1 oktyabr 1975-ci ildə Filippinin paytaxtı Manila yaxınlığındakı Araneta Kolizeyində Məhəmməd Əli ilə Co Frezer arasında üçüncü görüş baş tutur. Olduqca gərgin keçən qarşılaşmaya “Manilada triller” (“Thrilla in Manila”) adı verilir.
Boksçular bundan əvvəl iki dəfə qarşılaşmışdılar. İlk döyüşdə dünya çempionu Frezer qalib gəldi. Bu, Əlinin peşəkar karyerasındakı ilk məğlubiyyət idi. Bir qədər sonra Corc Formenə uduzan Frezer dünya çempionu titulunu itirdi.
İkinci Əli–Frezer döyüşündə isə Əli qalib gəldi. Bundan sonra Formenə nokautla qalib gələn Əli Vyetnam müharibəsində iştirakdan imtina etdiyinə görə əlindən alınmış dünya çempionu titulunu yenidən qazandı.
Üçüncü Əli–Frezer qarşılaşmasında Əli titulunu qorumağa, Frezer isə onu geri qaytarmağa çalışacaqdı.
Görüşə maraq həddindən artıq böyük idi. Müxtəlif mənbələrdə döyüşü televiziya vasitəsilə dünyada təxminən 1 milyard insanın izlədiyi bildirilir.
Qarşılaşma başlamazdan əvvəl rinqin ortasına qalibə veriləcək kubok qoyuldu. Əli kuboku götürüb öz küncünə apardı. Kubok yenidən rinqin ortasına qaytarılsa da, Əlinin bu hərəkəti tamaşaçılarda gülüş və rəğbət doğurdu.
İlk dörd raund Əlinin üstünlüyü ilə keçdi. Beşinci raunddan etibarən Frezer üstünlüyü ələ aldı və 11-ci raundadək Əliyə ciddi təzyiq göstərdi. 12-ci raunddan isə Əli yenidən təşəbbüsü ələ keçirdi. Xüsusilə 13-cü və 14-cü raundlarda onun zərbələri Frezerin vəziyyətini ağırlaşdırdı.
Boksçular inanılmaz dirəniş göstərirdilər. Fasilələrin birində Əli öz sekundantına: “Mən heç vaxt ölümə bu qədər yaxın olmamışam”, – deyir. Bir jurnalist isə yazırdı ki, Əli Corc Formeni nokaut etdiyi zərbədən otuzunu Frezerə vurdu. Lakin Co ayaqda qalmağı bacarırdı.
14-cü raunddan sonra Frezer sol gözü örtülür. Sekundantı üç barmağını onun sağ gözünə tutaraq “bu neçədir?” soruşur və Co “bir” deyir. Bundan sonra sekundant görüşü dayandırmaq qərarına gəlir, hərçənd Frezer razı deyildi. O, məşqçisindən döyüşü davam etdirməsini istəyirdi. Futç isə qərarını dəyişmədi və görüş 15-ci raund başlamadan başa çatdı. Əli texniki nokautla qalib elan edildi.
Maraqlıdır ki, Frezerin küncü görüşü dayandırmasaydı, Əlinin də 15-ci raunda çıxıb-çıxa bilməyəcəyi sual altında idi. Sonradan məlum oldu ki, 14-cü raunddan sonra Əli öz sekundantlarından əlcəklərini çıxarmağı istəyib. Məşqçisi Ancelu Dandi isə buna məhəl qoymayaraq onu növbəti raunda hazırlamağa davam edib. Əli illər sonra belə demişdi: “Frezer məndən əvvəl dayandı. Mən davam edə biləcəyimi düşünmürdüm”.
Acıdil Əli üç görüş ərzində Frezeri dəfələrlə ələ salmış və təhqir etmişdi. Co bunu illər boyu unutmadı. 1996-cı ildə Atlantada keçirilən Olimpiya Oyunlarının məşəlini yandırmaq hüququ Əliyə veriləndə jurnalistlər Frezerdən münasibətini soruşdular. O isə kinayə ilə: “Əlinin özünü yandırmaq lazımdır”, – cavabını verdi.
