… Hə, yaxşı, jurnalistlərin döyülməsini mən də qınayıram. Gəlin, real vəziyyətə baxaq. Bu ölkədə jurnalistlərdən çox döyülən, söyülən var? Baxıram, bəziləri bu məsələyə elə heyrətlə reaksiya verir ki, adamın ağlına və ağzına söyüşdən başqa heç nə gəlmir. Siz deyildiniz jurnalistləri bilərəkdən döydürüb, onların qanından, videosundan reytinq yığan?
Şagirdləri qınayırlar. Qınanmalıdır. Ancaq cəmiyyətdə jurnalistikanı ən sonuncu peşə kimi təqdim edən mənəm? Cəmiyyətə verilən bütün mesajlar – jurnalist döyüləndir, söyüləndir, jurnalist troldur, yaltaqdır, jurnalist reketdir, jurnalist dilənçidir – pul, medal, ad, yeməkli təbirlər üstündə dava.
Aprel döyüşləri bitmişdi. Bir çayxanada oturub, yazıları yazıb, fotoları redaksiyaya göndərirdim. Elə oldu ki, çox adam gəlib-getdi oturduğum masaya. Ya 7, ya da 8 çaynik çay gəlmişdi. Ayağa duranda çayçıdan nə qədər verəcəyimi soruşdum. Dedi, verilib. Dedim, mənim masama gəlib-gedənlərin heç biri verməyib, mənim çayımın pulunu kim verib, cavab ver. Adam gördü vəziyyət qəlizdir, dedi: “Qonşudakı aptekin sahibi”. Dedim, onu çağır. Gələn kimi dedim: “Qardaş, mənim çayımın pulunu niyə vermisən?” Adam bir az dondu, gördü üstünə çəmkirirəm, dedi: “Gördüm jurnalistsən. Rayona gələn jurnalistlər hamısı gəlib onsuz da bütün obyektlərə girir, pul istəyir, mən də hər dəfə 10-15 manat verirəm. Dedim elə çayın pulunu verim…
Cəmiyyətə nə əkmisinizsə, o da çıxıb.
