, elə məhz “teleaxranitellər” dərhal antiterror əməliyyatı keçirməyə hazırdır. İlqar Fəhmi də bu siyahıya aiddir. Onun da mühafizə xidməti mövcuddur. Uzaq düşməyək, gələk Nadir Yalçının uğurlu biznesinə. Getdikcə şəbəkə halına saldığı bu biznes ona nə verir, bilmirəm. Amma biznes davamlıdırsa, demək, gəliri də yaxşıdır.
Nadir Yalçın illər keçsə də, lap 50 yaşı olsa da, həmişə ona gənc deyəcəklər, hər nə qədər “q, x” samitlərini tələffüz edə bilməsə də, aparıcı kimi auditoriyanın qarşısına çıxaracaqlar, çünki biznesi onu daim “uca” tutacaq. Rəşad Məcid sosial şəbəkələrdə onun əleyhinə nəsə yazılar deyə narahat deyil, Nadir Yalçın nə günə durub, e. İşinin-gücünün adı da elə bu deyilmi?!
Bu rahatlığı Rəşad Məcidə yaratdıqdan sonra artıq Rəşad Məcid TikTok səhifəsi də açıb. Ürəyi çox rahatdır. Arzusunda olanların hamısına qismət Nadir Yalçınlar. Kimə tərif, mədhiyyə, 60-ında ağzına gələnləri yazıb çıxardığı kitabına ön söz lazımdırsa, Nadir Yalçının biznesinə bu kimi məsələlər də daxildir və 7/24 fəaliyyət göstərir. Vəzifən, “kreslon” varsa, müraciət etməsən də olar, özü sizi tapıb yazacaq.
Nadir Yalçının dünən Aqil Abbasın məlum ev məsələsi ilə bağlı statusu qarşıma çıxdı. Hirs vurdu başıma. Axı sənə nə məcburdur? Özü də işini bilir, yazıb ki, Aqil Abbasın mənim bu statusuma ehtiyacı yoxdu. Valla yoxdu, billah yoxdu. Onu da qınamıram e yerində qala bilmir, gərək ki, “ziyalı” mövqeyini kəskin şəkildə bildirsin. Artıq ürək bulandırıcıdır. Adam elə bil hava hücumundan müdafiə sistemidir, kimi müdafiə etmək lazımdı, yaxşı bilir və dərhal orda bitir. XII Beynəlxalq Kitab Sərgisində yaxınlaşıb şəkil də çəkdirib. Elə bil ürəyinə damıb ki, Aqil Abbas barədə bu yaxında status paylaşacaq. Ya da danmayıb, ona lazım olan adamların hamısı ilə şəkil çəkdirib. 100%-də qaleriyada “Sevimlilər” hissində saxlayır ki, əlinin altında olsun. Nəsə olsun da, dərhal “yanındayam” statusu paylaşır. Artıq Aqil Abbas da rahat nəfəs ala bilər, ola bilsin, ev məsələsi də həll yolunu tapdı. Məncə, bu həyatda Nadir Yalçın kimin yanındadırsa, o 1:0 öndədir.
Nadir Yalçın sərhəd tanımır, siqaret kimidir onun istəkləri, elə ki, bədən tələb etdi, başlayır, nə başlayır…
“Azərbaycan ədəbiyyat tarixinin ərəbcə yazan, adı və istəkli misraları qızıl lövhələrə həkk edilən qədim söz ustalarından tutmuş qədim, orta və yeni dövrün ədiblərinə, bu yandan üzü Sovet ədəbiyyatı və müstəqillik dövrünə qədər şəkildən şəkilə düşən söz, fikir ifadəsi və məzmun məsələləri ilə bərabər, müxtəlif istiqamətlərdə formalaşan ziyalı, ədib obrazı, duruşu, xarakter və kimliyi var. Bəzən cəmiyyətlə müəllif arasında uzun körpülər yaradan səbəblərdən biri də bu günün formalaşdırdığı ədib obrazını inkar, ötən dövrlərin ziyalı libas və təfəkkürünü axtarmaq cəhdidir.”
