Ukraynada “Starlink”in yavaşladılması barədə bu gün jurnalistlərin sualını cavablandıran ABŞ prezidenti Tramp belə bir əmr vermədiyini bildirib:
“Bu, mən deyiləm. İlon Maskın belə bir göstəriş verdiyini də düşünmürəm. Ümumiyyətlə, belə bir məsələ olubmu, onu da bilmirəm. Səhər yoxladım, dedilər hər şey qaydasındadır…”
O, Zelenski ilə münasibətlərinin yaxşı olduğunu da söyləyib.
Trampın təkzibi və yumşaq tonunun səbəbi ictimai rəyin təzyiqi, xüsusən Konqresdə hər iki partiyanın Ukrayna ilə bağlı vahid mövqedən çıxış etməsidir. ABŞ daxilində Ukrayna mövzusuna bu səviyyədə diqqətin ancaq müharibənin ilk həftələrində müşahidə edildiyini söyləmək yanlış olmaz. Ölkənin seçki kampaniyasının sonuna yaxınlaşması da öz rolunu oynayır, demokratlar həm Putinlə dizel anlaşması, həm də “Starlink” məsələsindən Trampa qarşı istifadə etməyə çalışırlar. Amerika xalqının azı 70%-i Ukraynaya dəstək verilməsinin tərəfdarıdır.
Bir qrup respublikaçı və demokrat senator “Starlink”in Ukraynada məhdudlaşdırılmasına sərt reaksiya verərək araşdırma aparılması üçün Pentaqonun müfəttişi qarşısında məsələ qaldırıblar. Onlar bu qərarın həm dinc ukraynalıların, həm də Kiyevdəki amerikalı diplomatların həyatını təhlükəyə atdığını bildiriblər. Ehtimal edilir ki, bu məsələ Konqresə seçkilərdən sonra impiçment proseduru başladılarkən Trampa qarşı irəli sürüləcək rəsmi ittihamlardan biri ola bilər. Görünür, bu səbəbdən o, məsuliyyəti öz üzərindən atıb. İlon Mask və hərbi nazir Heqset də belə bir göstəriş vermədiklərini açıqlayıblar. Hətta Mask “bu barədə qərar vermək səlahiyyəti ölkə rəhbərliyinə aiddir” deməklə dolayısı ilə məsuliyyəti Trampın boynuna qoyub.
Lakin Britaniyanın “The Telegraph” qəzeti 4 mənbəyə istinadən məlumat yayıb ki, Ukraynada “Starlink”in sürətinin zəiflədilməsi təşəbbüsü ilə İlon Mask çıxış edib və onun təklifi Tramp tərəfindən qəbul olunub.
Bu arada, oktyabrın 4-də Rusiyanın Maykop şəhərindəki (Adıgey Respublikası) Xanskaya aerodromuna Ukrayna dronlarının hücumu nəticəsində Rusiya Hava Kosmik Qüvvələrinə məxsus Su-34 və Su-35 döyüş təyyarələrinin məhv edildiyi məlum olub. Britaniya kəşfiyyatı faktı təsdiqləyən peyk fotosu yayıb.