Bu yazı Qismət Rüstəmov haqqında olan yazısındandır və özü də, təxmin edin, neçə nəfər oxuyub: 2772. Rəqəmlər də biznesini xatırladır. Nəsə sanballı yazı yazmaq istəyib, olduqca pafosulu, ət tökən cümlələri düzüb ard-arda.
Başqa yazısına baxaq:
“Bəzən müğənni ritmdən çıxır, nağara çalan da istəməzcəsinə karıxır, çalışır, ikinci sətirdə hansısa ritmi ya bir artıq, ya bir əskik ölçüdə vursun ki, hər şey düzəlsin, pazllar yerinə otursun. Şəhriyar şeirləri belə ritmdə yazır, bir misradan əskildib digər misrada elə tamamlayır ki, bütöv ritm, ahəng, avaz qulağa gəlir.
Bir misrası 11, digər misrası 12 olan 23 hecalıq bənd elə bütövləşib ki, mən mütləq inana bilirəm ki, 23 ikiyə bölünə bilən rəqəmdir!”
Bu yazıda da Şəhriyar del Geraninin şpaklyovka işləri ilə məşğuldur. Vallah ayıbdır, belə şeylərə ehtiyac yoxdur. Özüdə bilir ki, oxuyanlar bir az gülür, bir az utanır bir az tər tökür. Bu yazıları oxuyandan sonra istəyirsən ki, “Yutube” dən ocaq, yağış səsi qoyub yatasan, beynin təmizləsin.
Bu tipli yazı yazdırmaq istəsəniz, ünvan artıq bəllidir, ödəniş barədə özünün şəxsi hesablarına yaza bilərsiniz. Dediyim kimi, vəzifəniz varsa, ödənişsiz də yazıla bilər. Təsadüf deyil ki, bu yazı da 4072 dəfə oxunub.
Bir başqa yazısına baxaq:
“Adam daşa, dəmirə, hətta suya belə rahat çevrilə bilir. Bu məcazilik öz təyinatına bir çox hallarda qovuşmağa qadirdir. Amma qalaya çevrilmək… elə bu faktın özü qalanı qorumaq qədər çətin və məşəqqətlidir. Bu yazını Kürün sahilində, mənim üçün Vətənin başladığı və bitdiyi məqamda, havasını, odunu, torpağını zəhməti ilə yoğuran insanların məskənində – kəndimizdə yazıram. Deyiləcək sözləri, yazılacaq nəsnələri beyin süzgəcimdən keçirdikcə düşündüm ki, elə adamlar var, onlar barədə yazmaq üçün, gərək, əvvəlcə, Vətəni xatırlayasan, olanları, ötənləri, xeyirxahlığı, insanpərvərliyi, yaxşı adamları, xoş günləri yada salasan. Qalaya çevrilən adamlardan biri olan Rəşad Məcid haqqında bu kitabı tərtib edərkən elə bu məramda olmuşam; yaxşı məqamları xatırlamağın vacibliyi…”
Bu yazı Nadir Yalçının Rəşad Məcidin 60 illiyinə həsr olunmuş kitab üçün yazdığı ön sözdən bir parçadır. Bu yazını hələ əsgərlikdəykən növbədə oxumuşdum, ona kimi gəlimli, cüssəli bədənim bu yazıdan sonra geriləməyə başladı, artıq tərxis aylarında olan əsgər üçün onsuz da can sıxıntısı üstəgəl də Nadir Yalçının ət tökən biznesi heç də yaxşı olmamışdı. Nadir Yalçının onlarla bu tipli yazısını tapmaq olar. Kimin isə ünvanına yaxşı söz demək olmaz demirəm, amma belə demək olmaz. Nadir Yalçının hər şeyi bir qırağa, tərifi də bacarmır. İstəyir göylərə qaldırsın, amma adam əlindən sürüşür, yerə çırpılır. Bu ön sözdə Rəşad Məcid Nadir Yalçının əlindən necə sürüşüb yerə çırpılıbsa…
